Strateji iqtisadi inkişaf konsepsiyası növbəti 5 il üçün nə vəd edir? - ANALİZ

"2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na daxil olan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirə bilər

Qəbul olunmuş strategiyaya görə, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaq. Keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcək. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcək. Dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi artırılacaq, onların hesabatlılığı gücləndiriləcək. Nəticədə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq.

Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq. Sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi təmin olunacaq və effektiv məhkəmə islahatları həyata keçiriləcək. Bu islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının effektiv müdafiəsinə imkan verəcək. Sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmə optimallaşdırılacaq. Təbii inhisar subyektlərinin rəqabətə mənfi təsirlərinin qarşısı alınacaq və bütün bazarlarda rəqabət gücləndiriləcək. Dövlət satınalmalarında şəffaflıq və səmərəlilik artırılacaqdır. İnvestisiyalar üçün əlverişli vergi şərtləri tətbiq ediləcək və digər fiskal stimullar veriləcək.

Bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha da 14 sağlamlaşdırılacaq, milli iqtisadiyyata etimad artacaq və nəticədə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcək. Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı gücləndiriləcək. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək. Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaq. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir.

Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəliliyi yüksəldiləcək, idarə edilməsi yaxşılaşdırılacaq və şəffaflığı artırılacaq. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi, maliyyə dayanıqlığı və rəqabət qabiliyyəti artırılacaq. İqtisadiyyatda dövlətin bilavasitə iştirakı optimallaşdırılacaq, strateji sahələr istisna olmaqla, dövlət mülkiyyətində olan aktivlərin mərhələli şəkildə özəlləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək ki, bu da dövlət resurslarına olan tələbatı və riskləri azaldacaq. Həmçinin özəlləşdirilməsi müəyyən müddət məqsədəuyğun hesab olunmayan təsərrüfat subyektlərinin kommersiyalaşdırılması və ya idarəetməyə verilməsi yolu ilə səmərəlilik göstəricilərinin daha da yaxşılaşmasına nail olunacaq.

Qeyri-neft/qaz sektoruna birbaşa xarici investisiya cəlbi təşviq ediləcək, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiyası baş verəcək. Strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi və dövlət‒özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçiriləcək.

Dövlət investisiyalarının effektivliyi artırılacaq, onun özəl investisiyaları stimullaşdırma potensialı yüksəldiləcək. Birbaşa xarici investisiyaları prioritet iqtisadi sahələrə yönəltmək üçün yeni mexanizmlər formalaşdırılacaq, investorlarla birbaşa dialoq mexanizmləri tətbiq olunacaq.

Beynəlxalq inkişaf institutlarının, xüsusilə özəl sektorun inkişafının maliyyələşməsi üzrə ixtisaslaşan institutların maliyyələşmə potensialından optimal istifadə təmin ediləcək və nəticədə, qeyri-neft/qaz sektoru üzrə birbaşa xarici investisiyaların həcmi illik 10‒15% artacaq.

Rəqəmsal texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi üçün normativ hüquqi baza yaradılacaq və bu sahə dövlət tərəfindən tənzimlənəcək. Rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondlar və inkişaf institutları fəaliyyət göstərəcək, bu əsasda internet, yüksəksürətli mobil internet (5G texnologiyası daxil olmaqla), xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsi 95%-ə çatdırılacaq. Aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, həmçinin yeni iş yerləri yaradılacaq.

Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahələrin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Dövlət aqrar sektor, sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri, turizm və rekreasiya zonaları yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Nəticədə, 2022‒2026- cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4% artacaq.

Nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln manatdan 2 dəfəyədək artaraq, 450 mln manata çatacaqdır. 15 Qeyri-neft/qaz sənayesi hər il orta hesabla 8,3% artacaq, sənaye zonalarının qeyrineft/qaz sənaye istehsalında payı 15%, qeyri-neft/qaz sənaye ixracında payı isə 25% olacaq. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə təxminən 3% artım olacaq. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq.

Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik və dayanıqlıq təmin olunacaq, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi gücləndiriləcək. Makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin gücləndirilməsi iqtisadi artımın davamlılığı üçün vacibdir. Ölkənin makroiqtisadi dayanıqlığı ‒ irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını gücləndirəcək. Fiskal sabitlik üçün tənzimləmə çərçivəsi təkmilləşdiriləcək və bu təməl şərtlərlə illik inflyasiya 4±2% intervalında qorunacaq, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5% təşkil edəcək, bu şəraitdə Dövlət Neft Fondunun aktivləri dayanıqlı səviyyədə saxlanılacaq.

Növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənir. Maliyyə sektorunun bütün seqmentlərinin iqtisadiyyatda rolu artırılacaq. Bank sektorunun iqtisadiyyatın maliyyələşməsində iştirakı yüksəldiləcək, maliyyə inklüzivliyi genişləndiriləcək, maliyyə xidmətlərinin əlçatanlığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanları artırılacaq.

Dövlət‒özəl sektor əməkdaşlığı çərçivəsində investor və kreditorların risklərinin sığortalanması sistemi təkmilləşdiriləcək, biznes kreditlərinə təminatların verilməsi mexanizminin əhatəliliyi genişlənəcək. Maliyyə xidmətlərinin rəqəmsallaşması fonunda əhali və biznesin investisiyalar və İKT sahəsində savadlılığı artırılacaq. Dayanıqlı iqtisadi artımın təmin olunmasında maliyyə sekrorunun rolunun gücləndirilməsi üçün ölkədə uzunmüddətli kollektiv investorlar şəbəkəsinin yaradılması stimullaşdırılacaq, sığorta və korporativ qiymətli kağızlar bazarı dərinləşdiriləcək.

Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcək. Eyni zamanda, sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstlik təmin ediləcəkdir. Bu əsasda maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 25% artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55%-ə çatacaq.

İxrac şaxələnəcək və qeyri-neft ixracı genişlənəcək. İxracı asanlaşdırmaq üçün idarəetmə və institusional mexanizmləri tənzimləmə çərçivəsi təkmilləşdiriləcək. İxracyönümlü yerli məhsulların keyfiyyətli istehsalı təmin olunacaq və e-ixrac inkişaf etdiriləcək, qeyri-neft/qaz ixracının təşviqinə dövlət dəstəyi artırılacaq, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artmasına nail olunacaq.

Göründüyü kimi, hədəflər yüksəkdir və potensial da buna uyğundur. Strateji inkişaf planlarının həyata keçirilməsindən sonra ölkə iqtisadiyyatının müasir tələblərə uyğunlşaması və dünya iqtisadi sisteminə inteqrasiya üçün geniş imkanlar açır. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə bu planların həyata keçirilməsi üçün lazımi baza yaradır.

Dünya iqtisadiyyatında davamlı böhranların baş verdiyi bir şəraitdə Azərbaycan öz iqtisadi inkişafını artırır və getdikcə yüksələn iqtisadi artım tempi ilə davam edir. Bunun nəticəsində getdicə idxaldan asılılıq azalır, ixrac qabiliyyəti artır, ölkənin maliyyə imkanları güclənir, investisiya bazası yüksəlir.

Düşünülmüş iqtisadi strategiya öz növbəsində sosial-mədəni, elmi-texniki inkişafı da təmin edir. Bu siyasət Azərbaycanı tezliklə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməyi hədəfləyib. Şübhə yoxdur ki, belə də olacaq.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə