Qərbi azərbaycanlıların qayıdışı təmin olunur MÜSAHİBƏ

Azər Badamov: “Qərbi azərbaycanlıların tarixi torpaqları Qərbi Zəngəzurdan başlanır”

Milli Məclisin deputatı Azər Badamovun “Səs” qəzetinə müsahibəsi

- Azər müəllim, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlanıb. Sizcə, bu konsepsiyanın həyata keçirilməsi hansı müddətə mümkün ola bilər?

- Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya uzunmüddətli icra proqramıdır. Konsepsiyada qaçqınların və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtması üçün nail olunmalı hədəflər müəyyənləşmişdir. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı sülh yolu ilə təmin edilməsi nəzərdə tutulur. Bunun üçün icmanın qarşısında qərbi azərbaycanlıların pozulmuş hüquqlarının tanıdılması və bərpası istiqamətində beynəlxalq hüquq müstəvisində dəstək alınmalıdır. O cümlədən, BMT-də bu məsələ hüquq cəhətdən dəstəklənməli və qayıdış prosesi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iştirakı ilə həyata keçməlidir. Hesab edirəm ki, bu proseslərin təmin olunması üçün on illər lazım olacaqdır.

- Verilən məlumata görə, artıq Qərbi Azərbaycan İcmasından 100 mindən çox Qərbi azərbaycanlı qeydiyyatdan keçib, onların sayı 250 mindən çox ola biləcəkmi?

- Qərbi Azərbaycandan soydaşlarımız zaman-zaman deportasiya olunmuşdur. Əlbəttə ki, azərbaycanlılara qarşı edilmiş deportasiyalar beynəlxalq hüquqa zidd və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Amma bununla yanaşı, deportasiyaya məruz qalmış hər bir Qərbi azərbaycanlı yenidən öz vətəninə qayıtmaq arzusu ilə yaşayır. Qərbi Azərbaycanlıların İcması üçün inzibati binasının açılması və fəaliyyətinin təşkili öz doğma yurdlarına qayıtmaq arzusu olanların öz istəklərini bölüşməsinə şərait yaratmışdır. Belə ki, qısa zaman kəsiyində 100 mindən çox Qərbi azərbaycanlı qeydiyyatdan keçmişdir. Ancaq ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəlində Ermənistandan 300 mindən çox azərbaycanlı deportasiya olunmuşdur. Bununla yanaşı, əvvəlki deportasiyaları da nəzərə alsaq, əlavə olaraq 100 minlərlə soydaşımız öz doğma yurdlarından qovulmuş, Azərbaycana pənah gətirmişdir. Bu gün isə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar daha da artmışdır. Hesab edirəm ki, qayıdış prosesinə qədər öz doğma yurdlarına qayıtmaq istəyən 100 minlərlə azərbaycanlı icmada qeydiyyatdan keçəcəkdir.

- Qərbi Azərbaycan İcması molla rejiminin törətdiyi terror əməli ilə bağlı BMT-də bəyanat yayıb. Sizcə, dünya birliyinin həmin bəyanata reaksiyası necə olacaq?

- Hesab edirəm ki, bu, çox vacib addım idi. Təkcə Qərbi Azərbaycan İcması yox, QHT-lər, ictimai fəallar, siyasi partiyalar da belə bəyanatlarla beynəlxalq təşkilatlara müraciət etməlidirlər. Çünki İranda törədilmiş terror təşkilatlanmış planın icrasıdır. Bütün dünya səfirliyimizə olunmuş terrorla bağlı öz münasibətini bildirməlidir. Həm də çalışmalıyıq ki, silahlı basqınla bağlı araşdırmalar beynəlxalq ekspertlərin iştirakı ilə şəffaf aparılsın və təşkilatçılar müəyyənləşsin.

- Qərbi Azərbaycan İcmasının fəaliyyəti Ermənistanla yanaşı, bəzi xarici qüvvələri də narahat edib. Ermənistan başadüşüləndir, bəs digər dövlətlər niyə narahat olurlar?

- Çox düzgün qeyd edirsiniz. Qərbi Azərbaycan İcmasının məqsədi məcburi köçkünləri və qaçqınları öz doğma yurdlarına qaytarmağına hədəflənib. Qərbi Azərbaycanlıların tarixi torpaqları Qərbi Zəngəzurdan başlanır. Qərbi Zəngəzura qayıtmağımız İran və ermənilərə dəstək verən dairələrin istəklərini əsirgəmədi. Çünki Qərbi Zəngəzura yenidən məskunlaşmağımız Azərbaycanın Naxçıvanla birləşərək bütövləşməsinə yol açır. Digər bir məsələ azərbaycanlıların öz doğma torpaqlarına qayıtması beynəlxalq səviyyədə təzminatların tələb olunması üçün presedent yaradır. Ona görə də həmin dairələr Qərbi Azərbaycan İcmasının fəaliyyətə başlanmasından narahat olmağa başlayıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə