“Sosial dövlət” siyasəti son 4 ildə: nailiyyətlər, faktlar və reallıqlar - II HİSSƏ

“Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (2018-ci il 11 aprel tarixində andiçmə mərasimindəki çıxışından)

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi və Agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir. DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılışı mərasimində dövlət başçısı “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” deyə bildirib.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Təsadüfi deyil ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır.

2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən, DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir. "Texnologiya alətləri" kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə DOST Agentliyi 20 mindən çox səslə Avropanın nüfuzlu Mükafatına sahib olub. Təşkilata üzv Avropa dövlətlərinin DOST layihəsinə olan marağının göstəricisi kimi həmin səslərin 17 mini qeyd edilən dövlətlərdən gəlib. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan böyük marağı və onun uğurlu islahat təcrübəsi kimi qəbul edildiyini ehtiva edir.

Hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi isə 98 faiz üzərindədir. “Könüllü DOST proqramı” isə Azərbaycanda könüllük hərəkatının genişlənməsində önəmli rol oynayır və Avropa Sosial Şəbəkəsinin qeyd edilən müsabiqəsində də DOST Könüllülərinin fəaliyyətinə dair “Dəyərləri birləşdir – bərabərliyə nail ol” adlı ərizəsi "Möhtəşəm Heyət" kateqoriyasında Avropa müsabiqəsinin fiinalçısı olub. Onu da bildirək ki, DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına da layiq görülüb.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkədə sosial infrastrukturun, o cümlədən sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. 2018-ci ildən sonrakı dövrdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib, Qəbələdə də Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq. Yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verir. Həmçinin, son 4 ildə sosial xidmətlər, günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi xeyli genişlənib. Sosial xidmət sahələrində daimi təkmilləşdirmələr də aparılıb və davam edir.

Əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılması ölkə Prezidentinin diqqət mərkəzində olmaqla aparılan sosial siyasətin hədəfləri sırasındadır. Bunun nəticəsidir ki, ölkəmizdə əlilliyi olan şəxslərin aktiv həyat tərzinə, bütün sahələrdə cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olmaları, yaradıcılıq potensiallarını dolğun şəkildə reallaşdıra və cəmiyyətə təqdim edə bilmələri üçün geniş miqyaslı işlər aparılır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 22 oktyabr 2021-ci il tarixdə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılması da bu istiqamətdə mühüm adddımlardan biri oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən belə bir ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanının Azərbaycanda açılması əlilliyi olan şəxslərin və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına dəstək verilməsi istiqamətində dövlət tərəfindən fəal və məqsədyönlü siyasətin aparıldığını bir daha təsdiq edir. 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olan Mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialını ortaya çıxararaq cəmiyyətə təqdim etmək, onların istedad və inteqrasiyasına dəstək göstərmək, sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə xidmət edir.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə son bir ildə əlilliyi olan şəxslərin əl işlərinin 10-dan çox satış-sərgisi, həmçinin əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi də təşkil olunub.

Prezident İlham Əliyevin tapşırıqları əsasında Azərbaycanda aparılan sosial islahatların mühüm bir istiqaməti dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, rəqəmsal müstəvidə əhali üçün proaktiv xidmətlər şəbəkəsinin, avtomatlaşdırılmış sistemlərə əsaslanan müasir, çevik və şəffaf, optimal idarəçiliyin yaradılmasıdır.

Son 4 ildə ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların geniş tətbiqi təmin edilib.

Mühüm innovativ uğurlardan biri olan, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s.) çıxış və 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 110-u e-platforma üzərindən, o cümlədən 46-ı proaktiv qaydada göstərilir. Bu il isə Nazirlik daha daha 50-dən çox e-xidməti istifadəyə verəcək.

Təkcə ötən il "e-sosial.az” portalına 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib. Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən son bir ildə Nazirliyin informasiya bazalarına sorğu sayı 139 milyon olub.

Sosial sahədə innovativ yeniliklərdən biri kimi, ölkəmizdə 2019-cu ilin əvvəlindən pensiyaların, sonralar müavinət və təqaüdlərin e-qaydada, proaktiv təyinatı mexanizmləri qurulub. Ötən dövrdə 390 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı vətəndaşların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, e-qaydada, proaktiv şəkildə aparılıb.

Əmək münasibətlərinin rəsmi qeydiyyatı “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən aparılır. Son illərdə qurulan “Məşğulluq” altsistemi isə məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyini, əlçatanlığını və effektivliyini təmin edir. “Əmək münasibətləri və məşğulluq” altsistemi, e-DOST platforması, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “İctimai işlər portalı” və s. də hazırlanır.

Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial sahədə ölkəmizdə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb.

2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən DOST Agentliyi isə bu günlərdə daha bir nüfuzlu mükafatı - Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb.

Həmçinin 2019-cu ildə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafat və təltiflərinə layiq görülüb.

Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixində andiçmə mərasimində söylədiyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” sözləri davamlı sosial islahatlar nəticəsində əldə olunan mühüm nailiyyətlərdə öz əməli təsdiqini tapıb. Şübhə yoxdur ki, bundan sonra da Azərbaycan dövləti bu yolla inkişaf edəcək, əhalinin sosial rifahı dünya üzrə ən yüksək səviyyəyə çatacaq.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə