"Azərbaycan artıq oyun qaydalarını özü diktə edən dövlətə çevrilib"
Ermənistan indi sözün əsl mənasında normal dövlət quruluşu deyil. Nikol Paşinyan ölkəsində hərbi-siyasi, sosial və psixoloji vəziyyətə tam nəzarət edə bilmir. Yeni yaranmış vəziyyətdə Ermənistanda hər kəs, kimdən və nə qədər pul və dəstək aldığından asılı olaraq, sırf şəxsi maraqlarını rəhbər tutaraq, istədiyi kimi hərəkət edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Təhlükəsizlik Şurasında çıxışı zaman iclas zalını tərk edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın demarşı məhz bu baxımdan nəzərə alınmalıdır.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi general Yücel Karauz söyləyib.
O qeyd edib ki, Ermənistanın addımları Azərbaycan tərəfindən həyata keçirilmiş və heç 24 saat çəkməyən antiterror tədbirləri, Azərbaycanın Qələbəsi, eləcə də özünün Müstəqillik günü ərəfəsində separatçıların (erməni tərəfi – red.) ağ bayraq qaldırması və Azərbaycanın bütün şərtlərini qəbul edərək Yevlaxda keçiriləcək görüşə razılaşmağa məcbur olmaları ilə barışa bilmədiyini göstərir. “Bütün bu amillər müəyyən dərəcədə bundan sonrakı hadisələri də əvvəlcədən müəyyənləşdirir: ağıl sülhün lehinə çıxış edərkən, bədən onunla ziddiyyət təşkil etdiyi zaman biz yenidən məntiqsiz, qeyri-ardıcıl, izah olunmayan hərəkətlərin şahidi olacağıq. Atəşkəs rejiminin pozulması halları, qeyri-müəyyənlik vəziyyətinin müddətini uzatmaq, vaxtın uzadılması üzrə taktikanı davam etmək cəhdləri istisna olunmur. Lakin heç bir şeyin mənası yoxdur: Azərbaycanın 24 saatlıq lokal antiterror tədbirləri, terrorçuların və onların texnikasının neytrallaşdırılması erməni tərəfini çıxılmaz vəziyyətə salıb”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycanın növbəti qələbəsi bu ölkənin Cənubi Qafqazda həm hərbi-siyasi, həm də sosial-iqtisadi planda liderliyi faktının danılmazlığını təsdiq edib və respublikanı regional güc mərkəzinə çevirib. “Bunun təzahürünü biz yaxın zamanda təkcə Cənubi Qafqaz regionunda deyil, həm də Mərkəzi Asiyada baş verən proseslərdə görəcəyik. Buna Türkiyə və bütün Türk dünyası ilə sıx əməkdaşlıq şəraitində nail olunacaq. Azərbaycan artıq çoxdandır ki, başqalarının qaydaları ilə oynamayan, oyun qaydalarını diktə edən, güc balansını dəyişən dövlətə çevrilib. Bunu respublikada qüdrətli ordunun, güclü dövlətçiliyin, güclü siyasi hakimiyyətin olması, ərazi bütövlüyünün bərpası, suverenliyin təmin edilməsi, xalqın dəstəyi təsdiqləyir. Eyni zamanda, biz görürük ki, Azərbaycan, Türkiyə və Rusiya regional hadisələrin gedişini müəyyən edən güclü dövlətlərdir. Onlara, reallığı qəbul edən Ermənistan, həmçinin vəziyyəti qəbul etdiyi, Azərbaycanın ərazi bütövlüyünə hörmət edəcəyi, konstruktiv əməkdaşlığa gedəcəyi və regional qarşılıqlı fəaliyyətə töhfə verəcəyi təqdirdə İran da qoşula bilər. Əks təqdirdə, İranın özünün daxili-siyasi problem və məsələlərinin həllinə daha da qərq olacağı qaçılmazdır”, - deyə Y.Karauz vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə