Multikulturalizm həyat tərzimizdir - TƏHLİL

Dünyanın aparıcı güc mərkəzləri, bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün bir vasitə kimi istifadə edirlər. Belə bir zamanda Azərbaycan əsası Ulu Öndər tərəfindən qoyulan nümunəvi dövlət-din münasibətləri və müasir multikulturalizm siyasəti həyata keçirir. Bu siyasət bəşəri dəyərlər sisteminə, xüsusilə beynəlxalq təhlükəsizliyə qarşı yaranmış təhdidlərin qarşısının alınmasında çox önəmli strategiyaya çevrilib. Dünyada radikalizmin, ekstremizmin fəsadlarına yönəlik mübarizədə Azərbaycan strategiyasının alternativi yoxdur. Dini dözümlülük, tolerantlıq, multikulturalizm artıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri, xalqımızın həyat tərzidir. Bu istiqamətdə görülən işlər milli-mənəvi və tolerantlıq dəyərlərinin təbliği və təşviqində, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.
Əsas Qanunumuzda irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi nəzərdə tutulmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının göstərilən əsaslara mənsubiyyətinə görə məhdudlaşdırılması qadağan edilib. Ölkəmizdə yaşayan qeyri-xalqların nümayəndələri ilə xalqımız əmin-aman şəraitdə yaşayır, birlik, həmrəylik nümayiş etdirirlər. Çətin, ağır, eləcə də xoş günlərdə bir-birinin yanındadırlar. Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən, Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pislədilər. Bununla bağlı Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yaydılar. Belə ki, Talış Mədəniyyət Mərkəzi, Azərbaycanda Rus İcması, Azərbaycan-Avar İcması İctimai Birliyi, Bakı Dağ Yəhudiləri Dini İcması, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması, Avropa Yəhudilərinin Bakı Dini İcması və digər icma rəhbərləri təmsil etdikləri Azərbaycan xalqları adından Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pislədilər. Həmin təcavüz aktları nəticəsində Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitlər və bir dinc sakini həlak olmuşdur. Milli ordumuzun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə nümayəndələri - əsgər və zabitləri var. Vətən Müharibəsi dövründə müxtəlif xalqların övladları da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışına səs verərək, könüllü olaraq orduda xidmət etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı mənfur düşməndən təmizləmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdilər. Azərbaycanda elə bir xalq yoxdur ki, bu müqəddəs amal uğrunda mübarizədə şəhid verməsin. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların hər birinin ruhu qarşısında ehtiramla baş əyirik.
Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə, süni qarşıdurma yaratmağa çalışmış, lakin öz mənfur niyyətinə nail ola bilməmişdir. Əksinə, onların çirkin təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər bizim sıralarımızı daha da genişləndirir. Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Ölkəmizdə indiyədək etnik və dini zəmində qarşıdumaların baş verməməsi Azərbaycanın yürütdüyü milli siyasətin parlaq təzahürüdür.
Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. "Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik", - deyən dövlət başçısı bildirib ki, dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir:"Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir. Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə