Vətənpərvərliyi formalaşdıran əsas amillər: MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ FOLKLOR

Millətin milli mənlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Milli mənlik şüuru isə məhz tarixi yaddaşa əsaslanır.Xalqın yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətlər, qəhrəmanlıq tarixi, eyni zamanda dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir. Ölkənin iqtisadi-ictimai, mədəni inkişafı, əhalinin sosial rifahı da vətənpərvərlik təbliğatında ruh yüksəkliyi yaradan əsas faktorlardan biri kimi qiymətləndirilməlidir.

Ulu Öndərimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizə yüksək qiymət vermiş, dövlət siyasətinin əsas prioritetlərindən biri kimi bunu həmişə diqqət mərkəzində saxlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da bu məsələlərə hər zaman önəm vermişlər.

Vətənpərvərlik və milli-mənəvi şüurun təbliği bir tərəfdən ictimai səciyyə daşıyaraq şagirdlərin, tələbələrin vətəndaş kimi formalaşmasında, öz Vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir, digər tərəfdən vətənpərvərlik gənclərdə vicdan, ləyaqət, ədalət hisslərini tərbiyə edir, onları şəxsi mənafe, eqoizmdən uzaqlaşdıraraq, millət, xalq sevgisini oyadır. Bu isə öz növbəsində dövlətin demokratik prinsiplərlə idarə olunmasına, xalqın mənafeyinə xidmət edilməsinə zəmin yaradır. Bir sözlə, Vətənini, xalqını, millətini, torpağını sevən şəxsin ədalət və mərhəmət hissi də uca olur.

Əsl vətəndaş dedikdə, vətənə, dövlətə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi özbaşına, kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlarda vətənpərvərlik tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, savadlı olmalı, vətəni sevməlidirlər. Onlar hər bir işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklə barışmamalıdırlar. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

Vətənpərvərlik hissinin formalaşmasında folklor yaddaşının, xüsusən də özündə bu və ya digər tarixi hadisənin izlərini daşıyan folklor nümunələrinin də xüsusi rolu olduğu heç bir şübhə oyatmır.

Azərbaycan folkloru qürur mənbəyimiz olan tariximizin şanlı səhifələri ilə həddən artıq zəngindir və heç bir tərəddüd etmədən deyə bilərik ki, burada ən qədim dövrlərdən başlayaraq günümüzədək baş vermiş bir çox real tarixi hadisənin folklorlaşmış əksini görürük. Ən əski nümunələrdən söz açarkən hələ e.ə. V əsrdə Herodot tərəfindən yazıya köçürülmüş “Astiaq” və “Tomiris” əfsanələrini misal çəkmək olar. Təsadüfi deyil ki, tarixçilər sözügedən əfsanələrin süjetini real tarixi hadisələr, folklorşünaslar isə sırf folklor nümunəsi kimi gözdən keçirmişlər.

Eyni fikirləri “Alp Ər Tonqa dastanı”na da şamil etmək mümkündür. Orada haqqında söz açılan, qədim Aşşur mənbələrində adı “Partatua”, yunan mənbələrində “Prototiy”, fars mənbələrində isə “Əfrasiyab” kimi çəkilən Alp Ər Tonqa real tarixi şəxsiyyət kimi Azərbaycan məkanında öz yerini tutub.

Tarixi mənbələrdə onun işğuzların (iç oğuzların) başında durduğu, e.ə. VII əsrdə yaşadığı, Cənubi Azərbaycandakı Urmiya gölü sahilində qətlə yetirildiyi qeyd edilir.

Xalq arasında ona və qəhrəmanlıqlarına o qədər böyük rəğbət olmuşdur ki, zamanla haqqında dastan qoşulmuş, ölümünə ağılar söylənmişdir.

Məlum olduğu kimi, Mahmud Kaşğarlının “Divan”ında yer alan çoxsaylı şeir nümunələrindən biri də Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıdır:

Alp Ər Tonqa öldümü,

İsiz ajun kaldımu,

Ödlək öcin aldımı?

İmdi yürək yırtılır…

Folklorda yaşayan tarixin izlərindən söhbət açan tədqiqatçılar bu münasibətlərin genişliyinə və mürəkkəbliyinə diqqət çəkərək qeyd edirlər ki, folklorun tarixi gerçəkliklə bağlılığı, tarixi hadisələrin folklorda əks olunması, folklorun tarixi hadisələrə münasibətdə yaddaş rolunu oynaması təkcə folklor mətnləri ilə tarixi hadisələrin münasibətlərini əhatə etmir. Tədqiqatçıların fikrincə, bu münasibətlərin çevrəsi çox geniş olub, ümumiyyətlə, insan yaradılışının, onun şüurunun psixogenetik, etnogenetik, linqvogenetik və s. də daxil olmaqla çox geniş məsələlərini əhatə edir. Qədim tarixin folklorda əks olunması hər hansı tarixi hadisənin, yaxud tarixi şəxsiyyətin folklor obrazının yaradılması ilə məhdudlaşmır. Burada düşünüldüyündən çox geniş məsələlər var. Folklor həm də dünyagörüşüdür. Xalqın öz tarixi boyunca qavrayıb mənəvi təcrübəyə çevirdiyi nə varsa, folklorda əks olunur. Deməli, folklor ilə tarixin münasibətləri, əslində, daha geniş mənada həm də şüur və gerçəklik münasibətləri deməkdir.

Folklorda yaşayan tarixin izlərindən söz açarkən hərbi vətənpəvərlik hisslərinin aşılanması baxımından son dərəcə böyük önəm daşıyan “Dəqə Qorqud” və “Koroğlu” kimi qəhrəmanlıq dastanlarından yan keçmək, əlbəttə ki, mümkün deyil.

“Kitabi-Dədə Qorqud”un hər boyunda bir oğuz igidinin qəhrəmanlığından danışılır. Hadisələr yay-qış qarı-buzu əriməyən Qazlıq dağında, alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə, Gəncədə, Bərdədə, Dərəşamda, Qaraçuqda, Aladağda, Ağcaqalada, Göyçədə, Bayatda baş verir və bütün bunlar onu sübut edir ki, “Kitabi-Dədə Qorqud” məhz Azərbaycan xalqının sənət abidəsi, söz abidəsidir. Əsərdəki bir çox yer, yurd adları günümüzdə də həmin adlarla tanınmaqdadır.

Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarından keçməyə hazırdırlar. Oğuzlar öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib, qəfil hücuma keçdikdə oğuz igidləri hamılıqla Vətənin müdafiəsinə qalxır, düşməni tar-mar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.

“Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və bunların hamısının arxasında soy-kökümüz olan oğuzların keçmiş tarixi durur. Y.Mahmudov təsadüfən yazmır ki, “Kitabi-Dədə Qorqud” türklüyün, o cumlədən Azərbaycan tarixinin öyrənilməmiş dünyasıdır. Bəli, həqiqət budur ki, tariximizin araşdırılması zamanı dastanlarımıza hələ də tarixi qaynaq kimi müraciət edilməsinə təsadüfi hallarda rast gəlirik. N.Dəmir bu mövzuya toxunaraq qeyd edir ki, “dastanlar millətlərin ensiklopediyasıdır. Tarixi ünsürlərin yanında millətlərin keçmişdəki gələnək, görənək və yaşayış tərzləri ilə ilgili olaraq bəlkə də heç bir qaynaqda rast gəlinməyən bilgilər dastanlarda yer almaqdadır.Onun bu fikri ilə razılaşan İ.Sadıq bildirir ki, “dastanlardan tarixi qaynaq kimi istifadə etmək üçün, birinci növbədə, onlardakı gerçəklikləri duymağı və görməyi bacarmaq lazımdır. Bu tarixi gerçəklikləri duymağı və görməyi bacarmayanda onlardan istifadə etmək xeyli çətinləşir”.

Tarixi mənbələr Dədə Qorquddan real tarixi şəxsiyyət kimi söhbət açır. Məsələn, Rəşidəddinin “Came-ət-təvarix”inin Türkiyə nüsxəsində Dədə Qorqudun VII əsrdə, Həzrət Məhəmmədin (s) dövründə yaşadığı bildirilir. Salnaməçi qeyd edir ki, “o, Məhəmməd (s) peyğəmbərlə şəxsən görüşmüş, ondan dərs almış və dörd oğuz hökumətinin vəziri olaraq 295 il ömür sürmüşdü”.

Dədə Qorqudun real tarixi şəxsiyyət olduğu, hətta məzarının Dərbənddə yerləşdiyi məlumdur. Məsələn, Övliya Çələbi Qafqazda olarkən Dərbənddə Dədə Qorqudun müqəddəs qəbri və “40-lar qəbiristanı” barədə indi də öz elmi-tarixi əhəmiyyətini itirməyən rəvayətlər qələmə almışdır.Vaxtilə Azərbaycanda olmuş alman səyyahı Adam Oleari də Dədə Qorqud haqda yerli camaatdan çoxlu rəvayətlər eşidib. O yazır ki, Dədə Qorqudun məzarı Dərbənddə, Qazan xanın qəbri Təbrizdə Acıdərə çayının sahilində, Burla xatunun qəbri isə Urmiya qalasındadır.

Eyni hal “Koroğlu” dastanı üçün də xarakterikdir.

Araşdırmaçıların bir çoxu “Koroğlu” dastanını Cəlalilər hərəkatını öyrənmək baxımından əvəzedilməz mənbə hesab edir. Bu da, təbii ki, XVI–XVII əsrlərdə baş vermiş siyasi olayların dastanda təsvir edilən hadisələrlə bu və ya digər dərəcədə səsləşməsindən qaynaqlanır.Belə hesab edilir ki, “Koroğlu” dastanını ümumi kontekstdən – XVI-XVII əsrlərdəki Osmanlı-Səfəvi qarşıdurması prizmasından öyrənmək özünü doğruldur.

Bu fikir Azərbaycan tarixşünaslığında geniş yayılmışdır. Qəbul olunmuş yekdil rəyə görə, “Osmanlılarəleyhinə üsyanlar hər yerdə elə səs salmışdı ki, əfsanəyə bənzər epik və qəhrəmanlıq dastanları xalqın dilindən düşmürdü. Bunlardan biri də məşhur “Koroğlu” dastanıdır”.

Həmin fikri folklorçu alimlər də paylaşırlar.

Hərbi vətənpərvərlik motivli qəhrəmanlıq dastanlarına digər türk xalqlarında da rast gəlinməkdədir. Bu baxımdan qırğızlara aid olan “Manas” dastanını misal çəkə bilərik. Belə hesab edilir ki, onun yaranış dövrü IX-X əsrlərə təsadüf edir. Məsələn, A.Sadıkovun fikrincə, eposun mühiti IX-X əsrlərin mühitinə tam uyğunluq təşkil edir. A.Cəmil də onun fikri ilə razılaşaraq qeyd edir ki, “Manas”dan əvvəlki dövrün ictimai-siyasi ab-havasını, mənəvi iqlimini öyrənməklə eposun hansı tarixi zəmində yarandığını, formalaşdığını öyrənmiş oluruq. Bu baxımdan VII-VIII əsrlərdə Yenisey ətrafında mövcud olmuş qırğız xaqanlığının tarixini nəzərdən qaçırmağa haqqımız yoxdur.

Heç şübhəsiz, “Manas” qəhrəmanlıq dastanıdır. O, qırğızların etnogenezi prosesinə aydınlıq gətirəcək etnoqonik motivlərdən də xali deyildir. Eyni sözləri Manasın paradiqmaları olan Alp Manaş (eyniadlı Altay nağıl-poemasının qəhrəmanı) və Alpamışın (eyniadlı qazax dastanının qəhrəmanı) simasında Altay və qazax türkləri haqqında da söyləmək olar.

“Manas” dastanında da eynən “Kitabi-Dədə Qorqud”da olduğu kimi, “qırx qız” motivinə, eləcə də “qırx ərən”, “qırx igid” barədə süjetə rast gəlirik. Bunlardan sonuncusu barədə B.Ögəl yazır: “Dədə Qorqud” kitabındakı Oğuz bəylərinin qırx igidi türk mifologiyasının ölməz və dəyişməz motividir… “Manas” dastanında Dədə Qorqud nağıllarında adı çəkilən qırx igidlə əlaqədar bəzi hadisələrə də rast gəlirik".

Yeri gəlmişkən, qaraqalpaq türkləri içərisində də qırx qızla bağlı süjet və motivlərə rast gəlinməkdədir. Söhbət “Qırx qız” dastanından gedir. Bu dastanın süjeti ilə Quzey Qafqaz xalqlarının ortaq abidəsi olan və e.ə. l minilliyin ortalarında, iskit-sak mühitində formalaşdığı hesab edilən nart eposunun ümumi süjet və motivlərə sahib olması mütəxəssisləri çoxdan heyrətə salmışdır. “Qırx qız” dastanında öz qırx qadın döyüşçüsü ilə, yəni qırx amazonka ilə birlikdə uzaq bir adada yaşayan və xalqını düşmənlərdən qoruyan Gülayım adlı hökmdar qadından bəhs edilir.

Türk qəhrəmanlıq folklor motiv və süjetləri içində müəyyən qədər gözdən kənarda qalan, fəqət üzərində durulması vacib olan dastanlar da az deyil. Bu baxımdan Türk-Tatar xanı (padşahı) Puqaçaunun rus işğalçılarına qarşı savaşına həsr olunmuş nəğmələri misal çəkə bilərik. Türk-tatar folklor yaddaşı sözügedən şəxsi Türk padşahı kimi təqdim etsə də, rus tarixşünaslığı bu faktı uzun müddət inkar etmiş, onu kəndli üsyanının başçısı və quldur kimi qələmə vermişdir. Rus mənbələrində onun adı “Puqaçov” kimi çəkilməkdədir. Son dövrlərdə bəzi rus tarixçiləri bu saxtakarlığı ifşa edən bir neçə məqalə ilə çıxış etmişlər.

Puqaçauya həsr edilmiş nəğmələrdə həm rus çarı I Pyotr (Petr), həm də Puqaçau “patşa” (padşah) kimi yad edilirlər. Bunlardan birincisi mənfi, ikincisi isə müsbət obraz kimi çıxış edir. Nəğmələrdə XVIII əsrin 70-ci illərində cərəyan etmiş real tarixi hadisələrdən bəhs olunur. Onlardan biri “Puqaçau patşa” adlanır:

Puqaçau patşanı kürse idenq, (Puqaçau padşahı görsəydin),

Allarınnan bil böqen uzsa idenq, (Qarşısından keçib təzim etsəydin),

Arqamak menep, dantotıo, (Yorğa ata şərəflə minib),

Caekya ularında yörsəidenq. (Ural yaylaqlarına yürüsəydin).

Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkə olaraq dünyadakı qloballaşma prosesindən də yan keçmir. Bütün bunlara baxmayaraq qloballaşma adı altında milli-mənəvi dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq qalmalıyıq.

Milli-mənəvi dəyərlərimiz dövlət siyasətinin ən önəmli və vacib istiqamətlərindəndir. Xalqımızın keçmişini özündə əks etdirən folklor nümunələrində biz qəhrəmanların vətənlərinə, yurdlarına olan sevgisinin şahidi oluruq. Şübhəsiz ki, bunlar gələcək nəsildə vətənpərvərlik hissinin yaranmasında mühüm rol oynayır.

XƏYALƏ AĞAYEVA

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bütün xəbərlər Facebook səhifəmizdə