“Demokratiya sammiti” adı altında BAYDENİN QONAQLIĞI – TƏHLİL

Yenə də ABŞ ötən dəfə olduğu kimi, “demokratiya sammiti” adı ilə öz istədiyi siyasəti yürüdən ölkələri dəvət edərək, məhz istədiyi məclisi qurmaq niyyətini açıq-aşkar ortaya qoyub. Sammitə, daha dəqiq desək, məclisə dəvət olunanların siyahısına baxdıqda tam aydın olur ki, ölkələrin iştirak etməsi üçün heç də onların demokratik olması vacib şərt sayılmırmış. Vacib olan şərt həmin ölkələrin məhz Amerikanın istədiyi siyasəti yürütməsi, müstəqil siyasət yürütməkdən imtina etməsi imiş.

Bu ilin 30 mart tarixində keçirilməsi nəzərdə tutulan həmin o dırnaqarası “demokratiya sammiti”nə dəvət olunan ölkələrin siyahısı bir çox məqamlardan xəbər verir, çünki həmin ölkələrin bir çoxunda demokratiyadan danışmaq belə mümkün deyil. Əksinə, dəvət olunmayan ölkələrin dəvət olunan ölkələrdən fərqli olaraq, demokratik ölkə olması bir sıra suallar yaradır. Demokratiyadan əsər-əlamət olmayan, hətta daxilində vətəndaş müharibəsinin belə davam etdiyi ölkələrin dəvətlilər sırasında olması, demokratik ölkələrin isə dəvət olunmaması məsələnin mahiyyətini ortaya qoyur, özü də tam çılpaqlığı ilə.

Daxilində olduqca gərgin, mürəkkəb vəziyyət hökm sürən İraq Baydenin məclisinə demokratik ölkə kimi dəvət olunub. Parçalanma, dağılma təhlükəsi ilə daim üz-üzə olan ölkənin belə bir sammitə dəvətli olması çox gülünc görünür. Çünki Bayden nə qədər çalışsa da bu ölkədə baş verənlərə demokratiya donunu geyindirmək mümkün deyil. Həmçinin silahlı dəstələri ilə seçkilərə də, siyasətə də təsir edən Kenya, Qana, Nigeriya kimi Afrika ölkələrinin dəvətli olması çox absurddur. Axı bu ölkələrdə hansısa haqdan, hüquqdan söhbət belə gedə bilməz. Bu ölkələrdə söz azadlığına silah gücünə təsir, daha doğrusu, təzyiq varsa, hansı demokratiyadan söhbət gedə bilər? Bayden, yaxud ABŞ demokratiya dedikdə bunları nəzərə almırmı? Onu da nəzərə almırmı ki, dəvət etdikləri Konqo, Anqola kimi ölkələrə beynəlxalq təşkilatlar “azad olmayan” ölkə statusu veriblər? Əgər bir ölkə azad olmayan ölkə statusundadırsa, həmin ölkəni demokratik ölkə kimi sammirə dəvət etmək necə izah edilə bilər? Dırnaqarası “demokratiya sammiti” barədə suallar bitmək bilmir və hər bir sual, sualın da məntiqi cavabı həmin sammitin demokratik ölkələrin sammiti olmayacağını indidən bəlli edir. Çünki dəvət olunan ölkələrin əksəriyyəti nə seçki, nə media azadlığı, nə siyasi plüralizm baxımından demokratik standartların heç birinə cavab vermir.

Türkiyə kimi bir əsrdən çox demokratiya təcrübəsinə malik olan, demokratik bir ölkə, daxilində demokratiyadan əsər-əlamət olmayan bir çox Afrika ölkələri kimi həmin o dırnaqarası “demokratiya sammiti”nə dəvət olunmayıb. Halbuki, seçkilərə silahlı dəstələri ilə təzyiq edən ölkələrdən fərqli olaraq Türkiyədə keçirilən seçkilər bütövlükdə dünya üçün bir nümunə, bir örnək hesab olunur. Belə bir demokratik ölkə 2021-ci ildə də, bu il də dırnaqarası “demokratiya sammiti”nə dəvət olunmayıbsa, bu sammitin nə qədər demokratik olduğu, daha doğrusu, demokratik sammit olmadığı, Baydenin istədiklərini dəvət etdiyi bir məclis olduğu bəlli olur. Əgər ABŞ üçün İraq, Konqo, Anqola Türkiyədən daha demokratik hesab olunaraq məclisə “layiqli” bilinirsə, deməli, sammitin əslində demokratiya yox, siyasi məqsəd daşıyan məclis, yaxud da ki, Baydenin qonaqlığı olduğu bir daha ortaya çıxır. Əslində, ABŞ belə bir seçimlə deyilənləri etiraf belə etmiş sayılır.

Təkcə Türkiyə deyil, Macarıstan kimi bir Avropa ölkəsi də sammitə dəvətli deyil və bu məqam diqqəti daha çox cəlb edir. Həm diqqəti cəlb edir, həm də məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq üçün kifayət qədər maraqlı olduğu təkzib edilə bilməz. Bilirik ki, Macarıstan Avropa İttifaqının üzvüdür və belə bir ölkə niyə, nə səbəbə sammitə səvətli olmasın axı? Bir halda ki, Macarıstan Avropa İttifaqının bərabərhüquqlu üzvüdür, o zaman nə adla Bayden “demokratiya sammitinə” bu ölkəni dəvət etməyib? Axı sözügedən ittifaqın bərabərhüquqlu üzvü onun demokratiya, insan haqları kimi məsələlərlə bağlı bütün şərtlərinə əməl etməlidir və edir də, əks halda orada yer ala bilməz. Bunu da Bayden başa düşmürmü? Yaxşı başa düşür, anlayır, amma anlasa da belə həmin ölkəni dəvət etmir. Daha dəqiq desək, öz məclisində, yaxud qonaqlığında görmək istəmir, özü də Türkiyə ilə yanaşı, Macarıstan kimi iki NATO üzvü olan ölkəni görməyi arzulamır. Bir halda ki, demokratiya, insan haqları kimi məsələlər nəzərə alınmadan dəvətlər olunur, deməli, sözügedən sammitə həqiqətən də qonaqlıq adı vermək tam məntiqidir. Çünki Bayden ancaq öz “istədiklərini” dəvət edir, özü də ölkədə demokratiyanın olub-olmaması nəzərə alınmadan. Yaxşı, bəs Baydenin, yaxud ABŞ kimi bir ölkənin istədikləri hansı ölkələrdir və onlar nə ilə fərqlənməlidirlər ki, rəsmi Vaşinqtonun siyahısına düşmüş olsunlar?

Hər şey göz önündədir və görünən odur ki, ABŞ müstəqil siyasət yürüdən ölkələri dəvət etmək fikrində deyil, heç olmayıb da. Rəsmi Vaşinqton ABŞ-ın əmrinə tabe olmayan, göstərişlərinə əməl etməyən ölkəni demokratik ölkələr siyahısında görmür. Bayden də məhz bu “ənənəyə” sadiqlik nümayiş etdirir və istər seçkilərin, istərsə də siyasi proseslərin nə qədər demokratiya prinsiplərinə uyğun olmasına məhəl qoymadan öz məclisinə, və ya qonaqlığına öz əmrlərinə müntəzir olan, göstərişləri ilə hərəkət edən ölkələri, hətta “azad olmayan” ölkələri layiqli hesab edir. Görünür, silahlı qruplaşmaların hökm sürməsinə, qəbilə və klanların siyasətə təzyiq etməsinə baxmayaraq ABŞ prezidenti üçün ölkəsinin əmr və tapşırıqları ilə oturub-durmaq həmin ölkələrə vacib imiş ki, Baydenin siyahısında olsunlar. Bu yanaşma absurddur, gülüncdür və belə olan halda sammitin adını dəyişib “demokratiya sammiti” yox, Bayden qonaqlığı qoysunlar ki, barı bundan sonra demokratiyadan danışmağa yer qalsın.

Məsələ burasındadır ki, Baydenin dırnaqarası “demokratiya sammiti” barədə təkcə biz belə fikirdə deyilik və bu sammitin demokratiya ilə heç bir əlaqəsinin olmadığı qənaəti təkcə bizə məxsus deyil. Xatırladaq ki, 2021-ci ildə keçirilən sammit barədə dünyaca nüfuzlu “The Ekonomist” yazırdı ki, “Baydenin demokratiya sammiti gözlənildiyi qədər demokratik” deyil və “sammitə dəvət edilməyən ölkələr dəvət edilənlərdən daha demokratikdir”. Nəşrin belə bir qənaəti əlbəttə ki, məhz “azad olmayan” ölkələrin demokratik ölkə kimi dəvətli olması, həqiqətən də demokratik ölkə olmasına baxmayaraq bir çox ölkələrin dəvətli olmaması ilə əlaqədardır. Yəni, bu həqiqət bütün dünyada qəbul ediləndir və gəlinən qənaət yalnız bizim qənaətimiz deyil. Eyni zamanda qeyd etdiyimiz kimi, sammitə dəvət olunan ölkələrin məhz ABŞ-ın əmr və tapşırıqlarına əməl edən, həmin göstərişlərlə hərəkət edən ölkələr olduğunu da sözügedən nəşr qeyd edir. Nəşr qeyd edir ki, sammitə dəvət olunan ölkələr demokratik dəyərlərdən daha çox ABŞ-ın maraqlarına cavab verir. Deməli, artıq bu sammitin Bayden qonaqlığı olduğunu bütün dünya qəbul edir və bu barədə dünyanın nüfuzlu nəşrləri də açıq şəkildə fikirlər paylaşırlar.

ABŞ hər dəfə olduğu kimi, yenə də Azərbaycan kimi sülhsevər, demokratik dəyərlərə hörmətlə yanaşan bir ölkəni deyil, Ermənistan kimi terrorçuluq, separatçılq siyasəti yürüdən, soyqırımlara imza atan, etnik təmizləmə siyasəti yürüdən, tolerantlıqdan əsər-əlamər olmayan, demokratik dəyərləri ayaqlar altına atan, insanların hüquq və azadlıqlarına məhəl qoymayan bir ölkəni öz “qonaqlığına” dəvət edib. Heç şübhəsiz ki, istər media azadlığı, istərsə demokratik dəyərlərin inkişafı baxımından Azərbaycan nəinki işğalçı ölkə olan Ermənistan, ümumilikdə region ölkələri ilə müqaisəyə gəlməz dərəcədə üstündür, amma dırnaqarası “demokratiya sammiti”nə dəvətli deyil. Elə Baydenin məclisində demokratik ölkələrin olacağına inamsızlıq üçün bu məqam da yetərlidir və Ermənistanın sammitə dəvət edilməsi seçim zamanı əsas prinsipin demokratiya olmadığını hər dəfə biabırçı şəkildə ifşa etmiş olur. Məgər Bayden, yaxud rəsmi Vaşinqtin xəbərsizdirmi ki, erməni baş nazir Nikol Paşinyan hakimiyyətə gəlişindən sonra da siyasi rəqiblərini təqib edib? ABŞ prezidentinin bəlkə xəbəri yoxdur ki, Ermənistanın baş naziri opponentlərini asanlıqla həbsə atıb? Bəlkə müxalif siyasətçi, eləcə də jurnalist Mqer Yeqizaryanın həbsxanada öldüyü faktı barədə də Vaşinqton xəbərsizdir? Bir zamanlar küçə nümayişlərində demokratiyanı eyni ilə ABŞ siyasətçiləri kimi bayraq edən Nikolun hakimiyyətə gəlişindən sonra öz rəqibləri saydığı Koçaryan və Sarkisyanı cinayət işi ilə təqib etdiyi barədə də Bayden bilmirmi? Bilir, amma 2022-ci ilin aprel-iyul aylarında baş tutan etiraz aksiyaları qəddarlıqla dağıdılan, 2100-dən çox etirazçı saxlanılaraq həbs edilən, polisi həm etirazçılara, həm də aksiyaları işıqlandıran KİV nümayəndələrinə qarşı sərt davranış nümayiş etdirən, ümumiyyətlə, reallıqda demokratiyadan əsər-əlamət olmayan bir ölkəni “demokratiya sammiti” adı ilə təşkil olunan tədbirə dəvət edirsə, deməli, bu məclis elə Bayden qonaqlığıdır, başqa bir şey deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə