Nazim Hikmətin müəllimi, Türkiyənin məşhur yazıçısı Səbihə Sarıtel 1968-ci ildə Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Səbihə xanım, məni bağışla, mən sənin məzarının başına gec gəlmişəm.

1964 –cü ilin sentyabr ayında ilk dəfə sizin evinizə sizi ziyarət etmək üçün gəlmişdim. Siz məni “dəliqanlım”,-deyə evə dəvət etdiniz. Bu gün isə saçı-saqqalı ağarmış ahıl bir insan olaraq məzarınızı ziyarət etmək üçün gəlmişəm.

Məzarlığa xidmət edən bir qadın mənə yaxınlaşıb soruşdu:

-Siz bu mərhumun nəyisiz?

-Bir vaxtlar mən onlara ev adamı kimi gedib-gəlmişəm. Bu xanım haqda çoxlu xoş xatirələm var. Onun məzarını illərdir ziyarət etməyə gəlməməyimin səbəbləri də var.

-Bu məzarı heç kim ziyarət etmir, -deyə siz məndən kimliyimi soruşdunuz.

-Sizi bu məzarın önündə görəndə biz işçilər düşündük ki, Allaha şükürlər olsun, bu tənha məzarı ziyarət edən tapıldı,- deyə qadın mənə maraqla baxdı. Bu Xiyabanda yatanlar tanınmış adamlar olduqları üçün ziyarətlərinə gələnlər çox olur. Bu qadın dəfn olunandan az sonra heç kimin yadına düşməyib və heç kim onu yad etməyib.

Bu, həqiqətdir.

-Bir zamanlar ölkəsində - Türkiyədə həyat yoldaşı Zəkəriyyə bəy və üç qızı ilə birlikdə bir anın içində onların həyatları zülmətə qərq olmuşdu və onlar qəriblik həyatı yaşamağa məcbur olmuşdular. Hətta bir vaxt müəllimi olduğu,ədəbiyyatın sirlərini öyrətdiyi şagirdi, Moskvada eyni taleyi yaşayan Nazim Hikmət onlara dayaq olaraq əvvəl Moskvaya, sonra Bakıya gəlmələrinə yatdımçı olub, onları dar ağacından asılmaqdan qurtarmışdı. Beləliklə, son dərəcə ağıllı, şirin söhbətləri olan Səbihə xanım taleyin hökmü ilə bu gün Bakıdakı II Fəxri xiyabanda uyuyur.

Böyük ailəsi, çoxlu dostu olan Bakıda Azərbaycanın ən məşhur adamları ilə yaxınlıq edən bu insan dəfn olunan zaman cəmi iki doğması– həyat yoldaşı Zəkəriyyə bəy və qızı Yıldız xanım (Ulduz xanım) iştirak etmişdi.

Onlar da qısa bir vaxtda başqa ölkəyə köçdülər. Lakin Səbihə xanım çox sevdiyi Bakıda tənha qaldı, unudulmuş məzarında – bütün məzarlardan seçilən, sadə baş daşı olan yetim-kimsəsiz qəbrində,-deyə mən məzarlığa xidmət edən həmin qadına Səbihə xanımın kim olduğunu aydınlaşdırdım.

Sonra həmin qadın məndən uzaqlaşdı və mən qəbrin önündə tək dayanıb, keçmiş illəri xatırladım... O illər mənim cavanlıq illərimdə olduğundan yaddaşımda əbədi qalıb.

Sənə lənət olsun, ey dünya, etibarın, insafın yoxdur... İnsanların kimi...

Səbihə xanımın ağır, sağalmaz xəstə olduğunu ailəsi çox yaxşı başa düşürdü. Həyat yoldaşı Zəkəriyyə bəy isə həyata çox qəribə baxışları olan insan idi. O, hər gün gedib Səbihə xanımın yanında, xəstəxanada oturub axşam evə gələrdi. Və ailəvi dostları İslam Səfərli, Mikayıl Rzaquluzadə və mənim əmim Həsən Quliyev ona – Zəkəriyyə bəyə ürək-dirək vermək üçün axşamlar çox vaxt onlarda olurdılar. Bir

dəfə də mən əmimlə birlikdə onlara getdik. Zəkəriyyə bəy dedi ki, “Allah onu yanına aparmaq istəyir, amma yubadır, tez aparsa idi onun da canı qurtarardı”. Doğrusu, bu cavab mənə çox qəribə gəldi. O söhbətdən sonra qısa bir vaxtda Səbihə xanım axşam tərəfi dünyasının dəyşdi. Həmin gün artıq Zəkəriyyə bəy onun yanından təzəcə qayıtmışdı deyə, dostları- İslam Səfərli, Mikayıl Rzaquluzadə və Həsən Quliyev bu xəbəri ona səhər çatdırmağı və dəfn işləri ilə məşğul olmağı öz aralarında razılaşırdılar.

Səhər saat 10.00 radələrində qərara gəldilər ki, İslam Səfərli və Mikayıl Rzaquluzadə onlara gedib, vəziyyəti, daha doğrusu ölümü barədə Zəkəriyyə bəyə xəbər versinlər. Bu haqda ona deyəndə o özünəməxsus bir tərzdə cavab vermişdi:

- Siz nə qədər insafsız adamlarsız, bu məlumatı mənə axşam deyərdiniz, mən bu gecəni rahat yatardım. Yoxsa səhərə qədər fikirləşmişəm ki, Səbihənin ağrıları ona zülm edir, yoxsa yox?..

... Həyatın, taleyin hökmünə bax ki, bir vaxtlar görüşünə aylarla can atanların çoxu onunla indi bir məzarlıqda uyuyurlar –özlərinin heykəlli, güllü-çiçəkli məzarlarında.

Dünya, doğrudan da sən nə qəribəsən?

Qəribçilik, kimsəsizlik üzündən dahi insanlar belə unudulur. Hətta məzarı da yerlə yeksan olur... Necə ki, Səbihə xanımın çox adi, yetim məzar daşı kimi. Səbihə xanım, sənin ruhun narahat olmasın. Çünki sənin dünyanın böyük dövlətlərində nəvələrin, nəticələrin var. Mən inanıram ki, bir gün onlar Bakıya sənin məzarını ziyarət etmək üçün gələcəklər... Axı, sənin yadigar qoyub getdiyin həm də çoxlu əsərlərin var. Türkiyədə yaşayan yaşlı nəsil bunu bilir və ən azından tarixin yaddaşında siz varsınız və yaşayırsınız.

Faciəli surətdə öldürülən baş nazir Adnan Mendersi də Türkiyə xalqı unuda bilmir. Siz də o dövrün, o hadisələrin qurbanına çevrilənlərdən olduğunuz üçün yenidən “həyata” qayıdacaqsınız. Tarixin dönən və qayıdan üzü var. Haqq öz yerini mütləq tapır. Allah gec-tez insanların haqqını özlərinə qaytarır.

Rahat yatın, Səbihə xanım, rahat yatın... Allah Sizə rəhmət eləsn!

P.S. Mən, oxucular üçün bir məsələyə tam aydınlıq gətirərək bildirmək istəyirəm ki, Zəkəriyyə bəy və Səbihə xanım da baş nazir Adnan Mendersin komandasında idilər. Onunla eyni əqidə dostu idilər. 27 may 1960-cı ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra hakimiyyət hərbiçilərin əlinə keçdi. Beləliklə, çevriliş Türkiyə Silahlı Qüvvələri daxilində 37 aşağı rütbəli hərbiçi tərəfindən planlaşdırılmış və həyata keçirilmişdi. 27 maydan etibarən iqtidarda olan Demokrat Partiya bağlandı, prezident və baş nazir başda olmaqla hökumət üzvlərinə qarşı məhkəmə işləri qaldırıldı, 235 general və təxminən 3500-ə yaxın aşağı rütbəli hərbiçi təqaüdə göndərilmişdi. 147 universitet müəllimi və 520 hakim və vəkil işindən azad edildi. 37 hərbiçi və rəhbər olaraq başlarına gətirdikləri təqaüddə olan general Camal Gürsəlin yaratdığı Milli Birlik Komitəsi (MBK) çevrilişdən sonrakı Türkiyənin idarə olunmasını öz üzərinə götürmüşdülər. Həmin vaxtı Zəkəriyyə bəy və Səbihə xanım çox çətinliklə sərhəddi keçib Moskvaya gəlmişdilər. Onlara orada dahi şair Nazim Hikmət şərait yaratmış və sonra onların Azərbaycana gəlmələrinə köməklik etmişdi. Demokratik Partiyanın liderlərinə qarşı məhkəmə prosesləri 14 oktyabr 1960-cı ildə başladı.İlk günlər müttəhimlərin əleyhinə material azlığından müttəhimlərin əleyhinə gələcəkdə gülünc qarşılanaraq tənqid ediləcək iddialar qaldırıldı. Bunlar "köpək işi", "körpə işi", "Barbara işi" kimi iddialar idi. Lakin vaxt keçdikcə təqsirləndirilən şəxslər daha ciddi işlərlə günahlandırılmağa başladılar. Korrupsiya qalmaqalları, Kayseri, Topqapı, Çanaqqala, universitet hadisələri və sairə qondarma işlər. Bunlardan ən önəmlisi isə "konstitusiyanın pozulması" işi idi. Yassıada məhkəmələrinə 1961-ci il 15 sentyabrda yekun vuruldu. Menderes son məhkəmədən əvvəl intahara cəhd etdiyindən, xəstəliyi ilə bağlı ona verilən dərmanları günlərlə dilinin altında gizlədən Menderes onları udaraq komaya düşdü. Eks baş nazirsiz keçirilən məhkəmədə yekun qərar olaraq 15 nəfərə ölüm, 31 nəfərə ömürlük, 418 nəfərə isə 4-20 il arası cəzalar verildi. 123 nəfər bəraət aldı.

Milli Birlik Komitəsi həmin ölüm cəzalarından yalnız 4-nü təsdiqlədi. Bunlar prezident Bayar, baş nazir Menderes, nazirlər Polatkan və Zorlu idi. 78 yaşında olan Cəlal Bayarın cəzası yaş limitinə dair qanununa əsasən ömürlük həbslə əvəz olundu. Digərləri isə İmralı adasına aparıldılar. 16 sentyabrda Zorlu və Polatkanın edam cəzaları icra edildi. Uğursuz ölümə cəhtdən sonra sağalan Adnan Menderes isə 17 sentyabrda edam olundu. Ömürlük və digər həbs cəzalarını alan siyasətçilər isə Kayseri tədricxanasına göndərildilər. Zəkəriyyə bəy və Səbihə xanım bu cəzadan böyük möcüzə nəticəsində qurtula bilmişdilər və Sovetlər Birliyinə pənah gətirmişdilər.

Onu da vurğulayım ki, Türkiyədə çevrilişdən sonra bütün cəzalar tətbiq edildiyindən, orada siyasi vəziyyətində sakitlik yarandı. Həm də 27 may çevrilişindən sonra yeni yaranmış mühit cəmiyyətdə "ikinci respublika" adlanmağa başladı. İlk dəfə bu ifadəni Türkiyə dövlət başqanı statusunu daşıyan Gürsəl işlətmişdi. Türkiyədə 1961-ci ilin 9 iyunda yeni konstitusiya qəbul edildi. Bu qanunnamə də ölkədə hərbi çevrilişin qanuniliyini müdafiə edirdi və Atatürkçülük idealarına sadiq qalırdı. Ən əsas yenilik insanlara, əsasən də işçilərə və tələbələrə çox geniş azadlıqlar verilməsi oldu. Sağ və solçular arasında münasibətlərin tamamilə pisləşdiyi 1960-cı illərin ikinci yarısından etibarən bu azadlıqlar qanlı qarşıdurmalara səbəb ola bilərdi.Beləliklə, 27 may çevrilişi hökumətin orduda nəzarətini zəiflətdi və gələcək hərbi inqilablara da şərait yaratdı.Hərbiçi Camal Gürsəldən başlayan adət 1989-a qədər davam etdi. Belə ki, həmin ilə qədər prezident postuna adəti olaraq yalnız ordunun qərargah rəisi seçilirdi.

Sonrakı illərdə isə Türkiyədə milliyətçilik ideaları daha da gücləndi. Kayseridə həbs həyatı yaşayan Demokratik Partiyanın haqları uğrunda mübarizəni sonralar partiyanın idea sələfi olan Ədalət Partiyası aparırdı. ƏP-nin sədrliyinə Süleyman Dəmirəl gəldikdən sonra bu mübarizə daha da intensivləşdi. Nəhayət Dəmirəl iqtidara, hakimiyyətə gəldikdən sonra Yassıada məhkumları 1966-cı ilin 8 avqust tarixində əfv fərmanı ilə azadlıqlarına qovuşdular. Lakin onlar siyasətlə məşğul ola bilməzdilər. Beləliklə, Demokratik Partiyanın siyasi qadağasının ləğvi uzun müddət gündəmdə qaldı. 1973-cü ildə hakimiyyətə gələn CXP-MSP koalisiyası 2 aprel 1974-cü ildə DP-lilərə siyasi əfvin verilməsi qanununu parlamentdə səsə çıxardı və bu qanun qəbul edildi. 22 may 1987-ci ildə Menderes, Polatkan və Zorlunun məzarlarının İmralıdan köçürülməsini təmin edəcək qanun məclisdən böyük səs çoxluğu ilə keçdi. Lakin ailələrinin onlar üçün dövlət səviyyəsində vida mərasiminin keçirilməsinin rəd edilməsi bu prosesi dondurdu. Yalnız 1990-cı ilin 17 sentyabrında keçmiş nazirlərin məzarları həmin dövrün prezidenti Turqut Özalın da qatıldığı böyük bir mərasimlə İstanbulda dəfn edildi.

Deməli, düzgün qərar olmayan hərbi dövlət çevrilişi milyonlarla insanların həyatına böyük zərbə vurdu. Bu insanlardan biri də Türk xalqının böyük ziyalı xanımlarından və məşhur yazıçılarından biri Səbihə xanım idi. O, öz xalqını çox sevirdi və sözünün əvvəli də, axırı da yalnız Türkiyə idi. Mən inanıram ki, tezliklə sizin də haqqınız özünüzə qaytarılacaq Səbihə xanım. Qəbrin yanından uzaqlaşanda beynimdən bu fikir keçdi: “Yəqin ki, Türkiyə rəhbərliyi tezliklə bu məzara sahib çıxacaq”.

Təbrik QUIİYEV,

Dövlət mükafatı laureatı,

Prezidentin fəxri təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə