"Azərbaycan mətbuatının 148 illik tarixi inkişaf yolu qürur mənbəyidir" - SORĞU

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib. SİA Mətbuat Günü ilə bağlı baş redaktorlar arasında sorğu keçirib.

Rəşad Məcid, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru: “Əlbəttə, Azərbaycan mediası dünya mediasına inteqrasiya yolu tutub. Bu yol heç də asan deyil. Amma uğurlarımız var. Bu gün Azərbaycan mediası beynəlxalq aləmin diqqət mərkəzində olan Cənubi Qafqaz bölgəsi ilə bağlı etibarlı informasiya mənbəyi rolunda çıxış etməkdədir. Bunun özü kifayət qədər ciddi nailiyyətdir. Digər tərəfdən, texniki parametrlər və peşəkarlıq məsələləri baxımından da irəliləyişlər var. Ümumən, onu demək olar ki, bu gün Azərbaycanda ölkə mediasını dünya mediasının tərkib hissəsi kimi görmək istiqamətində formalaşmış iradəsi var. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında məsələyə toxunub, dəyərli fikir və düşüncələrini bölüşüb. Hesab edirəm ki, dövlət başçımızın mövcud istiqamətdəki fikirləri təkmil yol xəritəsidir.

Ümumən, Azərbaycan mediasının inkişafını iki istiqamət var. Birincisi, peşəkarlığın dərinləşdirilməsi. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzərindı dayanmaq mümkündür. Biz Medianın İnkişafı Agentliyinin xətti ilə gerçəkləşən treninqləri görür və təqdir edirik. Əlbəttə, bu fəaliyyət daha da gücləndirilməlidir. İkinci məqam Azərbaycan həqiqətlərinin təbliğidir. Güclü dövlətimiz varsa, mediamız da güclüdür. Güclü olmaq üçün isə media da həqiqətlərimizin təbliğində ardıcıl və prinsipial olmalıdır. Bu zaman dünya mediasına inteqrasiya sürətlənəcək, yeni əməkdaşlıq tendensiyaları yaranacaq. Nəticə etibarilə, hər iki məqamın inkişafı doğurduğu qənaətindəyəm. Fikrimcə, ölkəmizdə bu reallıq həm mediamız, həm də dövlətimiz tərəfindən kifayət qədər dərk edilməkdə və müvafiq addımlar atılmaqdadır”.

Vüqar Rəhimzadə, “İki sahil” qəzetinin baş redaktoru: “Mətbuatın kifayət qədər uğurları göz önündədir və Azərbaycan Milli Mətbuatının keçdiyi yol 1875-ci ildən bugünə qədər enişli-yoxuşlu, çox da hamar olmayan problemlərlə “Əkinçi” qəzetinin fəaliyyət göstərməsi və digər məsələləri vurğulamaq olar ki, çətin dönəmlər olub. Amma hesab edirəm ki, bugünkü gündə Azərbaycan mətbuatı sözün əsl mənasında mətbuat tarixində özünün inkişaf dövrünü yaşayır. Azərbaycanda mətbuatın inkişafı ilə bağlı dövlət tərəfindən kifayət qədər lazımi sərəncamlar imzalanıb. Bu da ölkəmizdə müstəqil mətbuatın inkişafında müstəsna əhəmiyyət kəsb edən qərarlardır.

Bugünkü gündə peşəkar mətbuat formalaşıb. Çap mətbuatı ilə yanaşı, eyni zamanda elektron media qurumları uğurla öz fəaliyyətini formalaşdırıb və davam etdirir. Dünyada gedən prosesləri elektron media qurumları xüsusilə dərc etmək imkanına malikdir. Media qurumları vasitəsilə dünyanın istənilən ölkəsinə dəqiqə ərzində xəbər ötürmək və ya xəbər almaq mümkündür. Son dönəmlər Azərbaycanda zamanla ayaqlaşan Media Haqqında Qanun qəbul olunub. Bu qanun medianın bütün sferalarını özündə ehtiva edən maddələrlə zəngindir. Bu qanun ümumilikdə mətbuatın fəaliyyətində müstəsna əhəmiyyətə malikdir. Media İnkişafı Agentliyi həm yazılı mətbuata, həm də elektron media qurumlara dəstək funksiyasını kifayət qədər yerinə yetirir. Azərbaycanda Mətbuat Şurası Qeyri Hökumət Təşkilatı olaraq öz işini uğurla qurub. Bu gün Azərbaycan mətbuatı müstəqil söz və fikir azadlığını özündə ehtiva edərək sərbəst şəkildə fəaliyyət göstərir. Qarşıdan gələn Mətbuat Günü münasibətilə bütün həmkarlarımı və Azərbaycan ictimaiyyətini ürəkdən təbrik edirəm. Düşünürəm ki, cəmiyyəti mətbuatsız, mətbuatı da cəmiyyətsiz təsəvvür etmək mümkün deyil”.

Aydın Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru: “Milli çap mediasının 148 yaşının olması Azərbaycan xalqının milli, mənəvi sərvətlərindən biridir. Unutmayaq ki, dünyanın Azərbaycan dövləti və xalqı kimi öz milli çap mediasının təxmini əsr yarıma qədər aşının olduğu ölkələr o qədər də çox deyildir və Azərbaycan milli çap mediasının əsr yarımlıq yaşına görə dünyanın azsaylı ölkələrindən biridir. Unutmayaq ki, dünyada özünün milli çap mətbuatının böyük tarixi və ya ümimiyyətlə tarixi olmayan xalqlar və dövlətlər var. Təbii ki, çox az sayda dövlət və xalqlar var ki, onların milli çap mediasının yaşı Azərbaycanınkından da bir qədər çoxdur. Lakin belə ölkələr də azdır. Bütün bunları deməklə bunu sübut etmək istəyirəm ki, milli çap mediası Azərbaycan xalqının, onun sivilizasiyasının ən mühüm tarixi dəyərlərindən biridir və bu Azərbaycanı dünyada tanıdan brendlərdən birinə çevrilib. Dünyada kimə desən ki, “Azərbaycan adlı dövlətin milli çap mediasının 148 il tarixi var” – yəni 148 il bundan əvvəl bu ölkədə insanlar, cəmiyyət milli çap mediasının əsasını qoyub, təbii ki, hər kəs burada Azərbaycan xalqının qürur duymalı və fəxr hissi keçirməli bir məqamının olduğu bir mənalı söyləyəcək. 148 ildə Azərbaycan çap mediası böyük inkişaf yolu keçib. Müxtəlif mərhələlərdən adlayaraq indiki səviyyəyə gəlib çatıb. Milli çap mediamız Sovet hakimiyyətinin ideoloji çərçivəsi və basqıları altında olmasına baxmayaraq, o zaman da özünün jurnalist peşəkarlığı, keyfiyyətlərini qoruyub saxladı və daha da zənginləşdirdi. Heç də təsadüfi deyildir ki, Sovet hakimiyyətinin ideoloji çərçivələrinə baxmayaraq, həmin şəraitdə yetişmiş Azərbaycan jurnalistlər nəsli 1990-cı illərdə ölkəmiz müstəqillik elan edəndə Müstəqil Azərbaycanın milli, müstəqil mediasının məhz ilk aparıcı fiqurları, peşəkarları onlar oldular. Yəni SSRİ-nin, Sovet hakimiyyətinin ideoloji çərçivəsində yetişmiş jurnalistlər həm də müstəqil Azərbaycanın milli mediasının ilk qaranquşlarına çevrildilər və çox uğurlu missiya yerinə yetirdilər. Bu, ancaq onun sayəsində mümkün oldu ki, Sovet ideoloji basqıları nə qədər güclü olsa da, Azərbaycan milli mediasının kökündə dayanan milli ənənə və peşəkarlıq keyfiyyətlərini yox edə bilməmişdir. Hansı ki, bu milli peşəkarlıq keyfiyyətləri mərhum Həsən bəy Zərdabinin, Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin, Cəlil Məmmədquluzadənin və digərlərinin yaradıcılıq irsinə söykənirdi. Müstəqillik dövründə Azərbaycan mediasının inkişafının da özünə məxsus mərhələləri var. Bu mərhələdə çap media daha da genişlənərək özünün bazası üstündə onlayn media orqanlarının yaranması və inkişafına da öz töhfəsini verdi. Təkcə bunu demək kifayətdir ki, bu gün ölkəmizin çox güclü onlayn media seqmenti mövcuddur və bu seqmentin aparıcı simaları, onun jurnalist ordusu, onun gücü məhz çap media orqanlarında yetişmiş, formalaşmış jurnalistlərdir. Çox maraqlı bir xüsusiyyət də budur ki, Azərbaycanın çap mediası medianın digə seqmentlərinin yaranmasına qısqanc yanaşmadı, öz mövqeyini nəyinbahasına olursa-olsun qoruyub saxlamağa kimlərəsə diqtə etməyə çalışmadı. Əksinə, yeni internet media seqmüntlərinin yaranmasına özünün bütün imkanlarını təqdimn etməklə bərabər, öz inkişafı üçün də onun verdiyi imkanlardan bəhrələndi. Təsadüfi deyil ki, bu gün bir vaxtlar ölkənin ən aparıcı çap mediab orqanlarından sayılan qəzetlər öz mövcudiyyətlərini məhz çap formasında qoruyub saxlamaqla bərabər, həm də onlayn media versiyalarını da yaradıblar, hansı ki, onlar da çox uğurla cəmiyyətin informasiya tələbatının ödənilməsində öz rolunu oynayır. Azərbaycanın istər çap mediası, istərsə də onlayn mediası olsun, dövlətçilikdə mühüm missiya həyata keçirirlər və dünyaya sübut etdilər ki, dövlətçilik mövqeyində və Azərbaycançılıq ideologiyası mövqeyində dayanmaq hər bir ölkənin mediasının inkişafının güclü olmasının ən mühüm şərtlərindən biridir. Mən deyərdim ki, bunu dünya mediasına 21-ci əsrin əvvəllərində Azərbaycan mediası sübut etdi. Çünki özü də bu yolu seçdi. Dövlətçilik mövqeyi, ölkəçilik, Azərbaycançılıq ideologiyası və bu mövqe və ideologiyaya söykənməklə hər cür təhlükələrdən və ziyanlı təsirlərdən çıxaraq dinamik inkişaf yolunu təmin edə bildi. Azərbaycan mətbuatının 148 illik tarixi inkişaf yolu qürur mənbəyidir. Bizim milli Azərbaycan sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri olaraq qürur mənbəyidir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə