Qlobal taxıl böhranı: Dünya çörək imtahanına hazırlaşır? - 2-ci YAZI

Çörəyin qiyməti niyə bahalaşdı, səbəblər və çıxış yolu nədir?

Yazının 1-ci hissəsi burada

https://sia.az/az/news/media/920463

Dünya bazarında taxılın bahalaşması bütün ölkələrdə un və çörək məmulatlarının bahalaşmasına səbəb olub. 2021-ci ilin dekabr ayında taxılın tonu 338 dollara qalxıb və illik ifadədə 33 faizdən çox bahalaşma qeydə alınıb. Halbuki 2019-cu ilin sonlarında qiymət hər ton üçün 180 dollar ətrafında dəyişirdi. Yəni, buğdanın qiyməti 1 il 4 ay ərzində 80 faizə qədər qalxıb. Bir çox ölkələrdə çörəyin qiyməti sərbəst buraxılsa da, dövlət nəzarətində saxlanılır və çörək sənayesi dotasiyalarla, vergi və digər rüsumlardan azad edilməklə qiymətin aşağı olması təmin edilir. Azərbaycan da belə ölkələrdəndir. Lakin xammalın bahalaşması səbəbindən yaranan əlavə xərclərin bütün yükünü dövlətin üzərinə qoymaq da normal hal deyi. Bu səbəbdən də dövlət yenə də yaranan əlavə xərcin böyük hissəsini öz üzərinə götürməklə, çörəyin qiymətinin bir qədər (10-15 qəpik) bahalaşmasına imkan verdi.

Çörək niyə və nə qədər bahalaşdı?

Dünya bazarında taxılın qiymətinin bahalaşması təbii olaraq, Azərbaycanda da un və çörək məmulatlarının qiymətinə təsirini göstərməli idi. Çünki ölkəmiz əhalinin tələbatını təşkil edən ərzaq buğdasının təxminən yarısını idxal edir. Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib.

Xidmətin yaydığı məlumatda deyilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçısı və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın ötən ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.

Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılıb. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.

Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.

Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşmış, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti- 35,9 manat müəyyənləşdirilib. Qiyməti 40 qəpik olan 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti- 50 qəpik, qiyməti 50 qəpik olan 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti isə 65 qəpik müəyyənləşdirilib. Müvafiq olaraq çörəyin qiyməti 25-30 faiz bahalaşıb. Lakin son ilyarımda dünya bazarında taxılın qiyməti 80 faizdən çox bahalaşıb.

Hansı ölkədə çörəyin qiyməti necədir?

Qeyd etməliyik ki, çox uzun müddətdir ki, Azərbaycanda çörək və unun qiyməti dövlət dotasiyaları ilə aşağı həddə saxlanılır. Buğda idxalı, çörək istehsal edən müəssisələr bir çox vergi və rüsumlardan azaddır. Bu sektordan dövlət zərərə düşsə də, əhalimizin əsas ərzaq məhsulu olan un və çörəyin qiymətinin aşağı həddə saxlanması təmin edilir. Lakin son illərdə dünya bazarında taxılın qiymətinin durmadan bahalaşması təbii ki, burada çətinliklər yaradacaqdı və bu səbəbdən də çörək və unun qiymətində bir qədər bahalaşma baş verdi. Lakin bu da taxılın bahalaşmasına adekvat deyil, əgər dövlət subbsidiya və yardımları olmasa, qiymətlər indikindən azı 2 dəfə baha olmalıdır. Lakin dövlət aztəminatlı əhalini nəzərə alıb, bu sahədə zərərə gedir.

Məlum olduğu kimi, ərzaq məhsulları kiloqramla götürülür. Azərbaycanda hazırda standart zavod çörəyinin kilosu 1 manatdır. Müqayisə üçün qonşu ölkələrdə çörəklərin kiloqram hesabı qiymətinə nəzərə salaq (ABŞ dolları ilə);

- Azərbaycan- 0,60

- Qazaxıstan - 0,70

- Gürcüstan - 0,70

- Ermənistan - 0,80

- Ukrayna - 0,80

- Moldova – 0,90

- İran - 1

- Belarus - 1

- Rusiya - 1

- Türkiyə - 1

Əksər ölkələrdə çörəyin qiyməti sərbəst olduğundan qiymətlər təxmini orta rəqəmlə götürüb. Rəqəmlər ötən ilə aiddir və son bahalaşmalar bura daxil deyil.

Göründüyü kimi, ölkəmizdə çörəyin qiyməti baha deyil. Keçmiş Sovet məkanında ən ucuz qiymətlərdən biridir. Bu il əməkhaqqı və pensiyalarda artımların olması bu bahalı kompensasiya edə bilər. Sadəcə, hökumət ərzağın qiymətində əsassız artımların olmamasına çalışmalıdır və çalışır.

Ölkəmizdə çörəklə bağlı əsas problem 10 qəpik baha olması deyil, unun, çörəyin keyfiyyəti ilə bağlıdır. Bəzi çörək zavodları və sexləri çörəyin çəkisi artıq gəlsin deyə yaxşı bişirmir və bu da çörəkdə göbələklərin əmələ gəlməsinə, onun mədə-bağırsaq tərəfindən çətin həzm olunmasına səbəb olur. Bu isə bəzi xəstəliklərə gətirib çıxara bilər. Üstəlik, çörəyə vurulan yeni ultrakimyəvi maya da sağlamlıq üçün zərərlidir. Bu məsələlərə nəzarət edilməlidir.

Daha bir qəribə məqam ondan ibarətdir ki, 1-ci və 2-ci sort unun qiyməti əla növ undan ucuz olmasına baxmayaraq ölkəmizdə qara çörək ağ çörəkdən baha satlılır. Bu paradoksdur. Tam əksinə olmalıdır. Baxmayaraq ki, naməlum səbəbdən mağazalar 1-ci və 2-ci sort un satmır, ancaq əla növ un satır, bunun da qiymətləri çox fərqlidir. Elə əla növ un var ki, kilosu 70 qəpiyə, eləsi var ki 3 manata satılır. Burada fərqin nədən ibarət olduğunu istehlakçı bilmir. Bir çox vətəndaşlar un alıb çörəyi evdə özü bişirir ki, bu halda da həm çörək onlara 2 dəfə daha sərfəli düşür, həm də daha keyfiyyətli çörək yemiş olurlar.

Əlbəttə, taxılın bahalaşması təkcə çörəyin qiymətinə təsir göstərmir. Təbii olaraq, unun və un məmulatlarının qiyməti də artmalıdır, o cümlədən şirniyyatlar, həmçinin heyvandarlıq üçün yemlər, yeməkxanalarda xəmir xörəklərinin qiyməti və s.

Vəziyyətdən necə çıxa bilərik?

Problem idxalla bağlı olduğundan və idxaldan asılılığımız 45 faiz civarında olduğundan dünya bazarındakı bahalaşma bizə təsir etməyə bilməzdi. Amma əgər biz taxıl tələbatımızı, xüsusən də ərzaq budğasına olan tələbatımızı özümüz təmin edə bilsəydik, bu bahalaşma tendensiyasından yan keçə biərdik. Ona görə də keçən yazımızda qeyd etdiyimiz kimi, taxılçılıq sektoruna diqqət artırılmalıdır. Xüsusən də keyfiyyətli ərzaq buğdağı əkinlərinə.

Hazırda dövlət bu sahəyə dəstək verir, lakin bu sahə aşağı rentabelli olduğundan görünür bu yardımlar da problemi həll etməyə kifayət etmir. Adi bir hesablama aparsaq bunu aydın görərik. Dövlət hər hektar taxıl sahəsinə 200 manat subsidiya verir. İndi biz şərti olaraq 1 hektar taxıl əkən adi bir fermerin xərclərini hesablayaq;

- Toxum (azı 200 kq) - 100 manat

- Şum- 50 manat

- Mala işi - 25 manat

- Toxumsəpən - 30 manat

- Suvarma azı 2 dəfə olmaqla ümumilikdə - 50 manat

- Gübrə - 70 manat

- Dərman - 30 manat

- Dərmansəpən texnika – 30 manat

- Kombayn - 50 manat

- Toxumu sahəyə, məhsulu bazaya daşımaq üçün maşın, buğda yığılması üçün kisələr və s xırda xərclər - 65 manat

CƏMI- 500 manat

Buradan dövlətin etdiyi yardımı 200 manatı çıxsaq, xərc 300 manat olur. Azərbaycanda məhsuldarlıq 20 sentner civarındadır. Biz götürək ki, fermer bu 1 hektardan 2 ton məhsul toplayıb. Bunu da topdan kq-ı 30 qəpikdən verir və əldə edir 600 manat. Yəni, fermer bütün bir mövsümü riskli və az rentabelli əkinlə məşğul olur hektardan ən yaxşı halda 300 manat gəlir götürəcəksə, o heç bir halda taxıl əkməkdə maraqlı olmayacaq. Çünki başqa məhsul əkəndə hektardan daha çox gəlir götürə bilir. Deməli, burada dövlət stimulşaşdırma üçün fərqli yanaşma qoymalıdır. Fikrimizcə 2 metoddan biri seçilməlidir.

1.Dövlət başqa bir məhsul əkmək istəyənə taxıl əkməyi xahiş edir və onun əkmək istədiyi məhsuldan götürəcəyi qədər əkəcəyi taxıl üçün pul ödəyir.

2.Dövlət özü iri taxılçılıq təsərrüfatları yaradır və aqrotexniki imkanları ilə daha peşəkar şəkildə bu işlə məşğul olur.

İstənilən halda taxılçılıq həm ərzaq təhlükəsizliyi cəhətdən, həm də milli təhlükəsizlik cəhətdən çox strateji sahədir. Bu sahənin inkişafı üçün bütün mümkün işlər görülməlidir. Çünki hesabat və proqnozlara görə qarşıdan qlobal quraqlıq, su böhranı, ərzaq qıtlığı gəlir. Bu baş verdikcə ərzaq və gündəlik tələbat mallarında idxaldan asılı olan ölkələr çox ağır vəziyyətə düşəcəklər. Azərbaycanın belə çətin vəziyyətə düşməməsi üçün hər cür potensial və perspektiv imkanlar var. Ona görə də, fikrimizcə, aqrar sektorda sürətli inkişaf üçün xüsusi dövlət proqramı hazırlanmalı, qısa müddətdə strateji vacib sahələrdə ciddi nəticələr əldə olunmalıdır.

Bu məqsədlə, 50 milyard dollardan artıq olan strateji valyuta rezervlərimizdən bir hissəsini sərf etmək olar. Bu ehtiyatların uzunmüddətli qoyulmayan kiçik bir hissəsini- cəmi 2-3 milyard dollarını ölkəyə gətirib real iqtisadiyyata invest etməklə qısa vaxtda ciddi nəticələr ldə edilər, həm də hazırda 1 faiz gəlirliliklə “yatan” həmin vəsaitlər ölkəmizə buna nisbətən daha çox gəlir verə bilər.

Son nəticədə regionlarda iqtisadi canlanma yaranar, ÜDM çoxalar, məşğulluq problemi həl olunar, dövlət büdcəsinin gəlirləri artar, idxaldan asılılıq ləğv olunar və ölkədən valyuta çıxışı azalar.

Taxılçılıq üçün respublikanın münbit torpaqları az deyil. Azad olunmuş ərazilərdə də taxılçılığın böyük ənənəsi var. Əgər bu sahəyə ciddi diqqət yetirilsə yaxın illərdə Azərbaycan taxıl idxalından azad ola bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə