Ermənistanda nəticələri pis olacaq YANLIŞLIQLAR DAVAM EDİR - TƏHLİL

Qarabağ ərazisində yaşayan erməni əsillilərin taleyini Rusiya sülhməramlılarına həvalə edən rəsmi İrəvan sanki qış yuxusundadır, çünki sülhməramlıların vaxtı bitdikdən sonra bölgəni tərk edəcəkləri barədə düşündüklərinin şahidi olan yoxdur. Hazırda erməni cəmiyyəti özü də etiraf edir ki, Ermənistanın mövcud hakimiyyəti Qarabağ ərazisindəki ermənilərin taleyi, mövcudluğu, gələcəyi barədə fikirləşmək belə istəmir və bütün məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə atmaqla kifayətlənir, hansı ki, bu barədə fikirlər işğalçı ölkənin mətbuat səhifələrində də yetərincədir.

Cari ilin sonuna qədər sülh müqaviləsini imzalamağa razılıq verən Ermənistan tərəfi yenə də məsələni uzatmaq üçün əldən-ayaqdan gedir və belə getsə, bu ilin sonuna qədər həmin müqavilənin reallaşması mümkün görünmür. Əvvəla ona görə ki, işğalçı ölkə hələ də işğalçılıq siyasətindən, təxribatlarından, sərsəm iddialarından əl çəkmək niyyətində görünmür və biz bunu həmin ölkənin təxribatçı davranışlarından da görürük. Dünyaya səs salıb özlərini əzilmiş tərəf kimi göstərmək, bununla belə qonşu dövlətin, hətta dövlətlərin torpaqlarına iddialı olmaq hələ də erməni xislətinin əsasını təşkil edir və hələ də işğaldan azad etdiyimiz torpaqlara göz dikdikləri bunu təsdiq edir. Təsdiq edir ki, erməni “başbilənləri” hələ də işğaldan azad etdiyimiz torpaqlardan əl çəkməmək, orada hansısa statusa belə nail olmaq üçün dəridən-qabıqdan çıxırlar və bunun üçün mümkün bütün hiylələrə də əl atırlar, üstəlik, bu hiylələrini işlətmək üçün özlərinə, Fransa prezidenti Makron kimi bir marianet dəstəkçi də tapıblar. Deməli, niyyətlərinin sülh müqaviləsi olduğu barədə danışmaq belə mümkün deyil. Digər tərəfdən də axı 2023-cü il sürətlə yaxınlaşır və hələ də sülh haqqında düşünməyən İrəvandan bu ilin sonuna qədər qalan müddət ərzində nə gözləmək olar?

Rəsmi İrəvan nə edəcəyini özü də bilmir. Kənar təsirlər, təhrikçi qüvvələr hələ də Ermənistanı, cəhətləri bilinməyən dəryada yelkənsiz qayığa çevirib. Geosiyasi müstəvidə Ermənistanın tamamilə müəmmalı bir vəziyyətdə olduğunu erməni cəmiyyəti özü də yaxşı bilir. Yaxşı bilir ki, Rusiya ilə Qərb arasında qalan bir ölkənin onlardan hansına sığınacağı hələ sual altındadır. Qərbdən kömək uman, amma buna ümid etməyən ermənilər Rusiyadan da ümidlərini üzə bilmirlər, baxmayaraq ki, ruslara qarşı hədyanlar səsləndirməkdə də, xəyanət etməkdə də davam edirlər. “İndi biz nə etməliyik”, sualına erməni mətbuatında tez-tez rast gəlinir. Bu isə o deməkdir ki, işğalçılar, separatçılar çox çətin durumda olduqlarının özləri hamıdan çox fərqindədirlər. Əbər yerə deyil ki, hələ də sülhməramlılara bel bağlayırlar və hətta sülhməramlıların bölgədə “əbədi qalması” üçün əldən-ayaqdan gedirlər, hansıki bunu erməni baş nazir Nikol Paşinyan da sonuncu üçtərəfli görüş zamanı böyük həvəslə səsləndirmişdi.

Bəli, Azərbaycan tərəfi açıq şəkildə bəyan edib və edir ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi müddətinin uzadılmasına qarşıdır. Artıq bundan sonra rus sülhməramlıların bölgədə qalmasına heç bir ehtiyac yoxdur, hansı ki, bunu da Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin üçtərəfli görüşdə bəyan edib. Reallıq göz önündədir və görünən odur ki, Azərbaycan bölgədə təhlükəsizliyin təminatçısı statusundadır və bu zaman, məntiqi olaraq Rusiya sülhməramlılarına, ümumiyyətlə, sülhməramlıya ehtiyac qalmır. Bir halda ki, ölkəmiz özü sülhün təminatçısı kimi çıxış edir, o halda ərazilərimizə sülhməramlı yerləşdirilməsi məsələsi gendəmdə belə yer ala bilməz. Bunu başa düşən erməni cəmiyyətinin yuxusunun ərşə çəkilməsı, keçirdiyi narahatlıq anlaşılandır, çünki bu cəmiyyət bilir ki, Ermənistan dövləti də, hakimiyyəti də mövcud problemlərin öhdəsindən gələ bilmir və sığındıqları sülhməramlılara da ümid etmələri, kömək ummaları puç olan arzulardan başqa bir şey deyil.

Çoxdandır ki, işğalçı ölkənin mətbuat səhifələrində Rusiyanın məhz Ermənistana kömək etmək imkanının olmaması yer alır. Bu ölkə mətbuatında açıq-aşkar şəkildə qeyd olunur ki, Rusiyaya ümid etmələri əbəsdir, baxmayaraq ki, hələ də ermənilərin əksəriyyəti yenə də rusların onları vəziyyətdən çıxaracaqlarına göz dikiblər, çünki alışqandırlar və bu zamana qədər onların mövcudluğu məhz Rusiya faktoru sayəsində olub. İndi ermənilər şokdadırlar və onilliklər boyu sığındıqları ruslara, artıq bel bağlaya bilmədiklərini başa düşmələri səbəbindən çox çətin durumda olduqlarının fərqindədirlər. Həm də ermənilər ona görə şokdadırlar ki, Rusiyanın Türkiyə-Azərbaycan tandemi ilə nəinki mübarizə aparmaq imkanının, hem arzusunun, istəyinin belə olmadığını anlayırlar. Ələlxüsus, bu gedişlə 2025-ci ilin noyabrında Rusiyanın bundan daha zəif olacağını düşünən ermənilər hesab edilər ki, həmin vaxt rus sülhməramlılarının bölgədə qalmaq şansı sıfıra bərabər olacaq, hansı ki, bu fikir erməni cəmiyyətini daha çox narahat edir.

Erməni cəmiyyətinin öz dövlətindən, öz hökumətindən gözləntiləri də onlar üçün ürəkaçan deyil. Ona görə ki, heç bir addım atılmadığının, mövcud hakimiyyətlərinin hansısa addım atmaq iqtidarında olmadığının ermənilər fərqindədirlər. Həmçinin, Ermənistan hakimiyyətindən eşitdikləri də onlar üçün xoşagələn deyil və bunu şok bəyanatlar adlandırırlar. “Bu gün Rusiya sülhməramlı qüvvələri Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı və onların təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan əsas qurumdur”, deyə Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komissiyasının sədri, hakim “Mülki Müqavilə” partiyasından deputatı Eduard Ağacanyan bildirib və bu erməniləri daha çox hiddətləndirib. Artıq ermənilər başa düşürlər və etiraf edirlər ki, vətəndaşı olduqları ölkənin hakimiyyəti nə qədər dar düşüncəli, iyrənc mövqedədir. Çünki bilirlər ki, belə fikirlər səsləndirməklə, sərsəm bəyanatlar verməklə işğalçı ölkənin hakimiyyəti öz qorxaqlığını, uğursuzluğunu və hətta xarici siyasət kursunun belə nəticəsiz, mənasız olduğunu qəbul edir. Yaxşı başa düşürlər, yaxşı bilirlər ki, Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra Qarabağdakı erməni əsillilərin taleyini kim qoruyacaq, sualına Ermənistan hakimiyyətinin cavabı yoxdur.

Həqiqətən də mövcud Ermənistan hakimiyyəti müharibənin qarşısını almağa, indi artıq geridə qalan məsələnin həllinin diplomatik yolla həll edilməsinə borclu idi. Halbuki ermənilər gördülər ki, bu hakimiyyət müharibənin qarşısını almaq əvəzinə təxribatlara əl atmaqla, bu təxribatları davam etməklə, sərsəm bəyanatları, hədsizliyi ilə müharibəni daha da körüklədi və nəticə də Ermənistan üçün, erməni xalqı üçün acınacaqlı oldu. Bəli, işğalçı ölkənin hakimiyyəti heç olmasa, rüsvayçı məğlubiyyətin qarşısını almağa, Azərbaycan tərəfinin döyüşün ilk günündən təklif etdiyi danışıqlara başğamağa borclu idi, lakin bunun da öhdəsindən gələ bilmədi. Müharibə Azərbaycan tərəfinin Zəfəri, əldə etdiyi qələbəsi ilə başa çatdıqdan sonra, post-müharibə dövründə də bu ölkə hakimiyyətinin danışıqları dürüst aparmaqdan boyun qaçırması da ermənilərin özlərinin diqqətindən yayınmır və onlar bilirlər ki, diplomatik müstəvidə məğlubiyyətləri fonunda vədlərini, öhdəliklərini yerinə yetirmək istəməyənlərin yenə də kimlərə isə, ələlxüsus mənasız yerə sülhməramlılara bel bağlamaları da ermənilər üçün növbəti bir faciə deməkdir. Görürlər ki, Fransa Senatının da, bu ölkənin Milli Assambleyasının da, prezidenti Makronun da ermənipərəst mövqeyi işlərinə yaramır və onları gözlədikləri faciədən qurtarası deyil. Deməli, Ermənistan dövlətinin, bu işğalçı ölkənin siyasətində yanlışlıqlar davam edir.

Ermənilər görürlər ki, Böyük Britaniya, İtaliya və bir sıra digər Avropa ölkələri, xüsusən də Serbiya rəsmi Bakını birmənalı şəkildə alqışlayır. Görürlər ki, Azərbaycan bütün ölkələr üçün layiqli, etibarlı tərəfdaş hesab olunur və həmin ölkələr bunu açıq şəkildə də bəyan edirlər. Azərbaycan indi Avropanın enerji təhlükəsizliyi üçün maraqlı ölkədir və məhz Qoca Qitənin enerji təhlükəsizliyinin təminatında rolu danılmazdır, hansı ki, bu, etiraf da edilir. Hal-hazırda Avropada enerji resurları ilə bağlı Rusiyadan imtina edildiyi bir vaxtda Azərbaycanın resurslarına ehtiyacın olduğu da bəllidir, deməli, bu iki ölkənin beynəlxalq arenada nüfuzunu müqayisə etmək belə mümkün deyil.

Ermənistanın öz müqəddəratı bu ölkənin hakimiyyətinin, hakim partiyanın “Mülki müqavilə” fraksiyasının əlində olmadığını görən erməni cəmiyyətinin kürkünə birə düşüb və görürük ki, bu, əbəs yerə deyil. Məsuliyyəti öz üzərinə götürməkdən qorxan Ermənistan hakimiyyətinin acizliyi göz önündədir, hansı ki, bu, erməni xalqını indi daha çox narahat etməlidir və edir də. Çünki bir zaman, daha dəqiq desək iki il bundan əvvəl erməni xalqını faciədən xilas edə bilməyənlərin indi də bacarmadıqları, bundan sonra da bacarmayacaqları diqqətdən yayınan deyil. Məhz buna görə erməni cəmiyyəti sanki tikan üstündədir. Ona görə tikan üstündədir ki, Ermənistan hakimiyyətinin buraxdığı və daha pis nəticələrə gətirib çıxaracaq yanlışlıqları davam edir və bunu da onlar özləri də görürlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə