Dəmir yumruq küçəsi-qürur küçəsi TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdiklərini izləyərkən ürəyimiz qürur hissi ilə doldu. Həqiqətən də nə gözəl hissdir ki, torpaqlarını işğaldan azad edib, düşmən üzərində qələbə çalasan. Onun başına dəmir yumruq endirib deyəsən ki, bu torpaqlar sahibsiz deyil ki, sən yiyələnəsən. Çəkil, dur, həddində.

Elə 2020-ci ildə belə də oldu. 90-cı illərin havasında olan düşmən gözləmədiyi həmlə ilə qarşılaşdı. Bir zamanlar havadarlarının köməkliyi ilə işğal etdikləri torpaqlara əbədi sahiblənmək arzuları 44 gündə başlarında çatladı. Azərbaycan xalqı öz rəhbəri ətrafında birləşdi. Həm mənəvi cəhətdən, həm də gücü ilə. Hər iki birlik hissi dəmir yumruğa çevrilib düşmənin başına elə zərbə endirdi ki, Qarabağ sözünü bir də dilə gətirməməyə and içdilər...

Qürur küçəsində düşüncələr...

Dəmir Yumruq küçəsinin lövhəsinin açılışını televiziyadan izləyərkən xəyalən 2020-ci ilin o ayazlı-soyuqlu payız günlərinə qayıtdım. Sentyabrın 27-si idi. Ölkəmizin başçısı səhər saatlarında televiziya vasitəsilə xalqa müraciət edirdi. Gecədən ermənilər yenə də çızıqlarından çıxmış, yeni torpaqlar iddiası ilə hücumlara başlamışdılar. Bizimsə səbir kasamız dolmuş, artıq düşməni yerində oturmağın vaxtı çatdığına qərar vermişdik. Bu səbəbdən də dövlətimizin başçısı xalqa müraciət edirdi. Müharibənin başlandığını da bu müraciətdən anladıq.

Ürəklərimiz qəmdən çox, sevinc hissi ilə doldu. Çünki biz torpaqlarımızın işğaldan azad olunmasını ötən 30 ilin hər saatı, hər anında arzulamışdıq. Hər dəfə kimsə bizə “torpaqlarınızı nə vaxt alacaqsınız?” deyəndə utandığımızdan yerin yeddici qatına keçirdik. Bəli, bu, bir utanc hissi idi. Çünki insan övladı üçün torpağı onun namusu, qeyrətidir. O, düşmən əlində qala bilməz. Bunun üçün minlərlə can getsə də, minlərlə insan sağlamlığından keçsə də, ümumilikdə xalq məhv olsa da, lakin bu yolda ölmək qürurdan, xoşbəxtlikdən başqa bir şey deyil. Ya bütöv ərazi ilə yaşamaq, ya da yaşamamaq. Bu iki yoldan birini seçməlidir insan.

90-cı illərdə çox mücadilə etdik. Hansı ki, 1988-ci ildən ermənilər iddialara başlamışdı. Bir-birinin ardınca torpaqlarımızı zəbt edirdi. Əslində erməni kimdir ki, bizdən torpaq ala. Havadarları, arxalarında duranlar olmasaydı, heç ərazilərimizdən bir daş da götürə bilməzdilər. Lakin arxalı olmaları, bizim ozamankı səriştəsiz rəhbərlərin satqınlığı ilə Qarabağımız əlimizdən getmişdi. Mücadilələr aparmışdıq, minlərlə şəhid vermişdik, lakin heç nəyə nail ola bilməmişdik.

Aradan 30 il keçirdi...

2020-ci ilin o payız günlərinə kimi torpaqlarımızın yağı əlində olmasından düz 30 il keçirdi. Bu 30 ilin hər anında dövlətimizin başçısı torpaqlarımızın sülh yolu ilə qaytarılması üçün mübarizə apardı. Beynəlxalq təşkilatlara üz tutdu, onları danışıqlara dəvət etdi, lakin səsimizi eşidən olmadı. Belə olanda bir yol qalmışdı qarşıda-müharibə yolu. Bu yolla torpaqlarımızı geri ala bilərdik. Bu yol üçün də hazırlığımız vardı. Çünki dövlətimizin başçısı hər zaman deyirdi ki, ərazilərimizin sülh yolu ilə alınması mümkün olmasa, biz hərb yolunu seçəcəyik.

Bəli, biz 30 il əvvəlki Azərbaycan deyildik. 30 il əvvəl tənəzzülə uğramış iqtisadiyyatımız dirçəldilmişdi, ölkədə bütün sahələrdə inkişaf əldə olunmuşdu. Ordumuz da 30 il əvvəlki ordu deyildi, təkmilləşdirilmişdi, möhkəmləndirilmişdi.

Ölkəmizdə yaradılan mühit insanların sosial rifahı ilə nəticələnmişdi. Xalq 30 il əvvəl çörək növbələrində axşamlayıb, səhərləyən xalq deyildi. Talon əllərində neft növbələrində sıra gözləyən insanlar da deyildilər.

Zaman ötmüş, respublikamız inkişaf etmiş, müstəqilliynin bəhrəsini dadmışdı. Ölkəmizdə Ulu Öndərimiz Heydər Əliyevin ideyaları davam etdirilirdi. Dövlətimiz əmin əllərdə idi. Bu əllər Azərbaycanı inkişafa, tərəqqiyə doğru bir yola yolçu etmişdi. Ölkəmizdə vətənpərvər gənclər yetişirdi. Bir əmrə müntəzir idilər ki, torpaqlarımızı azad etmək üçün düşmənin üzərinə sıçrasınlar.

Və hər birimizin ürək döyüntüsü olan o gün gəlib yetişmişdi. 27 sentyabr arzularımıza aparan gün kimi tariximizə həkk olundu. Biz bütöv bir xalq olaraq Qarabağımızı işğaldan azad etməyə hazır idik. Çünki səriştəli, bacarıqlı bir sərkərdənin rəhbərliyi altında idik. Ali Baş Komandanımız torpaqlarımızın azadlığına gedən yolları ən kiçik ştrixlərinə kimi işləyib hazırlamışdı. Haradan başlayıb harada Zəfərə qovuşacağımızı O, müəyyən etmişdi.

Çox yaxşı bilirdik ki...

Bəli, çox yaxşı bilirdik ki, müharibə nədir. Onun acıları, ağrıları, qanı-qadası nədən ibarətdir. Çünki biz 1941-1945-ci illərdə xalqımızın cəlb olunduğu İkinci Dünya Müharibəsini demirəm, Birinci Vətən Müharibəsini görmüş insanlardıq. Bu səbəbdən də müharibə sözünü bütün mahiyyəti ilə anlayırdıq. Bilirdik ki, müharibə minlərlə itki deməkdir. Minlərlə sağlamlığını itirən insan deməkdir. Minlərlə evin, həyətin, obyektin dağılması deməkdir. Bilirdik ki, müharibə minlərlə ailənin övlad dağı idi, minlərlə uşağın atasızlığı idi. Minlərlə cavan gəlinin qara yaylığı deməkdir. Minlərlə nişanlı qızın gömülmüş arzuları idi.

Bütün bunları bilirdik və göz önünə almışdıq. Çünki bizim namusumuz, qeyrətimiz bütün hisslərimizdən, sevgilərimizdən daha üstün, daha əziz idi. Biz itirməyə, qurban verməyə hazır idik, şərəfimizi qaytarmaq üçün. Biz ölməyə hazır idik, Qarabağımızı diriltmək üçün. Biz məhv olmağa hazır idik, torpağımızın bir qarışının belə yağı düşmən əlində qalmaması naminə.

Beləliklə də “müharibə başlayır” sözlərini eşidəndə kədərlənməkdən çox sevindik. Çünki qanımızda coşan torpaq məhəbbəti bütün məhəbbətlərdən irəlidir bizim üçün. Çünki qanımızdakı qeyrət, şərəf, namus baladan, ata-anadan, ev-eşikdən, var-dövlətdən üstündür. Biz onlarsız yaşaya bilərik, lakin şərəfsiz yaşaya bilməzdik. Odur ki, sevindik. Bəlkə də dünyada ilk dəfə olan bir hadisədir ki, müharibə başlayanda insan sevinə. Bu, Azərbaycanda baş verdi. Qoy tarixə də yazılsın bu. Qürur duyarıq. Qürur duyarıq ki, biz namus, qeyrət, şərəfimizi qurtarmaq üçün ölümə gedəndə sevinə-sevinə, gülə-gülə getdik.

Dəmir yumruq ətrafında

20 ildir ki, bu xalq dövlətinin başçısı ətrafında sıx birləşib. Xalq-dövlət birliyi, həmrəyliyi yaranıb ölkəmizdə. Xalq ötən 20 ili 30 il əvvəlki illərlə müqayisə edəndə gördüyü fərq sayəsində həmrəy ola bilib. Gördüyü dövlət rəhbərləri arasındakı fərq bu keyfiyyətləri aşılayıb onlara. Xalq görüb ki, torpaqları satanlar, minlərlə şəhidimizə səbəb olanlar da var idi. O torpaqların azad olunması üçün illərlə iş aparan rəhbər də var. Bütün bayramlarda xalqa müraciətlərində bir gün torpaqlarımızın azad olunması üçün mübarizələrin davam etdiyini söyləyən, insanlarda buna inam hissi yaradan dövlət rəhbəri də var. Bu inam xalq-dövlət birliyi ilə nəticələndi. Çox təbii ki, bu birlik müharibə dövründə də dəmir yumruqda birləşəcəkdi. Birləşib böyük bir gücə çevriləcəkdi ki, düşməni torpaqlarımızdan bir dəfəlik qovub çıxara bilsin.

Birləşdik və gücümüzü düşmənə göstərdik. Bütün düşüncəsi ilə 30 il əvvəldə qalan düşmən başında dəmir yumruğun zərbəsini elə hiss etdi ki, məhz bu an nə qədər səhv etdiyini, səhv düşüncədə olduğunu anladı. Anladıqca da geri çəkildi. Dəmir yumruq düşmənə elə bir dərs verdi ki, tarixdə görmədiyi dərs oldu.

Bir-birinin ardınca azad edilən yurdlarımıza sancılan üçrəngli bayrağımız bu dəmir yumruğun nəyə qadir olduğunu bütün dünyaya sərgilədi. Ağdamın, Füzulinin, Zəngilanın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Şuşanın 30 illik nisgilinin dərsini verdi düşmənə dəmir yumruq. Bu yurdların minlərlə sakininin 30 ildə məcburi köçkünlük həyatının acısının əvəzini düşmənə ödədi dəmir yumruq. Bu ərazilərimizdə daşı daş üstündə qoymayan düşməndən dağıtdıqları, yerlə yeksan etdikləri minlərlə abidələrin, məktəb, xəstəxana, mədəniyyət obyektlərinin, tarixi abidələrin, məscidlərin bir-bir qisasını aldı dəmir yumruq. Həmçinin də həm birinci, həm də ikinci Vətən müharibələrində şəhid olan minlərlə oğul-qızımızın, sağlamlığını itirən minlərlə qazinin qisasını aldı dəmir yumruq. Ümumilikdə isə dəmir yumruq bütövlükdə Azərbaycan xalqının 30 ildə çəkdiyi ağrı-acının qısasını aldı.

Qürur küçəsinə xoş gəlmisiniz!

Şuşada Zəfərlə bitən İkinci Vətən Müharibəsi qürurumuzdur. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə elə Şuşada salınan küçə şəhərin mərkəzi hissələrini əhatə edir. Bu küçənin adı hər dəfə çəkiləndə qürurumuz da onunla birlikdə yenilənəcəkdir. Çünki bizim üçün Dəmir yumruq, qürur və Zəfər sözlərinin anlamı birdir.

Dəmir yumruq küçəsinin salınmasına elə bu səbəbdən sevindik. Bir anlığa müharibədə itirdiyimiz şəhidlərimizi xatırladıq. Ürəyimiz yenə şan-şan oldu. Sağlamlığını Qarabağda qoyub gələn qazilərimizi düşündük. Onların minlərlə ata-anasını, bacı-qardaşını, övladlarını, həyat yoldaşlarını gözlərimiz önündə canlandırdıq. Lakin yenə də əvvəldə dediyim kimi, biz ölümə bu gün də hazırıq, ta ki, ərazi bütövlüyümüzə xələl gəlməsin.

Qoy Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları şad olsun, qazilərimizə Allah sağ can nəsib etsin, valideynlərimizin səbrini versin.

Bu qürur küçəsini bizə dövlətimizin başçısı, onun sərkərdəsi olduğu Milli Ordumuzun əsgər və zabitləri, vətənpərvər övladlarımız bəxş edib. Bu küçə onların küçəsidir. Dəmir yumruq ətrafında birləşən bütün insanların küçəsidir. Qürur küçəsidir. Belə isə Dəmir Yumruq lövhəsi ora gələn bütün insanlara bu cür səslənəcək: Qürur küçəsinə xoş gəlmisiniz!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə