Əbləhlərin son oyunu (Dramatik hekayə)

AĞALAR İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Sənət müəllimlərimə və məddahlıqdan uzaq olan əyilməz, üsyankar rejissorların, teatr rəhbərlərinin qəribə, faciəli taleyinə ithaf edirəm.

Müəllif

- Nə oldu, zəng elədin?

- Bəli.

- Gəlir?

- Xeyr.

- Niyə?

- İmtina elədi.

- Axı, niyə?

- Dedi, gəlməyəcəm, sonra da, - deyə şöbə müdirinin səsi birdən-birə tutuldu, sarı, çil-çil sifəti qıpqırmızı qızardı və qorxa-qorxa göy gözləri ilə nazirə baxdı. Baxdı ki, ona rejissorun söyüşünü olduğu kimi desin, ya yox.

- Sonra nə? - deyə nazir onu fikirdən ayırdı.

- Söyüş söydü... Özü də biədəb...

- Kimi?

- Hamını. Hətta kişinin özünü də.

- Necə? Kişinin özünü də? - deyə kök, uzunburun nazir əlindəki dəsmalla sifətinin, başının tərini silib, təəccüblə incəsənət şöbəsinin müdirinə baxdı.

- Bəli.

- Bəs sən nə dedin?

- Dedim ki, buna görə cavab verməli olacaqsan. Lap prokurorun qarşısında.

- O nə dedi?

- Güldü.

- Kimə?

- Nə bilim.

- Balvan! Necə yəni, nə bilim? Ürəyimi çəkmə. Bir yerli-yataqlı danış görüm, söhbətiniz necə oldu? Niyə onun danışığını maqnitafona, diktafona yazmadın? Hazır material kimi göndərərdik kişinin özünə. Doğrudan da sən balvansan, - deyə nazir gurultulu səslə əlini masaya vurdu.

- Ağlıma gəlmədi.

- Olan şeyə gəlməlidir də... Belə getsə, səni işdən çıxardacam. Onda nə vəzifəli qaynanan, nə özündən on yaş böyük arvadın, nə də arvadının yüksək rütbəli qohumları sənə kömək eləyə bilməyəcək. Heç olmasa deyə bildin ki, tamaşaya pul ayrılmayacaq?

- Dedim.

- Ay kişi, ürəyimi çəkmə də. Yerli-yataqlı danış. Bəs o nə dedi?

- Söydü. Dedi ki, atanızın pulu deyil. Dövlətin puludu, verməlisiz. Verməsəniz də, o pulu lap yuxarıya şikayət etmək lazım olsa belə sizdən alacam. Bu böyüklükdə, dünya səviyyəli bir tamaşa hazırlayıram.

- Alar!.. Başqa şey alar... Nə olar... O, o olsun, mən də mən, - deyə, kök nazir əllərini şalvarının cibinə salıb, otaqda var-gəl etməyə başladı.

Şöbə müdiri nazirin bu sözlərindən bir qədər fəallaşdı. Boğazını arıtlayıb bir qədər ərklə dedi:

- Keçən il onunla qurtarmaq lazım idi. Məni təhqir edib, tamaşanın müzakirəsindən qovanda... O tamaşada kişiyə sataşan çoxlu yerlər vardı...

- Görmədin, nə qədər müdafiəçiləri tapıldı? Elə kişinin öz ətrafında işləyənlərdən... Sonra nazirlik tərəfindən göndərdiyimiz yoxlama da teatrda elə ciddi bir şey tapa bilmədi.

- Niyə ki? Beş nəfərin imzası ilə şikayət məktubu almışdıq. O məktubu şişirtmək, ora-burasına əlavələr edib, işdən çıxarmaq ki, olardı?.. Aktrisa da deyirdi ki, lazım olsa, lap üzünə duraram. Azdan-çoxdan respublikada tanınan aktrisadı. Özü də başqa millətin nümayəndəsidi. Səfırlikləri də onu müdafiə edəcəkdi...

- Əşi, sənin o aktrisan həlləm-qəlləm və çox tərbiyəsiz adama oxşayır. Danışığında məntiq yoxdu...

- Niyə ki? Hər şeyi yerli-yataqlı danışırdı.

- Gözünə baxanda görürsən ki, yalan deyir. Özü də onun nə vid-fasonu var ki... Teatrda o qədər cavan aktrisalar var. Özləri də rol oynamaqçün hər şeyə razıdırlar... Bir tərəfdən, insafla götürsək, axı o, heç elə də natəmiz adam deyil. Biz özümüz qadınlara qarşı ondan beşbetərik... Fəxri ad verdiyimiz gözəgəlimli qadınların çoxu həmin adları elə-belə almayıb ki... Çoxu da həmin adlara heç layiq deyil… Bir də o məktubu biz özümüz düzüb qoşmamışdıq?.. Bəlkə elə deyil?

- Bəs onda neyləyək? Teatrda onun tərəfdarları çoxdu. İşçilərin çoxu onu müdafıə eləyir.

- Deməli, elə tutarlı şey tapmalıyıq ki, heç kim heç yerə şikayət edə bilməsin. Ən birincisi də o, özü mat qalsın bizim bu oyuna.

- Mənə elə gəlir ki, onu şantaj etsək, teatrda iclas çağırıb, o iclası özümüz istədiyimiz kimi fırlatsaq, qələbə çala bilərik. Aktyor məxluqu saqqallı uşaq kimi bir şeydi. Bəzilərinə yalandan ayrı-ayrı vədlər versək... pul, fəxri ad, ev, orden, medal, mükafat, yəqin ki, onları tora sala bilərik. Axı, hər ikimiz əvvəllər teatrda işləmişik. Bu teatr məxluqlarını da yaxşı tanıyırıq... Çoxunun xəmirinin necə sıyıq olduğunu da bilirik…

- De görüm, “Hamlet”in vəziyyəti nə yerdədi?

- Deyəsən, yaxşı açar tapıb. Hamı deyir ki, yaxşı tamaşa olacaq...

- Əgər o tamaşanı yaxşı hazırlasa, deməli, biz ona heç nə edə bilmyəcəyik.

- O düzdü.

- Deməli, biz var qüvvəmizi sərf eləməliyik ki, o, tamaşanı hazırlaya bilməsin... Onda bizim dilimiz daha uzun olar.

- Necə edə bilərik?

- Teatrda nəyin bahasına olursa-olsun, ləxləxə salmaq, xaos yaratmaq lazımdır... Özü də eşitmişəm ki, “Hamlet”i bu günkü hökumətin əleyhinə hazırlayır. Bu da əlimizdə tutarlı fakt olar. Bütün oyunumuzu bu tamaşanın üstündə qurmalıyıq. Axı, sənin əvvəllər rejissorluğun da olub. İndi ondan istifadə etməliyik.

- Sizin də ssenari yazmaqda, oyunları düzüb-qoşmaqda bizə köməyiniz lazımdı.

- Nə lazımsa, kömək edəcəm. Biz bu dili uzun rejissora, teatr rəhbərinə elə dərs verməliyik ki, lap dədəsinin toyu yadına düşsün. Tfu!.. Günümüzə bax ey... Adi bir teatr rəhbəri, nesçasnıy rejissor nə var-nə var, beş-üç tamaşa hazırlayıb, bir az adı-sanı, fəxri adı var, bizimlə, mənimlə, adə, belə asıb-kəsən, şeytana papış tikən nazirlə qoz-qoz oynayır. Mən onu yerində oturtmasam və bununla da başqa teatr rəhbərlərinə dərs verməsəm, sonra mənim özümü yeyərlər...

- Cənab nazir, onlar kimdi ki? Örkən nə qədər uzun olsa, gec-tez gəlib doğanaqdan keçəcək,- deyə şeytansifət şöbə müdiri əlini sinəsinə vurdu...

- Keçən dəfə şikayət edən aktyorları, aktrisaları çağırmısan?

- Bəli.

- Neçə nəfərdilər?

- Beş nəfər. Deyirlər ki, lazım olsa, beş nəfər də bizə qahmar çıxanlar var teatrda.

- Hardadılar?

- Gözləmə otağında.

- Çağır gəlsinlər.

Ördək kimi yeriyən, kök şöbə müdirinin göy, bic gözləri parıldadı, dodaqları yana dartıldı, seyrək, sapsarı dişləri göründü və sevincək qarnını qabağa verib, otaqdan çıxdı.

- Birdən yenə də yuxarıdan kimsə mənə mane olsa onda nə edim? - deyə nazir geniş otağında iri addımlarla o tərəf, bu tərəfə gəzməyə başladı. Onun ət basmış göz qapaqları dartıldı və gözlərini bərəldərək fikrini cəmləşdirməyə çalışdı. Əsas məsələ odur ki, kişini inandırmalıyam. İnanar. Onsuz da uşaq kimi şeydi. Nə deyirəmsə, inanır... Nəvələrinin ad günündə saksafon, pianino çalıb, mahnılar oxumuram… Bir də inanmayıb, nə edəcək? Hamı bilir ki, mədəniyyətin balansında olan çoxlu binaları, əntiq şeyləri mən ona vermişəm. O da mənə çoxlu səlahiyyətlər verib... Mən də gərək baş qaldıranların burnunu vaxtında ovam ki, sonra əl-ayağa dolaşmasınlar. Bir də gərək bu özündən müştəbeh teatr rəhbərlərinin, baş rejissorların, idarə rəislərinin, rejissorların tez-tez başından toppuzla vuram ki, həmişə gözü qıpıq olsunlar... Qorxularından biletlərdən qazanqıqlarını son qəpiklərinə qədər gətirib mənə versinlər. Dövlət sifarişi ilə hazırlanan tamaşaların pulunun da tən yarısını mənə gətirsinlər... Belə olmasa, onlar Allahla allahlıq edərlər...

Bu vaxt aktyorlar onun otağına gəlib, nazirlə görüşdülər. Nazir, qara sifətinin tərini silib gülümsündü və onlara yer göstərdi.

- Buyurun, əyləşin.

Hamı oturdu. O, qara sifətində bir az da gülümsər bir vəziyyət yaratdı. Sonra diqqətlə onlara baxıb şöbə müdirinə:

- Bu şəxslərin hamısı fəxri adlara təqdim olunub?

Şöbə müdiri bu sualdan əvvəlcə çaşdı və nazirin qaşının işarəsindən nə dediyini başa düşdü.

- Bəli. Bəli, cənab nazir. Bunlar bizim millətin ən müqtədir aktyorlarıdı. Hamısı üçün təqdimat yazılıb. Hətta bu günlərdə Kinostudiyada iki rejissor kino film çəkməyə hazırlaşır. Bunların beşi də orada əsas rolları oynayacaqlar. Az vaxtda dünyada tanınacaqlar. Hətta İngiltərədən dəvət elədiyimiz rejissor da onların teatrında gələn mövsümdə tamaşa qoyanda orada da əsas rolları onlar oynayacaq.

- Lap yaxşı. Bir daha xoş gəlmisiz. Nə var, nə yox? Bilirəm. Teatrınızda baş verən hər şeydən xəbərim var. Teatrın rəhbərinin sizi incitməsindən də, maaşınızın azlığından da. Özündən müştəbeh teatr rəhbərinizin sizi fəxri adlara təqdim etməməsindən də... O, elə bilir ki, teatr onun atasınındı. Nə istəsə, edə bilər. Kimin istəsə başını sığallayıb, kimin istəsə başına qapaz vura bilər. Ancaq deyəsən, kimlərinsə onu müdafiə eləməsi sizin teatrın rəhbərinin başını elə gicəlləndirib ki, tamam yadından çıxarıb bu, dövlət teatrıdı. Onun dədəsi Qafar kişinin deyil. Onu da teatra bədii rəhbər və direktor biz qoymuşuq. Şəxsən mən qoymuşam.

- Çox sağ olun, cənab nazir. Doğrudan da, elə siz adınıza layiq aqilsiniz. Ürəyimdən tikan çıxardız, - deyə orta yaşlı boynu çiyinlərinin arasında batmış, donqar, qara sifətli, domba gözlü, balacaboy aktyor bir az stulunu qabağa çəkdi. Hiss olunurdu ki, ürəyi doludur. Nazir bunu hiss eləyib bir az da kəskin danışdı.

- Hamlet sənin rolundu. Götürüb ağzından süd iyi gələn bir aktyora verib. Keçən dəfə sən hökumət konsertində şeir deyəndə, şəxsən kişi mənə deyib ki, belə artistlər bizim məmləkətdə çox azdı. Bu aktyoru qorumaq lazımdı. Necə şeir dedinsə, kişinin lap gözləri dolmuşdu... Mən özüm qəsdən kişiyə baxırdım. Az qalırdı ki, zülüm-zülüm ağlasın.

- Ona görə də teatrın rəhbəri bizim qədrimizi bilir də, -deyə danışığında diffekt olan, “s” hərifini “ş” kimi tələffüz eləyən yaşlı aktrisa dözməyib, eyhamla başını bulayıb, sözə qarışdı.

- Onun minnəti olsun ki, sizin kimi istedadlı bir aktrisa rəhbərlik etdiyi teatrda işləyir. Bütün respublika sizi tanıyır. Bizim həmişə uşaqlıqdan oynadığınız, nədi o... - deyə nazir aktrisanın oynadığı rollardan heç olmasa, birinin adını yadına salmaq istədi. Yadına düşmədi.

- “Meşə çaqqalsız olmur”da Küpəgirən Qarı, - deyə şöbə müdiri ona kömək etdi.

- Hə, hə, çaqqal... eeee Küpəgirən Qarı. O rolu yaddan çıxarmaq qeyri-mümkündür, - deyə nazir ayağa durub, gəlib aktrisanın boynunu qucaqladı və həbəşi dodaqlarının tərini əlindəki dəsmalla silib onun üzündən öpdü.

Aktrisa məmnunluqdan az qaldı ki, onun qarşısında ərisin.

- Çox sağ olun. Çox məmnunam... Mən elə bilirdim ki...

- Bax, ona görə də sizi xalq artistliyinə təqdim etmişik. Bəli, bəli. Birbaşa xalq artisti. Əlli ildir ki, səhnədəsiz. Sizin sənədlərinizi elə sabah Prezident təqaüdünə də təqdim edəcəm. Hazırlaşın, gələn il yubileyinizi də keçirəcəyik.

- Bəs teatrın rəhbəri deyir ki, keçirməyəcək?

- Əgər o vaxta qədər teatrda qalsa, keçirməz, - deyə yaşlı aktyor söhbətə qarışdı.

- Elədi. Şəxsən mən nazir kimi ondan xeyli narazıyam. Çox kobud və tərs adamdı.

- Keçən dəfə yazmışdıq də. Çıxaraydınız, - bunu da orta yaşlı, hündür boylu, dəvəyə oxşar aktyor dedi.

- Biz ona imkan verməyəcəyik ki, “Hamlet”i hazırlasın. Millətimi təhqir edib. Mən gedib səfirliyimizə demişəm. Ya ona verən Allah, ya mənə, - bunu da başqa millətdən olan və hələ də Azərbaycan dilində təmiz danışa bilməyən aktrisa dedi.

- Buyurun. Biz indi beş nəfərin imzası ilə sizə şikayət məktubu gətirmişik. İclas keçirin, hamısını durub onun üzünə deyək. Mənə imkan vermir tamaşa hazırlayım. Mən heç də ondan pis rejissor deyiləm. Nə olsun, rejissor təhsilim yoxdu? Bəli, biz ona imkan verməyəcəyik ki, o, “Hamlet”i cavan bir malçişka ilə hazırlasın, - bunu da orta yaşlı, ucaboy, dəvəyə oxşar aktyor hinduşka kimi boynunu qabağa uzadıb dedi.

...Nazir aktyorları, aktrisaları necə qızışdırdısa, necə barıt qoydusa onlar dil qəfəsə qoymadan, binəva teatr rəhbərini, məmləkətin ən tanınmış rejissorlarından birini, teatr aləmində böyük eksperimentlər edən bir şəxsiyyəti heç eləyib, ortaya qoydular. Onun məişət pozğunu olduğundan, neçə-neçə ailə, ev dağıtmasından, səhərdən-axşama qədər araqla yatıb, araqla durmağından, siqareti-siqaretə calamasından, hərdən siqaretin içinə nəşə də qoymasından, hökumətin əleyhinə danışmasından, hətta hansısa ölkənin şpionu olmasından, atasının da 1937-ci ildə həbs olunmasından, istedadsız, yararsız adam olmasından, daha nə bilim, nələrdən, nələrdən danışdılar...

Arada nazir onların yazdıqları şikayət məktubuna da baxdı. Söhbətin kulminasiya yerində bir qədər amiranə səslə dedi:

- Çox sağ olun. Mən heç bilmirdim ki, siz bu millətin mədəniyyətini, teatrını belə çox sevirsiz. Teatrımızın gələcəyinə belə ürəyiniz yanır. Mən sizə söz verirəm ki, biz onu tezliklə teatrdan uzaqlaşdıracağıq. Lap yeri gəlsə, tutduracağıq... Qoy bir dörd-beş il də iş versinlər. Gedib həbsxanada yatsın. Məhbuslarla, özü kimi cinayətkarlarla, zeklərlə tamaşa hazırlasın. Başı ağlına... e... ağlı başına gəlsin. Ancaq bu işdə millətin müqtədir sənətkarları kimi siz bizə kömək etməlisiz. Bu məktubda çox şey yumşaq yazılıb. Tutarlı faktlar azdı. Barıtını çox etmək lazımdı. Çalışın teatrdan heç olmasa iyirmi aktyor bura imza atsın. Özü də deyin ki, kim bura imza atsa, onlara da fəxri adlar, ev, Prezident mükafatı, Prezident təqaüdü verəcəyik. Bax, bayaqdan burada nə danışmısızsa, bir az da üstünə artırıb, təzədən yazın.

- Birdən...

- Nə birdən? - deyə nazir, aktrisanın sözünü kəsdi.

- Demək istəyirəm ki, birdən o bizi məhkəməyə verdi ki, bəzi şeyləri düz yazmamışıq, - deyə aktrisa nədənsə elə bil qorxdu.

- Qorxmaq lazım deyil. Bəs biz nəyik? Ölmüşük? Elə işimiz onu-bunu bir-birinin üstünə qaldırmaq olub də. Necə lazımdısa, sizi müdafiə edəcəyik. Siz fəxri adlar, evlər, mükafatlar alanda, o, qorxusundan sarısını tamam udacaq!..

Nazirin bu sözləri onları bir az da ürəkləndirdi.

- Yaxşı. Necə lazımsa, yazarıq. Mən bu yazmaq işində çox təcrübəliyəm. Yeddinci sinifdən anonimkalar, şikayət məktubları yazıram. Hətta vaxtı ilə atam, anamı boşadığına görə onun və əmim haqqında da Leninin mavzoleyinə şikayət məktubu yazmışam və onları işdən çrxartdırmışam, - deyə dəvə görkəmli, hinduşka boyunlu, arıq aktyor dedi.

- Nəinki yazarıq, lap atasını yandırarıq, - deyə aktrisa dilləndi.

- Gedib o birilərinə də deyin ki, nazirlik siz tərəfdədi, - bunu şöbə müdiri bütün nazirliyin adından dedi.

- Hə. İndi rejissor fason dursun bizim qabağımızda, görək necə durur, - bunu isə boynu çiyinlərinə girən dombagöz aktyor şəstlə dedi.

- Arvadlarının hamısı yığışsa da, ona heç bir köməklik edə bilməyəcək, - bunu da başqa millətdən olan aktrisa yana-yana dedi. Çünki həmin aktrisa hər gün ənniy-kirşanla, vurduğu Fransız ətirləri ilə rejissora çox yaxınlaşmaq istəsə də, rejissor ona məhəl qöymurdu. Bu da onu yandırıb-yaxırdı…

Nazir: Gedin, işə başlayın! - dedi. Allah işimizi avand eləsin. Keçin şöbə müdirinin otağına, məktubu yenidən tutarlı faktlalrla yazın və sonra da aparıb teatrda bir neçə adama qol çəkdirin. Heç olmasa, iki yüz səksən işçidən iyiymi nəfəri imza atsın. Bu gün bizə çatdırın. Sabah teatrda iclas keçirəcəyik. Bu işi yubatmaq olmaz. Dəmiri isti-isti döymək lazımdı. O, o olsun, biz də biz!..

Aktyor və aktrisalar sevinclə, tez-tələsik nazirin otağından çıxdılar. Sizə zarafat gəlməsin. Onlar bu sonluğu gözləmirdilər. Üstəlik fəxri ad, ev, mükafat, orden, medal, vəzifə, daha nələr, nələr...

- Sən də vaxt itirmə. Get o düdəməyə bir də zəng elə. Bacardığın qədər qızışdır ki, qoy nə istəyir, desin. Hamısını da maqnitafona yaz. Biz ona yaxşı bir oyun qurmalıyıq. Görsün ki, rejissor odur, ya biz. O faktlar və danışıq da sabah bizə lazım olacaq.

- Baş üstə, - deyə çil-çil sifətli, göy göz şöbə müdiri nazirin otağından çıxıb, qaz yerişi ilə öz otağına gəldi.

Nazir gördüyü bu işdən qürrələnərək bir qədər otaqda var-gəl elədi. Sonra bir siqaret çıxarıb, damağına qoydu.

- Məni söyənə bax... Mudila... Balvan nesçasnıy... Sənə elə bir torba tikim ki... Sonra mənə afərin deyəsən. Səni elə zəlil edəcəm ki, bu məmləkətdə sənə heç yerdə yer olmayacaq. Rejissora bax... Sənin lap rejissorluğuna... Bundan sonra teatrlarda, incəsənət idarələrində tez-tez dava, mərəkə, konfliktlər yaratmalıyam ki, başı özlərinə qarışsın, mən də bala-bala pul yığım. Nə qədər ki, nazirəm, gərək hər şeydən lazım olan kimi istifadə edim. Çünki sabaha ümid yoxdur. Bir də gördün çıxarıb atdılar bayıra. Bunlardan hər şey gözləmək olar... Sonra məcbur olacam ki, yenə də gedib saksafon, pianino çalıb, mahnılar oxuyum…

... Məşqin maraqlı yerində rejissoru telefona çağırmışdılar. Hamı da bilirdi ki, zəng edənlər nazirlikdəndi. Deyəsən şöbə müdiri, nazir müavini ya da nazirin özü idi. Ona görə hamı məşq otağında dilxor gəzir, rejissorun qayıtmasını səbirsizliklə gözləyirdilər. O isə gəlmirdi ki, gəlmirdi. Arada bir neçə dəfə rejissor assistenti, Hamlet və Ofelya rollarınm ifaçıları olan aktyor və aktrisa da getmişdi. Ancaq rejissor qapını bağlayıb heç kimi otağa buraxmırdı. Telefonda kimisə söyür, kimisə təhqir edir, kobud danışır, özünü təmizə çıxarmaqçün nələrsə deyirdi... Nələrisə aydınlaşdırırdı. Sonra o, axır ki, məşq otağına qayıtdı... Bənizi tamam ağarmışdı. Heç nə olmamış kimi gülümsünməyə çalışdı. Alınmadı. Bu gülüşdən çox təəssüfə oxşayırdı. Sonra da masanın üstündəki dərman qabından validol götürüb, dilinin altına qoydu.

- Hə, dostlar, məşqimiz davam edir. “Xoroşo. İldırım, vurum qıçuy sındırım”, - deyə o, həmişəki kimi şakəri olan bu sözlərlə zarafat eləmək istədi. Amma alınmadı. Eynəyini çıxarıb, dəsmalla sildi. Artıq yarıdan çoxu ağarmış uzun, buruq saçlarını əlləri ilə qarışdırdı. Boynunun ardını ovdu.

- Yenə nə istəyirdilər? - deyə cavan aktrisa canıyananlıqla ona baxdı.

- Heç nə. Boş şeydi, -deyə rejissor əlləri əsə-əsə siqaret götürüb yandırdı.

- Boş şey olsaydı, sifətiniz belə ağarmazdı, - deyə cavan aktyor sözə qarışdı.

- Özü də gör necə əsəbiləşmisiz... Əsəbdən əlləriniz də əsir. Bəlkə beş dəqiqə istirahət edəsiz. Məşq qaçmır ki! Lap gecəyə kimi məşq etməyə hazırıq, - deyə gənc aktrisa onu sakitləşdirməyə çalışdı.

- Onlar səndən əl çəkməyəcək. Sən də daşı ətəyindən tökmək istəmirsən. Özü də axır vaxtlar çox səbrsiz olubsan, -deyə Kral rolunun ifaçısı, uşaqlıq dostu olan aktyor söhbətə qarışdı.

- Bəs nə edim? Təslim olum? - deyə rejissor bu aktyora baxdı. Sən ki, məni uşaqlıqdan yaxşı tanıyırsan? Bilirsən ki, dediyimdən dönən deyiləm. Özü də axı, haqq mənim tərəfımdədi. Mənim onlardan bircə istəyim var. Teatrlara lazım olan şərait yaratsınlar. Dövlət sifarişi olan bu tamaşaya ayrılan pulun deyirlər yarısını bizə ver. Bəs mən belə böyük tamaşanı hansı pulla hazırlayım? Onların vicdanı, əqidəsi yoxdur. Əbləh köpək uşağları!.. Gör millətin mədəniyyətini nə günə qoyublar… Mədəniyyəti alverə, bazara çevirən bir adamdan, düdəmədən, saqqallı uşaqdan, əbləhdən nazir olar?.. Özü kimi əbləhləri də ətrafına yığıb, mədəniyyətə ayrılan pulları talan eləyirlər… Mən heç vaxt onlara təslim olmaram. Dəvədən böyük fil də var. Lazım olsa…

- Demirəm təslim bayrağı qaldır. Heç olmasa onlarla bir ortaq məxrəcə gəlmək lazımdı. Yuxarı təşkilatdı... Hər şey onların əlindədi. Belə xaos içərisində olan, haqsızlığın, məddahlığın, qanunsuzluğun hökm sürdüyü məmləkətdə nə istəsələr, edə bilərlər. Əlindən nə gələcək? Topun yox, tüfəngin yox. Axı onlar həmin pulları tək yemirlər. Yəqin yuxarıya da ötürürlər…

- Heç olmasa, tamaşanın xatirinə. Onsuz da teatr bir-birinə dəyib, - deyə Laert rolunun ifaçısı söhbətə qarışdı.

- Bu gün beş nəfər aktyor, aktrisa orda olub. Sizdən şikayət məktubu aparıb veriblər.

- Keçən dəfə onları yerində oturtmadız, ayaqları yer aldı...

- İndi o qədər müdafiəçiləri var ki...

- Özü də deyirlər, o şikayət məktubunda ağızlarına nə gəlibsə, yazıblar... Hələ qorxun ki, sizi lap tutdursunlar...

- Yuxarıdakılar onları müdafıə edir. Edəcəklər də... Sizə şər-böhtan atmaqçün hələ onlara çox şeylər söz veriblər...

- Elə yuxarıdakılar deyil, başımıza turp əkən? Dilənçi kökündə yaşayırıq... Yazıq bu millətin halına... Ziyalısı belə... Fəhləsi elə... Qansız uşağı qansız. Milləti zəlil gününə qoydular...

- Onu görməyəcəklər. Lazım olsa, biz də gedib şikayət edəcəyik.

- Hə, hə. Şikayət edəcəyik. Dəvədən böyük fil var... Ölkə başçısı teatra böyük maraq göstərir. Keçən dəfə sizin hazırladığınız tamaşaya baxanda çox təriflədi… Ağıllı fikirlər dedi.

- Yaxşı, yaxşı, xoroşo, gəlin söhbətləri qurtaraq, - deyə rejissor, teatrın bədii rəhbəri və direktoru dil boğaza qoymayan aktyorların, aktrisaların mübahisəsini kəsmək üçün onlara diqqətlə baxıb, çox maraqlı bir fikir dedi:

- Məşhur yazıçı, fılosof, tənqidçi Deni Didro cəmi altı ay teatra rəhbərlik edə bilib. Burda işin dözülməz dərəcədə ağır və çətin olduğunu görüb, teatr rəhbərliyindən istehfa verib. İşdən çıxandan sonra artıq tarixə dönmüş bu sözləri deyib: “Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi gücləndirmək və əsgərləri, zabitləri səfərbər etmək kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla xalqı öz ardınca aparmaq və hökmdar da olmaq olar. Amma kiçik bir teatra rəhbərlik etmək çox çətindi. Təkcə çətin yox, həm də böyük cəfadır. Cəhənnəm əzabıdı. Çünki hər bir aktyorun daxilində minlərlə xarakterli adamlar yatır. Onların arzularını reallaşdırmaq, hamısının istəyini çin etməkçün gərək çox böyük fitri istedada malik olmaq lazımdı. Belə fitri istedad da çox az adama verilir”. O, aktyorlara diqqətlə baxıb, yenidən sözünü davam etdirdi. Mən isə iyirmi beş ildir ki, teatrlara rəhbərlik edirəm. Ömrümün on beş ilini isə məhz bu teatra sərf eləmişim. Bu illər ərzində əlimdən gələni edirəm ki, teatrımız məmləkətimizin aparıcı sənət ocaqlarından birincisi olsun. Sözümüzü təkcə məmləkətimizdə yox, dünyada layiqincə deyə bilək. Özünüz şahidsiz ki, çıxış etdiyimiz xarici ölkələrdə bizi necə yaxşı qarşılayıblar. Oynadığımız tamaşalara valeh olublar. Haqqımızda qəzetlərdə, jurnallarda maraqlı ressenziyalar yazıblar. Televiziyalarda maraqlı verilişlər göstəriblər. Deməli, bizim teatrı təkcə məmləkətimizdə yox, həm də xarici ölkələrdə sevirlər. Yaxşı işləyənin paxılları, bədxahları da çox olur. Ona görə də bundan pəjmürdə olmaq, ruhdan düşmək olmaz. Əslində biz onların acığına daha yaxşı işləməli və daha maraqlı tamaşalar hazırlamalıyıq. Biz hər şeyi onlara yalnız yaxşı tamaşalar hazırlamaqla sübut edə bilərik. Axı biz, məmurlar üçün yox, xalq üçün işləyirik. Hə, indi gəlin, məşqimizə davam edək... “İldırım, vırım qıçuy sındırım”... O, yenidən gülümsəmək istədi. Amma bacarmadı... Yenə də siqaret götürüb yandırdı. Əli ilə burnunun ucuna düşən eynəyini yuxarı qaldırdı. Yenə də arıq barmaqları ilə uzun, artıq yarıdan çoxu ağarmış saçlarını boynu tərəfdən sığalladı. Bu onun şakəri idi. Əsəbləşəndə təzyiqi artdığına görə boynunu ovurdu ki, bir qədər sakitləşsin... Elə bil, bununla özünü inandırırdı ki, təzyiqi normallaşacaq... Amma hərdən yadına düşəndə təzyiqlə bağlı dərman da atırdı. O, teatra elə bağlı adam idi ki, öz sağlamlığı və hətta ailəsi çox vaxt yadından çıxırdı. Bir sözlə, əsl fədai idi... Teatr fədaisi...

Söhbət bununla da bitdi. Teatrın rəhbəri bir şeyə sevindi ki, kollektivin çox böyük əksəriyyəti onun tərəfindədi. Deməli, ona heç kim heç nə edə bilməz. Bu kollektiv onu harada lazımsa, qoruyacaq. Sonra araya bir sakitlik, arxayınçılıq gətirməkçün hamıya diqqətlə baxıb, yenə də bir neçə kəlmə danışmağı lazım bildi.

- Teatr yaranandan konflikt üstündə qurulub. Özünüz bilirsiz ki, o pyes maraqlı olur ki, orda kəskin ziddiyyətlər var. Elə teatr da belədi. Yəni, həmişə istedadsız aktyorlarla, aktrisalarla istedadlılar arasında rol oynamaq üstündə konfliktlər olanda, orda işləmək rejissor üçün maraqlı olur... İstedadsız adamlar səhnədə oynaya bilmədikləri rolları həyatda çox gözəl oynayırlar. Biz həyatda özümüzü onlardan qorumalıyıq. Haqq işi uğrunda vuruşanları məhv etmək elə də asan deyil. Bizim hazırladığımız “Hamlet” tamaşası əgər istədiyimiz səviyyədə alınsa, qələbəni biz çalacağıq. Çünki teatrda meyar ölçüsü yaxşı aktyor oyunu və yüksək professional səviyyədə hazırlanan tamaşadı. Bunların qarşısnda hamı təslim olur. Gəlin, bununla da söhbəti qurtaraq. Məşqimizi davam etdirək. Harda qalmışdıq?

- Hamletlə Ofelyanın səhnəsi olan epizodda.

- Buyurun, başlayın.

Bu vaxt Hamlet və Ofelya rollarının ifaçıları olan aktyorlar səhnəyə çıxır. Musiqi səslənir. Adamın iliyinə qədər işləyən bu musiqinin fonunda, projektorun işığı altında Hamlet səhnənin önünə gəlir. Hamlet danışır, rejissor diqqətlə ona baxır, masanın üstündəki dəftərində nə isə qeydlər edir... Hamlet danışır...

Ölüm, ya olum? Budur məsələ...

Taleyin dəhşətli zərbələrinə

Müti bir qul kimi dözmək, yoxsa,

Üsyanmı qaldırım silahlanaraq?

Ya qələbə çalım, ya həlak olum?

Ölmək! Hər şeyi atmaq, unutmaq,

İnsan ürəyinin min bir dərdinin,

Min bir əzabının, intizarının

Ağır zəncirlərini qırıb, qurtulmaq!

O gözəl, son məqsəd bu deyilmidir?

Əbədi yuxuda yataraq qalmaq,

Ölmək və uyumaq. Sonra da orda

Yuxularmı görmək? Bax, cavab budur...

Bu vaxt fıkir rejissoru harasa uzaqlara aparır. Artıq o tamaşanı izləyə bilmir. Otuz il bundan qabaq rejissorluq sənətinə başlayanda qocaman bir rejissorla elədiyi söhbət yadına düşür. Həmin vaxt ondan incimişdi də... Doğru söz dediyinə görə. İndi ona haqq qazandırır. Qocaman rejissor onu, bu sənətin yolçusunun hər gün kəfəni boynuna geyib, həmişə edama hazır olduğuna inandırmağa çalışmışdı. Bu sənətin onun sahibinə həmişə nankorluq gətirəcəyini, onu faciələrə aparacağını sübut etməyə çalışmışdı müdrik qoca... O isə inanmamışdı qocaman rejissora. İndi otuz il keçəndən sonra inanırdı. İnanırdı ki, qocaman rejissor, həmin vaxt paxıllıq üçün yox, onu istədiyindən demişdi bu sözləri... Onu bu çətin yoldan, bu çətin sənətdən çəkindirməkçün demişdi həmin fikirləri...

Rejissor indi ancaq bir şeyi fıkirləşirdi: “Təki imkan versinlər, mane olmasınlar, “Hamlet” tamaşasını hazırlayıb qurtara bilim”. Bu tamaşa onun illərlə qəlbində gəzdirdiyi arzuları, ağrıları idi... Bu tamaşa rejissorun yaradıcılığının zirvəsi olmalıydı. Bu xaotik cəmiyyətdə gördüklərini, diliylə deyə bilmədiklərini, ürəyində qubar edənləri, indi bu “Hamlet” tamaşası deməliydi... Hökmən deməliydi. Deməsəydi, ürəyi partlayardı. Xalq onun illərlə hayqırıb, demək istədiklərini bu tamaşada görməliydi. Görməliydi...

Yenə də gözləri qarşısında həmin qocaman rejissor canlanırdı... İndi Hamletin yerində səhnədə o, həmin qocaman rejissoru görürdü.

- Gör nəyin dərdini çəkirsən? Teatr rəhbərliyindən çıxarırlar, qoy çıxarsınlar... Sənətini ki, əlindən ala bilməyəcəklər? Onsuz da rejissorun həyatı həmişə edam kötüyünün üstündədi. Axı, mən sənə demişdim... Kəfənini niyə əynindən çıxarmısan?.. Sən bilirsən ki, mən qırx il həmişə kəfənimi əynimdə gəzdirmişdim... Oz tamaşalarımla bu ədalətsiz cəmiyyətlə vuruşdum. Heç nə edə bilmədim. Haqqı, ədaləti heç kimə sübut eləyə bilmədim. Axırda da həmin əbləhlər məni bataqlıqda boğdular... Bu çürük cəmiyyətə, bu ədalətsiz hökumətə, qanunları tapdaq altında qalan bu quruluşa mane olmayım deyə... Axı sən yaxşı bilirsən ki, bu həşəratlarla vuruşmaq elə də asan deyil. Onlar öz ali məqsədlərinə çatmaqçün sənin kimi yüzlərlə mübariz adamları nökərlərinin, onlara məddahlıq edənlərin əllərilə heç “uf” da demədən məhv edərlər. Məhv edərlər ki, sizlər onların bu məmləkəti talan etməsinə mane olmayasız. Çünki onlar bu məmləkətin var-dövlətini sovurub, xarici banklarda yerləşdiriblər. Məqam düşən kimi, özləri də buradan qaçacaqlar... Amma sən buna inanmırsan. Gecə-gündüz bu millətin teatrını, mədəniyyətini dünyada tanıtmaqçün yollar axtarırsan. Axırıncı qəpik-quruşunu da teatrın yolunda xərcləyirsən... Nə bağın, nə maşının yox. On nəfər ailə üzvünlə iki otaqlı mənzilə sığışıbsan. ... Axı sənə demişdim ki, teatr, ötkəm təbiətli, üsyankar rejissorlara, teatr rəhbərlərinə uğur gətirmir... Özün o vaxtlar mənim faciəli taleyimi gördün…

... Teatrda iclas olacaqdı. Hamı bir-birinə dəymişdi. Hətta nazir özü və mərkəzi aparatdan bir neçə mötəbər adam gələcəkdi bu iclasa.

Sifətinin rəngi bilinməyən, şeytan xislətli şöbə müdiri foyedə siqaret çəkə-çəkə teatr işçiləri ilə danışırdı və onları iclasa istədiyi kimi kökləyir, yağlı vədlər verirdi… Teatrın rəhbərini isə asıb-kəsirdi... Tamaşaçı zalını elə təmizləyirdilər ki, heç bəlkə teatr yaranandan belə təmizlənməmişdi. “Hamlet” tamaşasının quruluşçu rejissoru, teatrın bədii rəhbəri və direktoru Qüdrət Ədalətli işçilərə bəzi göstərişlər verir, narahat gəzişir və siqareti siqaretə calayırdı. Hərdən öz-özünə fıkirləşirdi:

- Əgər yuxarıdan bu qədər adam gələcəksə, deməli, bu həna o hənadan deyil...

Dünən şöbə müdirinə dediklərini yadına salır və əsəblərini cilovlaya bilməyib, sözlərinə sərhəd qoymadığına və naziri, nazir müavinini, elə şöbə müdirinin özünü təhqir etdiyinə görə Qüdrət özünü də yamanlayırdı.

- Dünən yaman səbrsiz hərəkət elədim. Gərək belə eləməyəydim... Yaxşı. Bəs nə etməliydim? Bu böyüklükdə kollektivi dolandırmaq, tamaşaların tərtibatı üçün pul qazanmaq, yer pulu, işıq pulu, su pulu vermək, üstəlik də hər ay nazirliyin və başqa təşkilatların haqqını çatdırmaq asan məsələ deyil axı. Özü də teatra tamaşaçıların gəlmədiyi bir vaxtda... İnsanların güzəranının belə ağır olduğu zamanda… Yaxşı, bütün bunlara, əsəblər necə dözsün? Artıq it yiyəsini tanımadığı, xaosun, hərc-mərcliyin tüğyan elədiyi bu məmləkətdə necə səbrli, dözümlü olmaq olar?..

... İclas şöbə müdirinin və rejissorun dünənki telefon söhbəti ilə başladı. Sən demə, şöbə müdiri həmin danışığı olduğu kimi maqnitafona yazıbmış... Rejissor heç nəyə sərhəd qoymayıbmış. Siyasətdən tutmuş teatra kimi... Teatrdan tutmuş məişətə kimi... Məişətdən tutmuş lap nazirliyin özünə kimi... Şöbə müdiri çox ustalıqla onu aldadıb, yaxşı bir oyun qurmuş, əsəbiləşdirmiş və yolundan çıxarmışdı...

Maqnitofon danışığı qurtarandan sonra bir müddət zalda sükut oldu. Heç kim danışmadı. İşçilərin, yuxarı təşkilatlardan iclasa gələnlərin çoxu dönüb davranışı, danışığı ilə başqalarına örnək olan və axırıncı cərgədə tək oturan teatrın rəhbərinə, tanınmış rejissora baxırdılar. İşçilərin çoxu inanmırdı ki, bu sözləri məhz o deyib. Axı teatra rəhbərlik etdiyi bu on beş il müddətində ondan heç kim belə tərbiyəsiz, təhqiramiz sözlər eşitməmişdi. Bu baxışlardan rejissor rəng verib, rəng alırdı. Heç belə vəziyyətə düşməmişdi... Onu ustalıqla tora salanlara -nazirə, nazir müavininə, şöbə müdirinə baxır, ürəyində“afərin” deyirdi... Belə maraqlı ssenarini heç bir məşhur dramaturq yaza bilməzdi... O, özünü bu əsərin baş qəhrəmanı rolunda görür, lakin vəziyyətdən çıxış yolu tapa bilmirdi... Eyni zamanda, onların üzündəki ifadəni oxumaq istəyirdi, oxuya bilmirdi. Məcbur olub cibindən eynəyini çıxardı və gözünə taxdı. Oxudu həmin sözləri... Doğrudanmı düz yazılıb?... Həqiqətənmi bu adamları yalnız belə adlandırmaq olar?..

Bu vaxt iclas başladı. Yerindən duranlar teatrın rəhbərinin teatr üçün illərlə etdiklərini, tarixə qızıl hərflərlə yazılan tamaşalarını bir çürük qoz edib, ağızlarına gələni onun ünvanına deyirdilər. Hətta dünən məşq vaxtı onu tərifləyən, yolunda hər əzab-əziyyətə dözmək istəyənlər belə, indi başqa şeylər danışır, gah nala, gah da mıxa döyürdülər...

Rejissor axır ki, bütün bu şərlərə, şantajlara, böhtanlara dözə bilməyib, özünün ləngərli, qaltanlı səsi ilə yerindən qışqırdı. Bu qışqırıq yox, üsyan idi.
- Dayanın! Dayanın!.. Nankorlar, nadürüstlər! Siz ölü dalınca yox, mənim haqqımda danışırsız! Sizin ağlınız başınızdadı, ya yox? - deyə Qüdrət Ədalətli əsəbi halda səhnənin önünə gəldi. Diqqətlə zala baxdı. Və gördüyünə inana bilmədi. Bu nədi, ilahi? Burada əyləşənlərin əksəriyyətinin də alnında, elə yuxarıdan gələnlərin alnında yazılan sözlər var ki... Ola bilməz... Bəs bu illər ərzində rejissor bu sözü çörək kəsib dostluq elədiyi, tamaşalar hazırladığı, onlarla illərlə uzaq qastrol səfərlərinə getdiyi, yol yoldaşı olduğu adamların alnından niyə oxuya bilməmişdi? Və illərlə bu adamlarla çörək kəsmiş, dostluq etmişdi. Bütün xeyir-şərlərində olmuş, onlar haqqmda ağız dolusu danışmışdı. Bütün varını-yoxunu bu teatrın yolunda xərcləmişdi... Bu teatrın təşəkkül tapması, aparıcı teatr olması yolunda bəzi dəyyuslar, nakəslərlə vuruşmuş və ürək xəstəliyi tapmışdı... Hər şeyini, hər şeyini bu teatrın yolunda qoymuşdu. Hətta sağlamlığını da… Qurbanlıq olmuşdu o, bu teatrın yolunda... Sözlər isə gör necə aydın oxunurdu. O, bir də bu sözləri hərf-hərf oxudu... Bu sözləri bir də bütöv, bayaqkı kimi ürəyində oxudu...

Onun birdən-birə ürəyi sıxıldı. Rəngi ağardı. Alnına soyuq tər gəldi. Var qüvvəsini toplayıb ancaq bu sözləri deyə bildi:

- Mənim sizə daha heç bir sözüm yoxdur... Adınız alnınızda lap aydın yazılıb... Axı, mən sizin əmək haqqınızı, qazancınızı nazirliyin bu rüşvətxorlarına, mədəniyyəti ticarətə çevirən, hətta pula görə anasının əmcəyini kəsməyə razı olanlara vermədiyimə görə pis kişi olmuşam. Əgər mən də başqa teatr rəhbərləri kimi hər ay onlara istədikləri qədər aparıb haqq versəydim, indi ən yaxşı kişi sayılardım. Əgər “Hamlet” tamaşasına dövlət tərəfındən ayrılan pulun tən yarısını onlara versəydim, indi bu iclas da qurulmazdı... Ax, sizin...

O, özünəməxsus ağır addımlarla zalı tərk etdi. Sonra cibindən validol həbi çıxarıb dilinin altına qoydu. Küçəyə çıxdı. Artıq payız küləyi saralmış yarpaqları qabağına qatıb, bu başdan o başa, o başdan bu başa qovurdu. O, öz taleyini bu saralmış yarpaqlara bənzətdi. Ancaq tək deyildi. Hər yarpaq bir rejissor idi... Bir tale idi... Ömrünü bu yarpaqlar kimi teatr yolunda saraltmış rejissorlar... Ürəyinin yağını aktyorlara, aktrisalara yedirən, onların məşhurlaşması üçün özləri yarpaq kimi saralan, heç kimdən heç bir təmənna ummayan rejissorlar, teatr rəhbərləri...

Ürəyində küt ağrılar hiss edən rejissor yeriyə bilmədi. Birdən-birə elə bil sinəsi yanmağa başladı. Bədəninə soyuq tər gəldi. Gözləri qaraldı. Yıxılmamaqçün tozlu yolda yavaş-yavaş yerə oturdu. Külək saralmış yarpaqları ona tərəf qovmağa başlayırdı...

... Səhəri gün qəzetlərdə böyük bir nekroloq çap olunmuşdu. Bu nekroloqa məmləkətin rəhbəri başda olmaqla, nazir, nazir müavini, şöbə müdiri, şikayət yazan aktyorlar, onu məşq otağında tərifləyib, iclasda tənqid edənlərin hamısının adları iri hərflərlə sıra ilə yazılmışdı. Bu sıra düzülüşü ilə onlar elə bil mafada çiyinlərində rejissoru qəbr evinə yola salırdılar… Rejissor isə mafadan onlara baxıb, alınlarına yazılan, ancaq onun özünün oxuduğu sözləri əvvəlcə pıçıltıyla, sonra da qışqıra-qışqıra deyirdi...

- Doğrudan da siz nankorlar, dəyyuslar, əbləhlərsiz! Məni öldürüb, indi də çiyninizdə qəbr evinə aparırsız?.. Əbləhlər!.. Nankorlar!.. Dəyyuslar!.. Sizə başqa ad vermək olmaz… Budur sizin əsl adlarınız!

...Nekroloqda bədii formada gözəl cümlələr yazılmış və onu dünyanın ən böyük rejissorları, korifeyləri ilə eyni pilləyə, eyni dərəcəyə qaldırmışdılar: “Millətimizə ağır itki üz vermişdir. Xalqımızın böyük sənətkarı, xüsusi dəsti-xətti olan, rejissura sahəsində öz məktəbini yaratmış, xeyirxah insan, dəyərli ziyalı, böyük şəxsiyyət, əsl kişilik nümunəsi sayılan, yüksək tərbiyəli Qüdrət Ədalətli aramızdan çox tez getdi... Millətimizin tarixinə qızıl hərflərlə yazılacaq neçə-neçə tamaşnın ideyalarını, gözəl fikir kəsb edən fəlsəfi quruluşlarını özü ilə haqq dünyasına apardı. Heyf, çox heyf... Onu həmişə böyük hörmətlə yad edəcəyik...”.

... Qəzetin bütöv səhifəsini tutan, təriflə dolu nekroloqu oxuduqca, adam bu əbləhlərin oyununa heyrətdən donub qalır, hər şeyə nifrət edir, özü də ölmək, ölmək istəyirdi...

Moskva şəhəri,

oktyabr, 1982-ci il.

(Bəzi əlavələr 1997-ci ilin sentyabr ayında Sumqayıt şəhərində edilib)

Bütün xəbərlər Facebook səhifəmizdə