Ukrayna Trampın şərtlərini rədd etməlidir - Almaniya

Ukrayna ABŞ Prezidenti Donald Trampın öz ərazilərini vermək təklifi ilə razılaşmamalıdır. SİA xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın ARD telekanalına müsahibəsində deyib.

Onun fikrincə, Amerika liderinin təklif etdiyi atəşkəs şərtləri daha çox kapitulyasiyaya bənzəyir: "Kiyev açıq şəkildə bilir ki, xoş niyyətlə razılaşdırılmış davamlı atəşkəsə nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli ola bilər. Lakin onlar, şübhəsiz ki, Amerika prezidentinin son təklifi qədər uzağa getməyəcək, ya da getməməlidir".

Nazir vurğulayıb ki, Ukrayna belə şərtləri bir il əvvəl təkbaşına da əldə edə bilərdi: "Bu təslim olmaq kimi görünür".

Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, Donald Tramp administrasiyası Ukraynaya Rusiyanın xeyrinə əhəmiyyətli ərazi güzəştlərini ehtiva edən sülh planı təklif edib. Plana Krımın Rusiyanın bir hissəsi kimi rəsmi tanınması və işğal olunmuş ərazilərə Moskvanın nəzarətinin qeyri-rəsmi qəbul edilməsi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə