"Fransanın iştirakı ilə görüşün keçirilməsi mümkünsüzdür" AÇIQLAMA

“Cənab Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransda Brüsseldə üçtərəfli görüşün baş tutmayacağını bildirdi”. Bunu millət vəkili Elşad Mirbəşiroğlu “Səs” qəzetinə açıqlamasında bildirib.

Elşad Mirbəşiroğlu məlumat üçün qeyd etdi ki, sonuncu görüş Praqada baş tutmuşdu və bu görüş artıq dörtərəfli görüş olmuşdur: “Yəni Avropa İttifaqının Şurasının Prezidentinin, Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Fransa prezidentinin iştirakı ilə bu görüş keçirildi. Bu görüşü əvvəlkilərdən fərqləndirən məqam ondan ibarət oldu ki, Ermənistan Avropa İttifaqının müşahidə missiyasının öz sərhədlərinə göndərilməsinə nail ola bildi, Azərbaycan isə öz ərazisinə bu missiyanın gəlməsini məqbul hesab etmədi, müəyyən çərçivədə təbii ki, əgər konstruktiv nəticəyə yönəlik olacaqsa, əməkdaşlıq edəcəyini ifadə etmiş oldu. Praqa görüşü həm də ona dəlalət etdi ki, 1991-ci il Alma-Ata bəyannaməsinin dəstəklənməsi Ermənistanın faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanıması demək idi. Bu, mühüm nəticə idi. Amma digər tərəfdən də Ermənistan çoxdan axtarışında olduğu sanki bir dəstək elementini tapmış oldu bu görüşdə və bunu da şərtləndirən təbii ki, Fransa prezidentinin həmin görüşdə iştirakı oldu. Ermənistan ağır məğlub durumunda yekun söz sazişini imzalamaqdan həmişə yayınırdı və sülh müqaviləsinin imzalanmasını arxa plana keçirmək üçün hansısa elementlər axtarırdı və çox təəssüf ki, Praqada bu elementin tapıldığını söyləmək olar. Çünki bu bütövlükdə sülh prosesinin irəliyə doğru hərəkətverici element rolunda çıxış etməyəcək”.

E.Mirbəşiroğlu onu da bildirdi ki, proseslərdə Fransanın olması Ermənistanın işğalçılıq siyasətinin və təcavüzkarlığının da arxa plana keçirilməsini şərtləndirə bilər: “Ermənistanın da istəyi məhz bundan ibarətdir. Çünki biz artıq 30 ilə yaxın bir müddətdə gördük ki, Fransa keçmiş Minsk Qrupunun həmsədri ölkəsi kimi münaqişənin tənzimlənməsi istiqamətində deyil, tam əksinə münaqişə vəziyyətin qeyri-müəyyən müddətdə qalması istiqamətində fəaliyyət göstərdi. Təbii ki, məqsəd aydın idi, məqsəd Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasından ibarət idi. Mahiyyət etibarı ilə münaqişənin uzun müddət davam etməsi son nəticədə vaxt amili Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına xidmət etməlidir. Fransanın məhz yanaşması bundan ibarətdir. Keçmiş Minsk Qrupu platformasında fəaliyyətin mümkünsüzlüyünü Fransa artıq başqa bir formada və platforma çərçivəsində özünün proseslərin içərisində mövcudluğunu təmin etməyə çalışır və burada Ermənistanın ümidi əsas Fransaya olmaqla növbəti görüşlərdə də məhz Fransanın iştirakı ilə müzakirələrin aparılmasında israr edir. Bu baxımdan, hesab edirəm ki, həm Fransanın, həm də Ermənistanın ortaq mövqeyi bütün hallarda sülh sazişinin imzalanmasının qarşısının alınmasından ibarətdir. Bu baxımdan da, ölkə Prezidenti məhz bu formatda görüşün nəyə hesablandığını çox aydın bilir. Ona görə də, məhz bu görüşün baş tutmayacağını bildirdi. Fransa Azərbaycana qarşı aşkar qərəzli mövqe tutduğu halda təbii ki, Azərbaycanın haqlı mövqelərinin qorunmasının da qarşısını alacaq. Bu baxıma müvafiq olaraq da Fransanın iştirakı ilə görüşün keçirilməsi mümkünsüzdür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə