Azadlığına qovuşan Laçın sürətlə bərpa edilir ŞƏRH

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən dərhal sonra işğaldan azad olunmuş bütün ərazilərində geniş quruculuq işləri aparılır, yol, enerji, su və digər kommunikasiya layihələri gerçəkləşdirilir. Dədə-baba yurdlarımızda erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrin bərpası, yaxud yenidən qurulması sahəsində mühüm addımlar atılır, onlara yenidən həyat verilir.Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisi deputatı Pərvin Kərimzadə deyib. Deputat qeyd edib ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq bu şanlı Zəfər, haqq savaşı, eyni zamanda, Ermənistanın vandal dövlət olduğunu, faşist ideologiyasına xidmət etdiyini bütün dünyaya göstərdi. Şəhər və kəndlərimiz düşməndən təmizləndikcə, bütün yaşayış məntəqələrimizin barbarcasına dağıdıldığı, infrastrukturdan əsər-əlamət qalmadığı, maddi-mədəniyyət abidələrimizin izinin belə silindiyi, qəbiristanlıqlarımızın belə təhqirə məruz qaldığı üzə çıxdı.Şanlı Vətən savaşımız bitdikdən dərhal sonra digər ərazilərimiz kimi vandal düşmənin 1992-ci il 18 may ayında işğal etdiyi, vəhşicəsinə dağıtdığı, etnik təmizləməyə məruz qoyduğu Laçın rayonu da Azərbaycan dövləti tərəfindən sürətlə dirçəldilir. Tezliklə bu yerlərin də sakinlərinin öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçında yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır, beynəlxalq hava limanı tikilir.2020-ci il 1 dekabr tarixində işğaldan azad olan Laçın rayonu 28 il işğalçı Ermənistanın hərbi cinayətlərinə məruz qalıb. Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan faşist xislətli erməni işğalçıları Laçın rayonunda coğrafi adları dəyişdirib, rayonun təbii resurslarının talan edib, əsasən, Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olublar. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti cəmi 44 günə bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü, Laçının doğma sahiblərinə qaytarıldı.Pərvin Kərimzadə qeyd edib ki, böyük Qələbədən ötən 2 il ərzində Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti ilə illərlə işğal altında qalan tarixi torpaqlara yenidən həyat qaytarılır. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradaraq, qazandığı parlaq qələbədən, haqq savaşından sonra Müzəffər Ali Baş Komandan Şuşaya elə ilk səfəri zamanı bütün dünyaya “Biz bu torpaqları yenidən dirildib, həyat verəcəyik. Bu yerləri cənnətə çevirəcəyik” mesajını verdi. Sözünə, vədinə hər zaman əməl edən ölkə Başçımız “İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək” dedi. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalayıb. Bu məqsədlə 2022-ci il dövlət büdcəsindən ilkin olaraq 800 min manat ayrılıb. Hazırda Laçın rayonunda 7000 nəfər əhalinin elektrik enerjisi ilə təmin etməyə qadir, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Dövlət rəhbərimizin sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan,iki və dörd hərəkət zolaqlı Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.“Bu, reallıqdır. Müzəffər Komandan İlham Əliyevin mükəmməl hərbi taktikası sayəsində işğaldan azad edilən torpaqlarımız, yurd yerlərimiz bərpa edilir. Düşmənin işğaldan azad edilən digər şəhər və rayonlarımız kimi Laçında yandırdırılan, dağıdılan, viran qoyulan evlər, meşələr, tarixi-mədəni abidələrimiz yenidən dirçəldilir. Artıq ikinci ildir ki, Laçın rayonunun yaşıl düzlərində qoyun sürüləri otarılır, arıçılar öz təsərrüfatını qurub və bol məhsul götürürlər“- deyə millət vəkili Pərvin Kərimzadə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə