KTMT-nin İrəvan çuxuru - ANALİTİK

Ermənistanın arzu və istəklərinin dəfn olunduğu məkan

KTMT-nin son İrəvan toplantısında çox kartlar açıldı, “Putin NATO-su” adlandırılan bu hərbi təşkilatda kimin kim olduğu, üzə çıxdı. Moskvanın, Minskin, Astananın, Bişkekin, Düşənbənin bir dərdi var idisə, İrəvan bu toplantıda min dərdinə dəva axtarırdı. Nə oldu, dərdlərinə dərman bula bildilərmi? Əlbəttə, yox. Çünki, birinin dərdi o birisinin dərmanı idi, birinin problemi digər ölkənin vəziyyətdən çıxması üçün lazım idi. Rusiyanın Ukrayna bataqlığına düşməsindən istifadə edən Ermənistanın Avropada özünə yeni məşuq axtarması da deyilənlər sırasındadır. Tacikistanla Qırğızıstanı, Qırğızıstanla Özbəkistanı bir-birinə düşmən edənlərdən kim mədət umar, kim ədalət istəyər? Ermənistanın əsas dərdi Azərbaycanla çözə bilmədiyi ən böyük problemlərinə KTMT-ni alət etmək, bu dövlətlərin gücünü arxasına alıb yeni təxribatlar törətmək, yeni ərazilər ələ keçirmək, separatçılığı dəstəkləmək idi. Bütün bunlar sayəsində KTMT-nin İrəvan sammitində istənilən nəticələr əldə olunmadı. Bu ölkələrdən heç biri Rusiyanı Ukrayna savaşında dəstəkləmədi, Qərbin təzyiqlərini üzərinə götürmək istəmədi, sanksiyalara şərik olmadı. Əslində bütün bunlar Rusiyanın gözləntiləri idi.

Bəs İrəvan bu sammitə qatılanda nə düşünürdü? Hansı problemlərinə əncam çəkiləcəyini planlaşdırmışdı? İşğalçı, sülh danışıqlarından imtina edən Ermənistanın baş naziri Paşinyanın məsələyə münasibəti özünü çox gözlətməyib və yekun sənədi imzalamaqdan imtina edib. “17 maddədən ibarət olan sənəddə iki maddə İrəvanı qane etməyib və imzadan vaz keçib. Paşinyan iclasında bildirib ki, bu iki sənəd yenidən baxılmaq üçün göndərilib və bunu yekunlaşdıra və ortaq məxrəcə gələ bilərik. Əldə olunan razılaşmalar mümkün qədər tez həyata keçiriləcək”, Paşinyan bildirib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bildirib ki, KTMT hərbi-siyasi strukturdur və gözləntilərimiz hərbi yardımla bağlıdır, bundan əlavə, siyasi qiymətlə də bağlı ola bilər. Amma sammitdə qəbul olunan sənəddə siyasi qiymət yetərsiz idi, ona görə də bəyanatı imzalamamaq barədə qərar qəbul edildi. “Bu gün KTMT ərazisində üçüncü ölkənin qoşunları var. KTMT ölkələrinin buna necə uyğunlaşdığını və ya bunun davamını necə gördüyünü bilmirəm”, - deyə Alen Simonyan bildirib.

KTMT-dən çıxmaq və ya çıxmamaq məsələsinin Ermənistanın gündəmində qalıb-qalmamasına gəlincə, parlament sədri deyib ki, heç vaxt belə bəyanat verməmişik: “KTMT-nin regionu tərk etdiyini və bundan narahat olduğumuzu bildirmişik. Dostlarımız sual verməlidir: KTMT bu Transqafqaz ərazisindən çəkilməyə qərar verib, ya yox? Gedirsə, heç olmasa bunu söyləmək lazımdır. Ancaq demək olmaz ki, biz yalnız bu strukturun addımlarını gözləyirik, sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün müstəqil addımlar atırıq”.
Yəqin ki, həm Paşinyanın, həm də parlamentin spikerinin açıqlamalarındakı narazılıqları sezdiniz. Bu sıradan bir etiraz, dəymədüşərlik deyil. Bunun arxasından kimin boylandığını görə bilərik. Əvvəllər Ermənistan böyük bacısı Rusiya ilə heç vaxt bu ritorikada söhbət aparmayıb. Bu gün isə “ya bu, ya da bu” tələbləri irəli sürür. Yəni, ya mən dediyimi etməli, Azərbaycana qarşı savaşda, təxribatlarda yanımda olmalısan, ya da bunu başqası görəcək. Həm də ünvanını da göstərir, Rusiyanı Cənubi Qafqazdan vurub çıxarmaq üçün gecə-gündüz baş sındıran ABŞ və Fransa.

Bəs İrəvanda nə baş vermişdi? Əvvəla Rusiya Prezidenti Vladimir Putinin səfərindən qabaq ermənilərin hazırladığı sürprizlərə diqqət edək. Etirazçılar əllərində Rusiya və Belarus prezidentlərinin “persona non-grata” (arzuolunmaz şəxslər) yazılmış plakatlar tutaraq onların gəlişindən nə qədər “bəxtəvər” olduqlarını göstərirdilər. Hətta hər iki prezidentin kartecinə hücum da planlaşdırılmışdı. Bunu isə oğulları törətdikləri təxdibat-diversiya əməllərinə görə Azərbaycan həbsxanalarında məhbus həyatı yaşayan erməni əsgərlərin anaları edəcəkdilər…

Noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dövlət Başçıları Şurasının iclasında iştirak etdi. Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edərək özünün KTMT-də ötənilki fəaliyyətini məğlubu hesab etdi. Amma bu müddətdə KTMT-dən faydalanan tərəfin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev olduğunu da gizlətmədi. Belarus prezidenti Aleksandr Lukaşenkonu isə töhmətləndirilən şəxslər siyahısına qatdı.

KTMT sammiti şübhəsiz, təkcə Avrasiya məkanında deyil, ümumiyyətlə, bütün dünyada unikaldır. Nə Kambocada ASEAN sammitində (“Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası – müəllif), nə Taylandda APEC forumunda (“Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı – müəllif), nə də Bali adasındakı G20-də sammiti bu qədər “unikal” deyildi. Fotomüxbirin iki liderə - Qırğızıstan və Ermənistan rəhbərlərinə ünvanladığı bir qədər kəskin və qəti irad bildirməsi də bu təşkilatın səviyyəsini göstərdi. Bunu yalnız şəkilçəkdirmə mərasiminə bəzəmək olar. Fotoqrafın: “Bağışlayın, qalstukunuzu düzəldə bilərsinizmi?” deyə qırğız prezidentə müraciəti də erməni jurnalistlərin tərbiyyəsindən xəbər verirdi. Hər iki dövlət başçısı isə “iradlar”dan sonra səsiz şəkildə deyilənlərə əməl etdilər. Regional forumda bu, təbii ki, onların hər ikisinin özünə inamsızlığından və əksinə, fotojurnalistin özünə güvənindən xəbər verirdi, deyə bilmərik.

Şəkilçəkdirmə mərasimində Ermənistanın baş naziri narahat görünmürdü, çünki itirəcəyi bir şey də yox idi. Amma özünü saxlaya bilməyib zəif gülümsədi və fotomüxbirə bir növ ümidverici siqnal göndərməklə yanaşı qalstukunu düzəltməyə başladı. Xeyr, başqa sammitlərdə liderlərlə fotoqraflar arasında münasibət belə deyil. Yalnız burada, görünür, fotoqraflar düzgün çəkilməyən hansısa şəkilin başqa məna verəcəyindən qorxurlar.

Dar tərkibdə keçirilən görüşdə Ermənistanın baş naziri acı olsa da vurğulayıb ki, bu gün Ermənistanın KTMT-də sədrliyi başa çatır... Yubiley olsa da, əhval-ruhiyyəmiz heç də yubiley deyil. Baş nazir cəm şəkilçisi əlavə etməklə, təbii ki, ilk növbədə KTMT-nin bütün üzvlərini deyil, özünü nəzərdə tuturdu. “Son iki ildə KTMT üzvü olan Ermənistan ən azı üç dəfə Azərbaycanın təcavüzünə məruz qalıb”, - deyən Nikol Paşinyan əlavə edib ki, KTMT-nin Azərbaycanı təcavüzkar hərəkətlərindən çəkindirməməsi üzücüdür. Üstəlik, faktiki olaraq bu günə kimi biz KTMT-nin Azərbaycanın Ermənistana təcavüzünə münasibəti ilə bağlı bir qərara gələ bilməmişik.

Belə təəssürat yaranmışdı ki, Nikol Paşinyan qapını ucadan çırparaq ölkəsinin prezidentliyi ilə vidalaşmaq qərarına gəlib. Doğrudan da, ona məhəl qoyulmadı. Və o, öz həmkarlarını bundan sonra da yöndəmsiz vəziyyətə salmağa hazır idi. Açıq-aydın görünürdü ki, heç bir üzv ölkə Ermənistan tərəfindən hərbi münaqişəyə qarışmaq istəmir. Son görüşdə Belarus prezidenti Lukaşenko bu barədə ona açıq şəkildə, bir neçə dəfə ardıcıl və hətta kobud şəkildə danışıb. Amma deyəsən yox, bu sözlərin heç biri Paşinyana təsir etməyib.

- Bu, - Ermənistanın baş naziri qeyd edib, - həm ölkəmizdə, həm də xaricdə KTMT-nin imicinə böyük ziyan vurur (bəlkə də Nikol Paşinyan dünyadakı erməni diasporunu, daha doğrusu, pərdəarxasında dayanan tərəfdaşlarını nəzərdə tutaraq, bunu etməyəcəyini açıq şəkildə bildirirdi). “Mən bunu Ermənistanın KTMT-dəki əsas uğursuzluğu kimi qiymətləndirirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, nəticədə Nikol Paşinyan sammitin on yeddi yekun sənədindən ikisini imzalamayıb. Nikol “Bu ilin yanvarında Qazaxıstan Prezidenti cənab Tokayevin ölkədə qanunun və asayişin bərpası məsələsində onlara dəstək olmaq üçün müraciətinə KTMT-nin çevik reaksiyasını” uğur adlandırıb: “Belə olan halda biz məsələni bir gecədə həll etdik ki, bu da Qazaxıstana daxili xaosa yol verməməyə imkan verdi”. Məlum məsələdir ki, Nikol Paşinyan bunu digər həmkarlarınının diqqətinə çatdırmaqla onları həm də qınayıb. Həmçinin deyib ki, istəsəydilər Ermənistanın da problemini bir gecədə həll edə bilərdilər. Amma bacarmadılar, ya da istəmədilər.

Nikol Paşinyandan yenidən prezident seçilməsi münasibətilə təbrikləri qəbul edən Qasım-Jomart Tokayev təbrikləri qəbul edib və eyni zamanda bu qalibiyyəti də, erməni prezidentin fikirlərini də təbii qarşılayıb. Və əlavə edib ki, hər kəs əməllərinə layiqdir. Putin bu söhbətdə erməni həmkarı ilə eyni mövqedə olduğunu xatırladıb. Qasım-Jomart Tokayev çox sülhpərvər və çoxvektorlu olacağına söz verib: ”Birgə fəaliyyətin səmərəliliyini KTMT-nin yanvar ayında Qazaxıstanda apardığı sülhməramlı əməliyyat da təsdiqlədi. Bu əməliyyat ekstremistlərin hakimiyyəti ələ keçirməsinin qarşısını aldı və respublikada daxili siyasi vəziyyətin sabitləşməsinə kömək etdi”.

Bəli, Qazaxıstan prezidenti Ermənistanın baş nazirindən fərqli olaraq sammitdən əsas faydalanan şəxs oldu.

Sammitdə digər maraqlı hadisələr də baş verdi. Dar çərçivədə keçirilən görüş saat yarıma nəzərdə tutulsa da danışıqlar üç saatdan artıq davam etdi. Nə vaxtsa geniş tərkibdə görüşün başlanacağına dair siqnal gəlməyə başlamışdı, görüşün geniş tərkibdə keçirilməsini istəyənlər arasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev hətta səbirsiz kimi davranırdılar. Onlar bir müddət şən söhbət etsələr də, kədərləndikləri də hiss olunurdu. Görünür, içəridəkilərdən heç kim onların problemləri ilə məşğul olmağı düşünmürdü. Rusiyanın dərdi qlobal idi, əslində KTMT-nin İrəvanda keçirilən iclası Moskva üçün hava və su kimi lazım idi. Burada qəbul ediləcək yekun sənəddə Rusiyanın dəstəklənməsi vacib idi.

Bu arada, dar tərkibdə keçirilən görüşdə, üzv ölkələrin rəhbərləri Ukraynadakı hadisələri müzakirə etməyə davam ediblər. Sualları həmişə olduğu kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko verib: “Rusiya və onun müttəfiqlərinin guya aqressiv davranışını cilovlamaq bəhanəsi ilə KTMT-nin qərb sərhədləri yaxınlığında, yəni bizim sərhədlərimizin yaxınlığında ABŞ və digər NATO ölkələrinin hərbi mövcudluğunun sistemli şəkildə artırılması müşahidə olunur. Qərb NATO-nun şərq cinahına qoşun, silah və hərbi texnika ötürməkdə davam edir. Potensial olaraq, bu, təhdid deyilsə, nədir?”.

Lukaşenko bildirib ki, ölkəsi Belarus ərazisində rus qoşunlarını hazırlamaqda, daha sonra Ukraynada döyüşməkdə ittiham olunsa da, biz hücuma üstünlük verir və deyir ki, Belarusun özü də hücuma keçmək üzrədir, KTMT hazır olsun. “Minlərlə ukraynalı əsgər NATO proqramlarına uyğun olaraq öz poliqonlarında təlim keçir”, deyə Belarus prezidenti əlavə edib: “Kiyev Qərb silahları və hərbi texnikası ilə təmin olunub. Münaqişədə birbaşa iştirak deyilsə, bu nədir? Bəs Ukraynanın məğlubiyyətinin Şimali Atlantika Alyansının məğlubiyyəti demək olacağını deyən NATO baş katibi Yens Stoltenberqin açıqlamalarını necə başa düşmək olar?”.

Əvvəllər olduğu kimi, (məsələn, Astanada, MDB-nin sonuncu sammitində) Aleksandr Lukaşenko Vladimir Putinin mövqeyindən çıxış edərək, bir növ, onun səsinə çevrilərək: “Biz qan tökülməsini dayandırmalı və sülh danışıqlarına başlamalıyıq”, deyib və təkid edib ki, Qərb Ukraynanı da danışıqlar masasına oturmağa icazə versin.

Aleksandr Lukaşenko gözlənilmədən Amerika Birləşmiş Ştatlarının ehtiyatlı, məsuliyyətli və uzaqgörən siyasətinə qiymət verib: “Getdikcə daha çox insan nüvə silahından istifadənin mümkünlüyündən danışır. Yaxşı ki, amerikalılar hələ də nüvə oyunlarının təhlükələrini mükəmməl dərk edən sağlam düşüncəli insanlara sahibdirlər. Beynəlxalq siyasətdə nüvə şantajına yer olmamalıdır!. Yadınıza salın, böyük fizik Albert Eynşteyn bir dəfə demişdi ki, üçüncü dünya müharibəsinin hansı silahla aparılacağını bilmirəm. Amma dördüncüsü dəyənək və daşla olacaq”.

Lakin KTMT-nin genişləndirilmiş iclas qısa olub. Onun nəticələrindən sonra KTMT-nin baş katibi postundan istefa verən Stanislav Zas çıxış edib. O, KTMT ölkələrinin xarici işlər nazirlərinin Rusiya nümayəndə heyətlərinə Polşa vizalarının verilməməsi ilə bağlı bəyanatına münasibət bildirib.

Rusya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in iclasında iştirakını əngəlləyən Polşanın hərəkətlərinin başa düşmədiyini deyən Lukaşenko Avropanın sülh istəyini də şübhə altına alıb. Deyib ki, Qərbin danışıqlar barədə danışması vaxt itirməkdən başqa bir şey deyil. Çıxışı zamanı Lukaşenkonun səsini ucaltması da diqqətdən yayınmayıb. Hətta Rusiya prezidenti də bir-iki dəfə ona tərəf boylanıb və təəccübünü də gizlətməyib. Amma Lukaşenkonun dediklərində həqiqətin olduğunu görən Putin Avropa Parlamenti tərəfindən Rusiyanın “terrora sponsorluq edən dövlət” adlandırmasını qəzəblə qarşıladığını da gizlətməyib.

Bəli, İrəvana toplaşan KTMT üzvləri necə gəlmişdilərsə, eləcə də geriyə döndülər, həm də əlləri boş...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə