Ekologiya və ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir - TƏHLİL

Ekoloji təhlükəsizliyin təmin olunması məqsədi ilə ətraf mühit davamlı şəkildə mühafizə edilməli, çirklənməsi də minimuma endirilməlidir. Eyni zamanda, təbiətin mühafizəsi gündən-günə təkmilləşdirilməli, hətta təbii sərvətlərdən belə səmərəli şəkildə istifadə edilməlidir və təsadüfi deyil ki, bütün bunlar Azərbaycan dövlətinin ekoloji siyasətinin əsasını təşkil edir. Məhz bu siyasət ətraf mühitin sağlamlaşdırılması məqsədi ilə ardıcıl işlərin həyata keçirilməsini tələb edir.

Bilirik ki, müstəqillik dövründən əvvəl ekologiya və ətraf mühitin mühafizəsi demək olar ki, arxa planda olub. Sovetlər ittifaqı dövründə Azərbaycan ərazisində ekologiyanın vəziyyəti, ətraf mühitin çirklənməsi həmin ölkə hakimiyyətini qətiyyən maraqlandırmırdı. Azərbaycan ərazilərində qurulan, fəaliyyət göstərən zavod və fabriklərin daha çox məhsul istehsal etməsi, daha çox gəlirlə, rentabelli şəkildə işləməsi o zaman maraq dairəsində olub. Həmin zavod və fabriklərin iş prosesi samanı tullantılarının hansı həddə olması, təbiətə onların nə dərəcədə zərər vurması, ətraf mühiti çirkləndirməsi sovetlər ölkəsi üçün qətiyyən müzakirə mövzusu belə olmayıb və həmin dövrdə istehsal müəssisələrinin təbiətə, təbii ki, nəticə etibarı ilə azərbaycanlılara ancaq zərəri dəyirdi. Belə bir vəziyyətdə ətraf mühitə vurulan ziyan Azərbaycanın ekoloji mühitini nəzərəçarpacaq dərəcədə pisləşdirmişdi və ətraf mühitin, təbiətin sağlamlaşdırılmasına böyük ehtiyac duyulurdu.

Müstəqilliyimiz yenidən bərpa edildikdən, eləcə də xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin, təbiətin, ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlamlaşdırılması istiqamətində tədbirlər görülməyə başlanıldı. Ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlərin aparılması prioritet məsələyə çevrildi, paytaxtın, eləcə də rayonların yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Yeni dövr üçün ekoloji strategiya məhz ekoloji siyasətə dair imzalanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında müəyyənləşdirildi. Bunun ardınca da, əvvəlcə 1998-ci ildə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi, sonra 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanun təsdiqləndi və 2000-ci ildə isə “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” daha iki qanun qəbul olundu. Ekoloji problemlərin həllinin dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdən olduğu 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə öz təsdiqini tapdı.

Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün sahələr kimi ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir və göründüyü kimi, bu istiqamətdə məqsədyönlü addımlar atılır. Məhz cənab İlham Əliyevin Azərbaycan Prezidenti olaraq ölkəyə rəhbərlik etdiyi son illər ərzində ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktların qəbul edilməsi, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki işlərin görülməsi qeyd olunan məqsədyönlü addımların atıldığını isbatlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu və həmin tədbirlər sayəsində görülən işlər də göz önündədir. Göz önündə olan həmin işlər dövlətimizin, dövlət başçımızın ekologiyaya, ətraf mühitin mühafizəsinə, təbiətin qorunmasına həssas yanaşdığını təsdiq edir. Azərbaycan dövləti və cənab Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyi 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bir daha öz təsdiqini tapdı və təsadüfi deyil ki, həmin il Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş ili kimi tarixə yazıldı.

“Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir”, - deyə cənab Prezident İlham Əliyevin ekoloji problemlərə həsr olunmuş müşavirələrdə qeyd etməsi ölkə rəhbərinin bu məsələyə, ekologiyaya, ətraf mühitin mühafizəsinə nə dərəcədə diqqət və qayğı ilə yanaşdığından irəli gəlir. Azərbaycanın ümumilikdə, 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülüb. Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqram”ında ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı prioritet istiqamətlər müəyyənləşdirilərək, həyata keçiriləcək vəzifələr əks olunub. Bu vəzifələrin də öhdəsindən lazyiqincə gəlinib və bütün bunların nəticəsidir ki, son illərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kifayət qədər işlər görülüb. Son illər ərzində minlərlə hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən meşə əkini və səpini aparılıb, nəticədə minlərlə ağac əkilib. Hazırda ölkədə milli parkların, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının sayı artmaqdadır, hansıki bu, məhz ətraf mühitin, təbiətin mühafizəsinə, ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına hesablanıb.

Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən təqdir edilməsi də təsadüfi sayıla bilməz. ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında hazırlanan Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi üzrə qiymətləndirmənin nəticələrinə əsasən, mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 31-cı sırada qərarlaşıb. Məhz bu qiymətləndirmənin nəticələrinə, reytinq sıralanmasına, qərarlaşmasına görə ölkəmizin Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən öndə olduğu bəlli olub. Ekoloji Fəaliyyətin Effektivliyi İndeksinə əsasən meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə isə Azərbaycanın 180 ölkə arasında 5-ci yerdə qərarlaşması isə daha qürurverici məqam sayılır və bu da ekoloji məsələlərə, təbiətin və ətraf mühitin mühafizəsinə dövlətimizin, dövlət başçımızın nə dərəcə diqqət ayırdığını bir daha aydın şəkildə göstərir.

Sözsüz ki, ekolguyanın qorunması, ətraf mühitin mühafizəsi təkcə dövlətin, dövlət başçısının, dövlət orqanlarının deyil, eyni zamanda cəmiyyətin də maraq dairəsində olmalıdır. Çünki insanlar bilməlidirlər və bilirlər ki, təbiətin, ətraf mühitin qorunmaması, onun çirklənməsi nəticə etibarı ilə ekoloji problemlərə, ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilər və bu da bütövlükdə insan cəmiyyəti üçün təhlükəli vəziyyətin yaranması deməkdir. Qlobal istiləşmə, təbiətdə su ehtiyatlarının tükənməsi və digər məsələlər məhz ekoloji tarazlıqla bağlı olan məsələlərdir və bu baxımdan insan cəmiyyəti bunun qarşısını almaq üçün əlindən gələni əsirgəməməlidir. Sevindirici haldır ki, ümumilikdə cəmiyyətimiz bu məsələyə də çox ciddi yanaşır və təbiətin, ekologiyanın qorunmasına, təbiətin mühafizəsinə qətiyyən laqeyid deyil. Elə ekoaktivistlərin dinc aksiya keçirmələri də bu baxımdan təsadüfi deyildi, ekologiyanın çirklənməsinə qarşı Azərbaycan cəmiyyətinin haqq səsini ucaltması idi. Cəmiyyətimiz digər sərvətlərimizi talan edən, yerini də viranə qoyan ermənilərin filiz yataqlarımızda da analoji vəziyyətə səbəb olan əməllərinə qarşı çıxmaqla, ətraf mühitin qorunmasının bizim üçün nə dərəcədə dəyərli olduğunu bir daha bəyan etdi ki, bu, hər kəs üçün bir dərs sayılır.

Ermənistan tərəfinin ərazilərimizi işğal etdiyi, eləcə də işğal altında saxladığı dövrdə ermənilərin bizə məxsus olan torpaqlarda ekoloji terror törətdiyi dünya ictimaiyyətinə bəllidir. Bəllidir ki, ərazilərimizdə qanunsuz şəkildə məskunlaşan ermənilər fauna və floraya nə qədər ziyan vurublar. Su hövzələrimizə, meşələrimizə, yaşıllıqlarımıza mütəmadi olaraq ziyan vuran, suyu çirkləndirən, ağacları qırıb daşıyan, yaşıllıqları qıran, yandıran, məhv edən ermənilər təbiətdə həm bitgi örtüyünə, həm də heyvanat aləminə zərər yetiriblər və bunun sayəsində ekoloji tarazlığın pozulmasına zəmin yaradıblar. Eyni zamanda təbii sərvətlərlə zəngin olan Azərbaycan torpaqlarını işğal etmələrindən istifadə edərək, əlvan metal, filiz yataqlarımızı qanunsuz istismar edən ermənilər həmin yataqlarda da ekologiyaya zidd hərəkətlərə yol verməklə təbiəti çirkləndirmişlər ki, cəmiyyətimiz bu məsələ ilə də barışmadığını ekoaktivistlərin aksiyası ilə bir daha dünyaya bəyan etdi. Bəyan etdi ki, əvvəla təbiətin, ətraf mühitin çirkləndirilməsinə, ekoloji problemlərin yaradılmasına biz yol vermərik və Azərbaycan ekologiyanın, ətraf mühitin, təbiətin qorunduğu, mühafizə edildiyi ölkədir və budan sonra da ölkəmizdə ekoloji məsələlərə həssas yanaşılacaq.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə