Nurlana İSMAYILOVA

Ölmüş ümidlər qəbiristanlığının ən qaranlıq küncündə, baş daşı olmayan, üzərini kol-kos örtmüş məzarda yatırdı onun ümidləri. O qəbrin üzərinə qoyulmuş solğun çiçəklər idi uşaqlıq arzuları. Yaşamaq günəş idi sanki, o isə ölümə məhkum xəstə, nə zaman doyunca baxmaq istəsə Günəş şüaları onun gözlərini yandırardı. Onun qəlbinin ən qaranlıq küncündə hər gecə intihar edən hisləri, onun zərif çiynində həyatın ağır yükləri. Onun ürəyində hər gecə yağış, qar yağar, tufan qopardı. Günəş çıxmırdı qəlbində, qəlbi isinmir, qalın buz təbəqəsi ilə örtülmüş, donmuş hisslərinin divarları ərimirdi. Buz tutmuşdu o qəlbin divarları. Fəsillərdə dəyişmirdi sanki qəlbində, bahar gəlmir, günəş çıxmır, yaz gəlmir hisləri çiçək açmırdı. Günəş işığı girməyən qaranlıq otağının balaca pəncərəsindən baxan o gözlər, heç vaxt gəlməyəcək, heç vaxt yaşamamış birini gözləyirdi hər gün. O adı yaddan çıxmış amma bəzən dodaqların zümzümə etdiyi qəmli bir mahnı kimi, bir anlıq kimlərinsə ağlından, uzaq, xoş bir xəyal kimi keçir, tez də unudulurdu. O böyük bir kitabxananın heç vaxt oxunmamış kitabı kimi yalnız idi insanlar arasında, onun da həyatı mövzu ola bilərdi hansısa romanlara, kitablara. Darıxırdı bəzən, kim üçün nə üçün bilmirdi, amma darıxırdı, bəzən getmək istəyirdi, hara, kimə bilmirdi amma çıxıb getmək istəyirdi. Bəzən ağlayırdı, niyə ağlayırdı bilmirdi amma dayanmırdı gözlərinin yaşı. Nə olardı bircə dəfədə sevincdən töküləydi o yaşlar. Amma sevinc vəfasız çıxıb, çoxdan tərk eləmişdi onun ürəyini. Kədərisə vəfalı bir dost kimi əbədi məskən qurmuşdu ürəyində. Nə gözəl yaraşardı o dodaqlara səmimi bir təbəssüm, nə gözəl yaraşardı ağaran saçlarına qayğılı bir sığal. O, insan ayağı dəyməyən, kəşf edilməmiş torpaqlar kimi möcüzəli, ən sevimli kitabımın altını xətlədiyim ən sevdiyim cümləsi qədər özəl, o sonsuzluq qədər sonsuz, o əbədiyyət qədər əbədi, o gözəllik qədər gözəl....

Yad

Kim olduğu, hardan gəldiyi, hara getdiyi məlum deyildi. Onu nə tanıyan, nə bilən biri vardı. Başqalarına yad olduğu kimi özünə də yad olan bu yolçu uzaq sahillərdə yol alan gəminin bir küncündə dizlərini qucaqlayıb oturmuşdu. Gözləri dənizi əks etdirən güzgütək mavi idi. Bu mavilik ruhunun dərinliklərindən gələn, bütün varlığını bürüyən tənhalıq qədər soyuq idi. Bu soyuq bütün varlığını əsir alır, hər əsən küləklə öz cisminə bir az daha sıx sarılaraq qorunmağa çalışırdı. Qəlbində kök salan nifrətin qığılcımları bu soyuq küləklə mübarizə aparacaq qədər güclü deyildi. Bu dəfə olmurdu.. o nifrət qığılcımları alova çevrilmirdi, küləklə sovrulub, qara çevrilir onu daha da üşüdürdü.. Tufanın başlanğıcı olan bu dəqiq ələrdə, ağlından keçən tək bir düşüncə vardı, “O’nu bir daha görə bilməyəcəmmi?” Kim idi o?..
Ruhunu üşüdən küləkmi, gözlərindəki kədərli mavilikmi, kədərmi sevincmi? Sönən nifrətin qığılcımlarımı yoxsa o nifrəti alovlandıran daxilindən gələn gücmü? Xəyallarmı, gerçəklərmi? Doğmalarmı, yadlarmı? Tanrımı İblismi? Nə bilsin? İllərlə varlığına hakim kəsilən bu qüvvəni mənalandıra bilməmişdi, bunu bacara bilməyəcək qədər cahil deyildi, bəlkədə müdrikliyi onu mənalandırmaq istəməməsindən gəlirdi. Onlardan biri deyildi, tək bildiyi bu idi və bu onu qəbul etməsinə bəs edərdi. İndi həsrətlə ona pıçıldadığı bu sözləri xatırladı: “Varlığın yalnız mənə məxsus, varlığın yalnız mənim qəlbimi isidir. Onlardan o qədər uzaqsan ki, onların görə bilməyəcəyi və hiss edə bilməyəcəyi qədər dəyərlisən. Sən yalnız mənə məxsussan.”
Bütün mövcudiyyətin ona düşmən kəsildiyi bu anda, soyuqdan donan göz qapaqlarını araladı.

“Burdasan”

Bu yad yolcunun pıçıldadığı son sözləri oldu. Onun susqunluğu əbədi sükunətə çevrildi.

Cənnətdən fraqmentlər

Məni ona yaxınlaşdıran hər addımla ürəyim daha sürətli döyünürdü. Ağlımda çox sayılı suallar var idi, hər dəfə cavablamağı təxirə saldığım bəlkə də cavabları həqiqəti üzümə amansızca çırpar deyə qorxduğum bu suallar beynimin qaranlıq bir küncündə yığılıb mənə əzab verirdi. Onunla keçirdiyim anları təsvir etmək üçün uzun-uzun düşünməyə ehtiyac yoxdur, onunla olmaq xoşbəxtlik idi, sadəcə xoşbəxtlik və mən bədbəxtlik səhrasında xoşbəxtliyə susamış bir səyyah idim. Qapını astaca döydüm, bir neçə dəqiqə sonra mənim xoşbəxtliyimi öz varlığı ilə təmsil edən şəxs qarşımda dayanıb, mənə gülümsəyirdi.

-Buyur, keç içəri, xoş gəlmisən...

Onun səsi, üzündəki o xoş təbəssüm, bu ev necə də doğma idi mənə. Kaş bu evdən çıxarkən bütün bu doğmalığı da özümlə, mənim olan ancaq mənə yad olan o qaranlıq daxmama da apara bilərdim. Dodaqlarını ehmalca yaxınlaşdırıb məni öpməyə başladı. Onunla hər dəfə öpüşəndə niyəsə ağlımdan qadağan edilmiş meyvəni yeyib, Cənnətdən qovulan Adəm və Həvva keçirdi. Bəlkə də onun da dodaqları həmin o günah meyvə idi, mən isə öz nəfsinin, ehtirasının qurbanı aciz bir bəndə. Əllərimi boynuna dolayıb, o gözəl qoxusunu içimə çəkdikcə həm də bir ruhum olduğunu, həyatın yaşamağa dəyər olduğunu hiss edirdim. Başımı sinəsinə qoyub, ürək döyüntülərinə qulaq asdıqca, bir tərəfdən də gözlərimi yumub onunla olan zaman həyatın necədə gözəl olduğunu düşünürdüm. Onun hələ doyunca baxa bilmədiyim o gözəl gözlərində həyatın bütün rənglərini, sevgini, xoşbəxtliyi, məhəbbəti görürdüm. O mənim üçün bütün gözəllikləri, mərhəməti, sevgini təmsil edir, uzun müddətdir ki, küsdüyüm Tanrı və bütün insanlarla onun yanında olan zaman barışırdım. Amma elə ki, onun yanında qovuşduğum Cənnətdən ayrılıb evə, öz qaranlıq dünyama, həyatın həqiqətlərinə, ağrılarına qayıtmalı olurdum bax, o zaman yenə həmin suallar mənə əzabverməyə başlayırdı. Axı mən hələdə onun xəyal yoxsa gerçək olduğunu bilmirdim...

“Mən”

Güzgüdə gördüyüm insan deyildi “Mən”im əksim. Bu saçlar, bu gözlər, bu cizgilər “Mən”ə məxsus deyildi. Üzərimdəki bu paltarlar da “mən”ə aid deyildi. Gözlərim yanlış görmürdü, nədə mən, mənim xəyal gücümün məhsulu deyildim. Həqiqi məni görmək üçün ancaq soyunmalı idim. Öz maskalarımı, maddiliyimi çıxarıb atmalı idim.

Bunun üçün əvvəlcə paltarlarımı üzərimdən çıxarıb attım, güzgünün qarşısında çılpaq bədənimə nə qədər diqqətlə baxsam da mən yenədə “Mən” i görə bilmədim. Çünki üzərimdə “Mən”i gizləyən, dəri ilə örtülmüş qalın təbəqə var idi, bundan xilas olmalı idim. Yavaş-yavaş dərimi soymağa başladım. Bu məni qətiyyən incitmirdi, əksinə, “ Mən” ə yaxınlaşdığımı hiss etdikcə qəribə bir həyəcan və sevinc hissi bürüyürdü qəlbimi. Dərimi çıxarıb səliqə ilə bir kənara qoydum, yenidən onu geyinməyə məcbur qalacağım üçün qırışmağını istəmirdim . Dərimi çıxardıqdan sonra bütün ətrafımın qan gölünə döndüyünü gördüm. Bu qan cismani vücüdumuzun damarlarından axıb gələn adi, bütün insanlara məxsus, heç bir özgünlüyü olmayan qırmızı rəngli eritrositlər deyildi. Ətrafımda gölməçə yaradan qanın rəngi bənövşəyi idi və bu qan damarlarımdan axmırdı. Qanayan ruhum idi, mən ona yaxınlaşdıqca, o çılpaqlaşdıqca qanayırdı. Bu qan axmanın əsas səbəbi isə mənim hisslərimə olan biganəliyim idi. Onlar illər idi ki, ağır yaralı idi. Hisslərim ağrıyır bu ağrının ağırlığlndan ruhum qanayırdı. Nə edəcəyimi bilmirdim, özümə necə köməkedəcəyimi, bu qanı necə kəsəcəyimi, ruhumdakı bu ölümcül yaraları necə sağaldacağımı da bilmirdim. Qorxurdum və xilas olmaq istəyirdim. Axı, nədən? Mən elə çatmaq istədiyim “Mən” dən xilas olmaq istəyirdim. Onu yox etməkistəyirdim, çünki onu mən yaralamışdım. Onunla üzləşəcək gücüm yox idi, nədə bunu edəcək qədər üzsüz deyildim. Cismaniliyimin ağırlığı altında əzəcəkdim onu, reallığımla işgəncələr edəcək, qırmızıya boyayacaqdım bənövşəyi qanını, sonda o “Mən” mənə çevriləcəkdi və güzgüdə görəcəkdim onun əksini.... Dərimi, sonra paltarlarımı geyindim. Güzgüyə baxdım və gülümsədim.

“O”

Onu tanımırdım, o da məni. Hər gün küçədə, işdə rast gəldiyim sıradan, bir müddət sonra yaddaşımda heç bir iz buraxmadan, öz-özünə unudulan simalardan biri idi. Buna baxmayaraq, həyatımda bir yeri vardı, hər kəs kimi deyil. Yox, o, hər kəsdən biri deyildi. Bu yeri özlüyündə əhəmiyyətli, “dəyərli” hesab etməkdə düzgün olmazdı. Eyni zamanda ona məna yükləyən nə gözəlliyi idi, nə xarakteri, nədə davranışları. Çünki onunla aramda bu günə qədər tək bir danışıq belə keçməmişdi. Bizi bir-birimizə bağlayan qüvvənin adı nifrət idi. O, mənə, daha doğrusu bütün varlığıma və hətta yoxluğuma nifrət edirdivə buna görə əzab çəkirdi. Bunu onun üzündəki hər incə cizgi belə açıqca göstərirdi. Əslində, o, özü də bu nifrəti gizlətmək üçün heç bir səygöstərmirdi. Nifrəti açıq idi. Olduqca açıq, saf və sadə. Və bu nifrətin mənim mövcudluğumla bir əlaqəsi yox idi. Əgərmən bu nifrətin hərarətini söndürmək üçün ortadan yox olsam, bu onun nifrətini iki qat artıracaqdı. Varlığımın verdiyi əzab, yoxluğumla daha şiddətli, dözülməz bir hal alacaqdı. Hətta bu nifrəti söndürmək üçün intihar etsəm belə bu onun çəkdiyi əzabları yox etməyəcəkdi. Ona kömək etmək istəyirdim, bunun üçün dəyişməyə belə səy göstərdim. Hətta bacardım belə demək olar, hər kəsdən biri kimi olmaq istədim. Bu işdən zövq belə aldım. Nəticə isə daha da nifrətlə baxan bir cüt göz oldu. Kaş ki, məni unuda bilsə idi, buna onu heç vaxt məcbur etməzdim-o zaman bütün əzabları da, nifrətidə yox olardı. Amma artıq hər şey mənim üçün aydın idi. Bu nifrətə məntiqli bir səbəb tapmağım mümkün deyildi. Hər şey öz-özlüyündə baş verirdi, başqa cürdə ola bilməzdi və bütün bunları kimsə dəyişdirə bilməzdi. Hətta mən də, o da...

Ölülər evi

Bu gün sən öldün bəlkə də dünən əmin deyiləm. Ölü bədənin taxta döşəmənin üzərində yatır. Mənsə solğun şam işığının aydınlandırdığı bu ruhsuz otaqda sənin ruhsuz bədəninə tamaşa edirəm. Solğun üzünə baxdıqca sənə olan diksintim və nifrətim daha da artır. Varlığından iyrəndiyim qədər hətta daha da dəhşətli şəkildə yoxluğundan da iyrənirəm. Sənə baxıram, dodağının kənarında donub qalmış gülümsəmənə, quru taxta parçası kimi iki yanında dayanan qollarına, yarı açıq ağzına bütün bunlar qəlbimdə sənə qarşı mərhəmət yaratmır, əksinə sənə olan qəzəbimi daha da şiddətləndirir. Bir az sonra bu ölü kütlədən sonsuza qədər xilas olacam. Səni məzarlığın ən qaranlıq, ən kimsəsiz yerində basdıracam, sonra da məzarına tüpürəcəm. Yox olacaqsan, əbədiyyən yox olacaqsan. Ancaq bütün bunlar, sənin Ölümün mənə dinclik, sevinc vermir. Kədər, kədər ancaq kədər. Yox, yox lənət olsun! Axı nə biləydim ki, ən böyük xoşbəxtliklər ən böyük bədbəxtliklərin başlanğıcıdır. Torpağın altında çürüsən belə, evimin ruhsuz divarlarında, qəlbimin ən məhrəm yerlərində izlərin hələ də yaşamağa davam edəcək. Bu otaqda sən və mən varıq. Bəs şam? O əriyir demək ki, sona çatırıq, artıq hər şey bitir, hər şey. Artıq zaman yetişir. Sənə yaxınlaşıram, quru taxtaya bənzəyən qollarından yapışıram, bu dəfə daha diqqətlə baxıram üzünə, artıq şam da yanmır. Qəribədir, qaranlıqda daha aydın görürəm üzünü, solğun cizgilərini. Bütün varlığımla səndən iyrənirəm, çünki bütün varlığımla bu cansız varlığa bağlı olduğumu bilirəm. Sənin ölü cəsədini məzarlığa daşıyacaq qədər güclüyəm. Layiq olduğunu verirəm sənə qollarından tutub, qaranlıq və kimsəsiz yollarda, sürüyərək aparıram tənha məzarlığa. Çirkaba batır çirkab bədənin. Çirkab içində boğul istəyirəm. Kaş ki, bu ağrıları duyan ruhun olsaydı, mənə yalvarsaydın, ayaqlarıma qapansaydın, əzab çəksəydin, gözlərindəki qorxunu görsəydim. Mən də boğuq bir qəhqəhə çəkib tüpürsəydim üzünə.

Lənət olsun sənə! Sənə və səndən olan hər şeyə! Nəhayət gəldik! Artıq burda çürüyəcəksən, həşəratlardan başqa ziyarətçin olmayacaq! Sonsuza qədər unudulacaqsan! Sən unudulmağa məhkumsan! Bu boş məzar sənin üçündür. Sən mənə hər dəfə əzab verdikcə, bura gəlib sənin üçün qazdım o məzarı. Öləcəyin günü gözlədim səbirlə və inamla. Sənə çata bilmədim, sən sürətləndikcə mən kiçildim. Bunun üçün yox ol istədim. Üzərinə atdığım hər ovuc torpaqda itsin izlərin. Sənsiz olum istədim. Budur o gün. Bəs hanı sevinclərim? Bu zülmət qaranlıqda görünmür axı heç nə. Dodağının kənarına ilişib-qalan donmuş gülümsəmə nədir bəs? Sevinc? Qəhqəhə? Yoxsa kədərli bir həya?... Buradayam sənin məzarının başında. Bura qaranlıqdır qorxuram, soyuqdur üşüyürəm. İşığı həsrətlə axtarır qəlbim. Çünki, çünki sən öldün, səndəki mən, məndəki sən də...

Bazar günü

Zamanın bir anı, budur yenədə bu an ölü keçmişə çevrildi. Yenə, yenə...
Əlimdə tutduğum qələmdən bəyaz vərəqə mənə tanış olmayan sözlər tökülür. Bu yad və uzaq sətirlərdəki hansısa bir axmaq zamanı tutub saxlamağa çalışır.. Məni isə indinin sükutu vahiməyə salır. Predmetlər və Onların sükutunun qulaqbatırıcı səssizliyi, “indi” əlimdə tutduğum qələm bu sükutu zümzümə edir. Bu sətirlərisə ona məxsusdur.. Mən, mən onu tanımıram. Yazdıqlarını yenidən oxuyuram:

“Zamanın bir anı, budur yenə də bu an ölü keçmişə çevrildi. Yenə, yenə..”

Bir saniyəlik əyilmiş vəziyyətdə qalıb sətir başında yazılmış bu sözləri oxudum. İndi anlayıram, mən azadlığımı itirmişəm, artıq mənim istədiyimi etməyə səlahiyyətim yoxdur.. Mən bu qələmdən xilas olmaq istəyirəm, o məni narahat edir.. Predmetlər bizi narahat etməməlidir: axı onlar canlı varlıqlar deyil. Onlardan istifadə edirlər, onları yerinə qoyurlar, onların arasında yaşayırlar, onlar faydalıdır vəssalam. Ancaq onlar məni narahat edir və bu dözülməzdir. Mən onlarla təmasdan qorxuram, onlarla canlı varlıqlar kimi rəftar edirəm! Bilsəniz, bu qələmi əlimdə tutmaq nə qədər iyrənc idi! Məhz belə, tamamilə dəqiq!

Səhər çağı bu günün bazar günü olduğunu unutmuşdum. Nəhayət ində bu mənim deyil, onların bazar günüdür. “Atatürk meydançasında” addımlayıram. Mən bu şən və şaqraq səslərin arasında yalqızam. Yolumu davam etməyə tələsmirəm. Mənə elə gəlir, xoşbəxtliyimin ən uca mərtəbəsinə çatmışam. Mən özümün özümlə birlikdə olduğunu duyur və burada olduğumu hiss edirəm; mən qaranlığı kəsib keçirəm və eyniilə roman qəhrəmanı kimi xoşbəxtəm... Başımı qaldırıb ucsuz-bucaqsız səmaya baxıram, xatırlayıram : bu gün bazar günüdür. Sanki bu bazar günəşi kimsə çarmıxa çəkmişdi...

Bakı şəhər,
2023-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə