Peşəkar jurnalistikanın möhkəmləndirilməsi istiqamətində dövlət mühüm səylər göstərir - FOTO
Azərbaycanda peşəkar jurnalistikanın möhkəmləndirilməsi istiqamətində dövlət mühüm səylər göstərir. SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Astanada keçirilən İkinci Mərkəzi Asiya Media Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, ölkələrimiz arasında ortaq mədəniyyət və tarix, həmçinin dövlət başçıları arasındakı səmimi münasibətlər media və kommunikasiya sahəsində də möhkəm diplomatik əlaqələrin inkişafına təkan verir.
“Ona görə də ölkələrimiz arasında media sahəsində əməkdaşlıq bu sahənin inkişafı və böyüməsini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. İnformasiya məkanının konsolidasiyası elə bir vəzifədir ki, onu heç bir ölkə təkbaşına yerinə yetirə bilməz. Qlobal çağırışlar kollektiv fəaliyyət tələb edir. Media diplomatiyası isə sərhədlərarası layihələr, birgə araşdırmalar və mədəni mübadilələr vasitəsilə həmrəyliyə töhfə verə bilər”, – deyə o bildirib.
Əhməd İsmayılov qeyd edib ki, regional media forumları, birgə layihələr, transsərhəd təlim proqramları və regional xəbər agentliklərinin gücləndirilməsinə yönəlmiş tədbirlər kimi təşəbbüslər birliyə və ortaq məqsədlərə xidmət edir.
“Bu təşəbbüslər bilik və təcrübə mübadiləsinə şərait yaradır, bacarıqların inkişafına, saxta xəbərlər və dezinformasiya ilə mübarizəyə, qərəzin azalmasına və əhalinin media savadlılığının artırılmasına kömək edir. Bizim bu gün iştirak etdiyimiz forum da məhz belə tədbirlərdən biridir və Mərkəzi Asiyada media əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində mühüm addımdır”, – deyə o əlavə edib.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru bildirib ki, bir neçə həftə sonra Özbəkistandakı müxtəlif qurumların mətbuat katibləri və jurnalistləri üçün Azərbaycana mətbuat turu təşkil olunacaq. Ardınca isə Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri planlaşdırılır.
“Bu təşəbbüslər açıq şəkildə göstərir ki, qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlar əsasında qurulan inteqrasiya olunmuş regional informasiya məkanının yaradılması əsas vəzifədir. Belə bir inteqrasiya informasiya təhlükəsizliyini gücləndirəcək, mədəni dialoqu dərinləşdirəcək və Mərkəzi Asiyanın qlobal informasiya məkanında daha fəal və görünən mövqeyini təmin edəcək”, – deyə o qeyd edib.
Əhməd İsmayılov vurğulayıb ki, jurnalistika sahəsində peşəkar inkişaf, o cümlədən jurnalist etikası və standartlarına uyğunluq, mədəni məlumatlılığın və qərəzsizliyin artırılması regionda sabitliyə və qarşılıqlı hörmət, sülh şəraitində birgəyaşayış və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
“Media dövlət və cəmiyyət arasında körpü rolunu oynayır, ictimai həmrəyliyi və milli kimliyi möhkəmləndirir. Etibarlı informasiya mənbələri cəmiyyətin mürəkkəb reallıqlarda düzgün istiqamət götürməsinə kömək edən məlumatlı və şüurlu vətəndaş cəmiyyətinin formalaşmasına töhfə verir. Buna görə də media savadlılığını artırmaqla, biz məlumatlı və məsuliyyətli cəmiyyətin əsasını qoyuruq”, – deyə o yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə