Avropa ilə ABŞ arasında “TİCARƏT MÜHARİBƏSİ” – TƏHLİL

Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ölkələri özlərini göstərməkdə, kifayət qədər əzələ nümayiş etdirməkdədirlər. Bu proseslərin fonunda Avropa ilə ABŞ arasında “ticarət müharibəsi” də diqqətdən yayınmır. Dünya gücləri arasında baş verən “toqquşmalar” Azərbaycan üçün hansısa təsirlərə səbəb olub-olmayacağı çox maraqlıdır və bizi daha çox maraqlandıran öz qanuni tələblərimizi daha fəal müdafiə etmək imkanlarımızın olmasıdır.

Fransa prezidenti Emmanuel Makronun ABŞ-a beş günlük səfəri hal-hazırda diqqət mərkəzindədir və geniş müzakirə mövzusuna çevrilib. Danışıqların əsas mövzusunun Ukrayna məsələsi olması görüntüsünü yaratmağa çalışan Ağ Ev iddia edir ki, Qərb düşərgəsində əməkdaşlıq ruhu hökm sürür və guya hamı Rusiya təcavüzünə qarşıdır, onu dəf etməklə məşğuldur. Ancaq məsələ bu qədər bəsit deyil və daha mürəkkəb görünür. Hətta dünyaca məşhur olan “The Wall Street Journal” nəşrində qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi fonunda iqtisadi nəticələri, ələlxüsus enerji sektorunun nəticələrini ABŞ-ın ağırlaşdıran siyasətinə görə Makron və digər Avropa ölkələri liderləri qəzəbləniblər.

Avropa ölkələri liderlərinə daha çox təsir edən, onları qəzəbləndirən ötən ilin yayında ABŞ-da qəbul edilmiş iki yeni qanundur ki, onlar bu qanunlardan, yumşaq desək, narazıdırlar. Qanunlardan biri, hətta birincisi "İnflyasiyanın azaldılması qanunu"dur ki, məhz bu, Avropa sənayesini təhdid edən qanundur. Sözügedən qanuna əsasın ABŞ hökuməti Amerika şirkətlərinə və istehlakçılarına müəyyən ABŞ mallarının alınması ilə bağlı 400 milyard dollar subsidiya ayıracaq, həmçinin vergi güzəştləri edəcək. Bu üstünlüklər isə avropalı rəqiblərə sarsıdıcı zərbə deməkdir, çünki Avropa İttifaqı və ABŞ arasında qeyri-tarif maneələri aradan qaldırıldığından, Avropa biznesləri çətin seçim qarşısında qalırlar. Belə bir şəraitdə ya itkilərlə üzləşiləcəyi və ya çoxlarının ABŞ-a köçəcəyi gözlənilir ki, ümumilikdə Avropanı narahat edən də budur. Digər məsələ, yəni ikinci qanun, müasir texnoloji inkişafın əsas komponentlərindən biri olan qabaqcıl yarımkeçiricilərin istehsalının ABŞ-da genişlənməsini təşviq etmək üçün nəzərdə tutulmuş Çip Aktı hesab olunur. Müvafiq hüquqi və struktur tədbirlərinin görülməsinə, tədqiqatlara, eləcə də müvafiq istehsalın yaradılmasına 280 milyard ABŞ dolları ayırmaqla, Amerika hakimiyyət orqanları hökmranlığa nail olmaq niyyətindədirlər. Elə Avropanı da narahat edən budur, çünki gələcəkdə amerikalılara uduzacaqlarını dərk edirlər və buna görə də hərəkətə keçiblər.

Nəzərə almaq lazımdır ki, Avropada enerji daşıyıcılarının qiymətinin ABŞ ilə müqayisədə daha yüksək olması Avropa sənayesinin vəziyyətini daha da ağırlaşır. Amerika elə təsəvvür, elə görüntü yaratmaq istəyir ki, guya Avropa ölkələrinə qaz tədarükünü diversifikasiya etməklə “Avropanı Putindən xilas edib”, lakin heç də belə görünmür. Beləki, 2021-ci ilə nisbətən bu il Avropa İttifaqına maye halında təbii qaz ixracını iki dəfə artırmaqla amerikalılar qiymətləri də yüksəltdilər. Təsadüfi deyil ki, Fransa prezidenti Makron özü bu barədə fikirlərini açıq şəkildə ifadə edib və bildirib ki, bu “dost” addımı kimi bir təəssürat bağışlamır.

Reallıq bundan ibarətdir ki, Avropada biznesin xaricə, enerjinin daha ucuz olduğu və subsidiyaların verildiyi yerə köçürülməsi barədə ciddi fikirlər var. Məsələn, ötən həftə Almaniyada aparılan sorğuların nəticələri təsdiq edir ki, Almaniyanın hər beş iri sahibkardan biri artıq “köçmək” planı üzərində düşünür. Fransa prezidenti Makronun keçən həftə Avropa dəyirmi masasında avtomobil nəhəngi BMW-dən tutmuş əczaçılıq konserninə, kimya şirkətlərinə qədər onlarla ən böyük firmanın rəhbərləri ilə görüşməsi təsadüfi deyildi. Bununla Makron hansısa çağırış etməyə çalışıb, amma istəyinə nə qədər nail olduğu bəlli deyil.

Makronun Amerikaya səfəri də təsadüfi sayılmır. Məsələ burasındadır ki, ABŞ-a beş günlük səfəri çərçivəsində Fransa prezidenti Emmanuel Makronun Aİ-nin nümayəndəsi kimi Vaşinqtonda çıxışı, transatlantik tərəfdaşları və Aİ ölkələrinin maraqları ilə yeni siyasətini əlaqələndirməyə, eləcə də Avropa sənayesinin möhkəm olmasına kimlərisə inandırmağa çalışması uğursuz hesab olunur. Görüşdən sonra qəbul edilən birgə kommünikedə Fransa və ABŞ arasında uğurlu əməkdaşlığın ondan çox sahəsi sadalanıb, amma Makron Vaşinqtonun Avropa sənayesinin maraqlarını pozan qanun layihələrinə düzəlişlər etmək tələbləri ilə çıxış edə bilməyib, baxmayaraq ki, problemləri həll edə bilməyən, buna görə də xaricə, məhz Amerikata uçmağa Fransa liderini məcbur edən bu idi. “Biz yenidən sinxronlaşmalıyıq və bu səhər müzakirə çox aydın oldu”, deyən Fransa prezidentinin uduzduğu onun görüşdən sonrakı mətbuat konfransındakı barışdırıcı tonunda da aydın təzahür edirdi. “ABŞ üzr istəmir... Bizimlə işləyən insanları heç vaxt kənarlaşdırmaq niyyətimiz olmayıb”, deyən Bayden isə nəyəsə görə üzr istəməkdən və ya nəyisə etiraf etməkdən qəti şəkildə imtina edib.

Diqqətə çatdıraq ki, dekabrın 5-də, bazar ertəsi günü, Avropa İttifaqının əlavə nümayəndə heyətinin Vaşinqtona səfər planlaması da əbəs yerə deyil. Səfər ABŞ hakimiyyəti ilə Avropa sənayesinin maraqlarının pozulması məsələlərini rəsmi müzakirə etmək məqsədi daşıyır. Məsələ burasındadır ki, səylər mənasız görünür. Görünən odur ki, Avropa İttifaqının hansısa müsbət nəticələr əldə etmək kimi bir şansı yoxdur. Reallıq bundan ibarətdir ki, ziddiyyətləri Avropa İttifaqının uduzması şərtləri daxilində həll etməkdən başqa nümayəndə heyəti başqa nəticələrə ümid edə bilməz. Çox güman ki, Avropa liderləri ABŞ prezidenti Baydendən qanunun icrasını, yaxud düzəlişlər edilməsini istəmək niyyətindədirlər, amma məsələ burasındadır ki, Bayden qanunları ləğv edə və ya düzəliş edə bilməz. Bu qanunlar Amerika prezidenti tərəfindən imzalansa da Konqres tərəfindən təsdiqlənir və indi milyardlarla dollarları itirmək siyasi intihar sayılır.

Bütün bu sadalanan məqamlar təsdiq edir ki, Avropa ilə ABŞ arasında “ticarət müharibəsi” ərəfəsındəyik və bu müharibədə Avropa İttifaqının qalib gəlmək şansı sıfıra bərabərdir. Kompromis həll yolu belə üfüqdə görünmür. Hətta son vaxtlar Aİ-nin aparıcı ölkələri kimi, Paris və Berlin amerikalı tərəfdaşların gələcək çətinliyi halında Avropa şirkətlərinə vergi güzəştlərinin verilməsi yolu ilə Avropa İttifaqı sənayesini qorumaq üçün cavab tədbirləri görməyə razılaşmaq niyyətlərini də ortaya qoydular. Amma razılığın alınacağına özlərinin də ümidləri yox dərəcəsindədir. İndiki vəziyyətdə bunun əksini gözləmək daha inandırıcı görünür. Çünki qüvvələr bərabər deyil və Avropa Birliyinin xüsusi seçimi də yoxdur. Məsələ Avropa və Amerika arasındakı “proteksionizm yarışında kimin kimə qalib gələcəyi” deyil, Vaşinqtonun iqtisadi təzyiqi qarşısında Avropa İttifaqının qeyd-şərtsiz təslim olmaqdan daha faydalı bir şeyə nail olmayacağı məsələsidir ki, son zamanlar avropalılar buna bir növ, alışqandırlar. Parisin, tarixdə ilk dəfə, öz səfirini geri çağırması, ancaq heç əldə edə bilməyəcəyini, uduzduğunu başa düşməsi fonunda yenidən bir həftə sonra səfirinin Vaşinqtona qaytarılması bunun əyani sübutudur.

Bəzi Qərbi Avropa siyasətçiləri çoxdandır Avropa və Rusiyanın qarşılıqlı məhvinin planlaşdırıldığı barədə bar-bar bağırırlar. Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən belə Kremllə dialoqun davam etdirilməsinin zəruriliyi barədə Makron təkid etməsi də təsadüfi sayılmır. Fransa prezidenti hətta “sülh prosesini təşviq etmək” üçün Bayden və Putinə lazımi təsir göstərmək üçün bu yaxınlarda Papadan səy göstərməsini də boş yerə xahiş etməmişdi. Məsələnin kökündə nəyin dayandığını bilənlər başa düşürlər ki, “milli təhlükəsizlik” bəhanəsi ilə rəqiblərin məhv edilməsi, ən azından zəiflədilməsi planın əsasını təşkil edir və bunun qarşısının alınmasına maraq da bu səbəbdəndir.

Əlbəttə ki, belə bir qarşılaşmanın ölkəmizə, Azərbaycana hansısa təsirlərinin olub-olmaması hər birimizi maraqlandırır. Bu səbəbdən diqqətə çatdırmaq yerinə düşərdi ki, əsas Qərb dövlətləri ilə barəsində qeyd olunan qarşıdurmada belə Azərbaycanın öz ədalətli tələblərini müdafiə etmək üçün daha geniş imkanları mövcuddur. Azərbaycan demokratik ölkə olaraq öz haqq və hüquqlarını müdafiə edir, suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qoruyur və istənilən demokratik ölkə ilə əməkdaşlığa hər zaman açıqdır. Bu əməkdaşlıq üçün isə Azərbaycanın resursları da kifayət qədərdir. Xüsusilə qeyd etmək lazımdır ki, dünyada mövcud enerji böhranı fonunda Azərbaycanın təbii ehtiyatları, enerji resursları indi hamıya lazımdır və bu baxımdan Avropa ilə ABŞ arasında “ticarət müharibəsi” ölkəmiz üçün heç bir arzuolunmaz nəticə vəd etmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə