“Yaş senzi” bizə nə verir? - (Pamflet)

Yaş senzinin tətbiqindən sonra yüzlərlə təcrübəli və savadlı həkimlər işdən uzaqlaşdırıldı, bununla da Azərbaycanın tibb sahəsinə böyük zərbə vuruldu. Eləcə də, biliyi və təcrübəsi olan müəllimləri, mədəniyyət və idman xadimlərini də “yaş senzi” adı ilə işdən uzaqlaşdırmaqla onların da həyatında xoşagəlməz izlər buraxdı. “Bir mülləti məhv etmək üçün onun təhsilini, elmini zədələ”, deyimi həmişə aktual olub. Səhiyyəni, mədəniyyəti də bura aid etmək olar. Bu sahələrin yüksək savadlı mütəxəsisilərini işdən uzaqlaşdırmaqla da eyni nəticəni əldə etmək olar.

Bunu edənlər hələ də bilmirlər ki, təxminən yüz il bundan qabaq dünyanın ən məşhur alimləri, psixoloqları sübut ediblər ki, insanların ən məhsuldar dövrü 60-70 yaş arasındakı dövrdür. İkinci işlək dövrü 70-80 yaş arasındakıdır. Üçüncü dövr isə 50-60 yaş dövrü hesab edilir. Amma bizdə 30-40 illik təcrübəsi olan mütəxəssisləri 65 yaşdan sonra işdən çıxarırlar. Görünür, məşhur alimləringəldiyi qənaətdənonların xəbəri yoxdur. Bəzi “mütəxəssislər” deyirlər ki, yaş senzi ona görədir ki, cavanları işlə təmin edək. Lap yaxşı. Mən də razıyam ki, cavanlarımız işlə təmin olunmalıdır. Məmələkətimizdə bu gün bu ən aktual məsələdir. Çünki bilavasitə gənclər işlə təmin olunmalıdır, onların potensialından lazımi səviyyədə istifadə olunmalıdır ki, ölkəmiz daha çevik inkişaf edə bilsin. Amma bunun çox asan bir yolu da var. Bölgələrdə zavod və fabriklər, səhiyyə və təhsil ocaqlarını əhalinin say tərkibinə uyğun tikmək, eləcə də mədəniyyət ocaqları, yeni teatrlar, teatr-studiyalar yaradıb bütün cavanları işlə təmin etmək olar. Buna görə ölkəmizin lazım olan qədər vəsaiti var. Sadəcə buna bir istək olmalıdır. Onsuz da bu gün məktəblərdə, əsasən də ibtidai siniflərdə hər sinifdə 35-40 uşaq təhsil alır. Bu qədər uşağa bir müəllim nə öyrədə bilər? Deməli, biz ibtidai siniflərdən uşaqlarımızı savadsız böyüdürük. Sonra da məcbur olub, repetitorların yanına göndəririk ki, onlara təhsillə bağlı nə isə öyrətsinlər.

Dövlət xəstəxanalarında da həkim çatışmazlığı var. Təkcə terapevt həkimlərə ehtiyac daha çoxdur. Deməli, Bakı şəhərindən tutmuş bütün şəhərlərimizə və rayonlarımıza qədər əlavə təhsil ocaqları və xəstəxanaların tikilməsi labüddür və çox vacibdir. Belə olduqda deməli, cavan mütəxəsislər işlə təmin olunar. Onda bacarıqlı, savadlı, yüksək təfəkkürlü yaşlı mütəxəsisləri də işdən çıxarmaq lazım olmaz. Axı bu insanlar millətimizə hələ çox lazımdır...

Adi bir misal, Tiflis şəhərinin əhalisi təxminən 1 milyon 230 min nəfərdir. Amma bu şəhərdə təxminən 30-dan çox teatr və teatr-studiyalar var. Hamısı da yüksək səviyyədə fəaliyyət göstərir. Bakı şəhərinin əhalisi isə təxminən 3 milyondan çoxdur. Bakıda isə 7 dövlət teatrı, bir Bələdiyyə Teatrı, İrəvan və Şuşa Dövlət teatrları, Bakı Regional Mədəniyyət İdarəsinin nəzdindəki Uşaq Teatrı və 5-6 teatr-studiyalar, yəni özəl teatrlar fəaliyyət göstərir. Özəl teatrların da heç birinin şəraiti yoxdur. Bir vaxtlar Bakıda Dövlət Gənclər Teatrı və Kamera Teatrı da fəaliyyət göstərirdi. Amma bu iki teatrın Dövlət Gənc Tamaşaçılar Teatrına birləşməsi qərarını verdi və beləliklə, bu teatrlar 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildi. Birdən-birə teatrın truppasında 100 aktyor işləməli oldu. Bu müddətdə onlardan 8-10 nəfəri “yaş senzi” ilə işdən çıxarıldı. Bəziləri özləri işdən getdi. 5-6 nəfər də haqq dünyasına qovuşdu. Bu gün bu teatrda 84 aktyor, aktrisa işləyir. Bir truppada 84 aktyoru, aktrisanı rolla təmin etmək əlbəttə çox çətindir. Teatr da bir ildə cəmi 5-6 tamaşa hazırlayır. Bu tamaşaların da çoxu kamera tamaşalardır. Yəni iştirakçısı az olan tamaşalar. Milli Akademik Dram Teatrının truppasında 70 aktyor var. Yaxşı, buradan bir sual ortaya çıxır. Axı Dövlət Gənclər Teatrı və Kamera Teatrı müstəqil işləyirdi və hər iki teatr çox yaxşı tamaşalar hazırlayırdı. Bəs bu iki teatrı Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirmək kimə lazım idi? Bunun əvəzinə hər iki teatr üçün ayrıca bina tikmək lazım idi və hər iki teatr da böyük həvəslə işləyəcəkdi. Aktyorları, aktrisaları yaxşı rollar oyanayacaqdı və rejissorları da maraqlı tamaşalar hazırlayacaqdı. Deməli, yeni məktəb, xəstəxana, teatr binaları, yeni idman təşkilatları yaratmağın əvəzinə biz yüksək təcrübəli insanlarımızı 65 yaşından pensiyaya göndəririk... Bu, hansı məntiqə uyğundur? Axı bu günahı heç Allah da bağışlamaz.

Yaş senzi tətbiq ediləndən bu yana, yəni 2012-ci ildən başlayaraq nə qədər savadlı mütəxəsislərimizin aldığı 300-400 manat pul yalnız onalara dərmanlara lazım olur... Əlbəttə, zaman gələcək biz bunun fəsadlarını daha çox görəcəyik... Əgər biz millətimizi həqiqətən seviriksə, onun elmini, təhsilini, səhiyyəsini, mədəniyyətinini, idmanını fikirləşiriksə, gəlin bu “yaş senzi”ni ləğv edək. Bununla da yaşlı nəsil öz bilik və bacarığını, təcrübələrini cavanlara öyrədər. Bununla da elmimiz, təhsilimiz, səhiyyəmiz, mədəniyyətimiz, idmanımız daha yaxşı inkişaf edər.

Bəli, bu gün cavan kadrlar bölgələrdə işləməyə getmək istəmir. Çünki bölgələrdə onlara Bakı şəhərindəki kimi şərait yaradılmır. Bölglərdə olan təcrübəli müəllimləri, həkimləri, tibb bacılarını, aktyorları, aktrisaları da “yaş senzi” ilə işdən çıxarırlar. Beləliklə, bölgələrdə mütəxəssislərə böyük ehtiyac yararanır. Bölgələrlə bağlı bir misal deyim. Mingəçevir Dövlət Dram Teatrında işləyən çox istetadlı aktyorlar- Əməkdar artist Akif Mirabov, aktyorlar Nəsib Əliyev və Təvəkkül Əhmədov “yaş senzi” ilə işdən çıxarılmışdılar. Mən 2019-cu ildə həmin teatrda Qənbər Şəmşiroğlunun “Caninin etirafı” tamaşasına quruluş verəndə teatrın direktoru Səxavət Məmmədovdan xahiş elədim ki, onları müqavilə ilə işə götürsün və hər üçünə həmin tamaşada rollar verdim. Səxavət müəllim etirazlara baxmayaraq, onları müqavilə ilə işə götürdü. Hər üçü yüksək peşəkarlıqla rollar oynadılar. Əlbəttə, bundan həm tamaşa, həm də teatr qazandı. Cavan aktyorlar və aktrisalar da onlardan yaxşı bəhrələndilər. Bir növ bu yaşlı aktyorlar tamaşa boyu onlara ustad dərsləri keçdilər. Bu tamaşadan sonra daha onları başqa tamaşalara dəvət etmədilər. Çünki daha icazə verilmədi...

Mən Sumqayıtda yüksək təşkilatçı və savadlı məktəb direktorları tanıyırdım ki, onların rəhbərlik elədiyi məktəblərdə tədris çox yüksək idi. Onları 65 yaşında işdən çıxarıldılar. Artıq həmin məktəblərin çoxunda tədrisin keyfiyyəti zəifdir və onları əvəz edən direktorların da çoxu öz işlərini bacarmırlar. Bu, təkcə Sumqayıtda belə deyil, çox yerdə belədir. İşdən çıxarılan məktəb direktorlarının bir neçəsi və bir çox müəllim haqsızlığa dözməyiblər. Eləcə də həkimlər, mədəniyyət, teatr işçiləri, idman üzrə məşqçilər var. Axı bu insanlar 65-70 yaşında artıq öz sənətlərinin ən mükəmməl biliciləridirlər. Əslində onların bu biliyindən, bacarığından, təcrübəsindən yüksək səviyyədə yararlanmaq lazımdır. Amma biz onları heç bir silahdan istifadə etməməklə, onlara streslər, depressiyalar yaşatmaqla ölümə sürükləyirik.

Xalqmızın tanınmış rejissorları Mehdi Məmmədov, Tofiq Kazımov, Ələsgər Şərifov, Heydər Şəmsizadə, Baxşı Qələndərli, İbrahim Həmzəyev, Yusif Bağırov, Zülfüqar Abbasov, Ağakişi Kazımov, Cənnət Səlimova və başqaları ahıl yaşlarında bir-birindən maraqlı tamaşalar hazırlayırdılar. Möhsün Sənani, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, Əli Zeynalov, Məlik Dadaşov, Ələddin Abbasov, Məmməd Bürcəliyev, Nəsibə Zeynalova, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Sofa Bəşirzadə, Məmmədrza Şeyxzamanov, Siyavuş Aslan və onlarca başqaları ahıl yaşlarında bir-birindən maraqlı rollar oynayırdılar.

Mən dünyanın bir qrup məşhur insanlarının yaşlı dövründə necə böyük işlər gördüyünü yazıram ki, qoy bəziləri bunu oxusun və görsünlər ki, millətimizə necə böyük bir zərbə vururlar. Rusiyada Zark Zaxarov, Oleq Yefremov, Oleq Tabakov, Mixail Ulyanov, Yuri Nikulin və onlarca başqaları ahıl yaşlarında öz işlərində haqq dünyalarına qovuşana qədər işlədilər. Özü də yaxşı işləyiblər. Məşhur rejissor Yuri Lyubimov 84 yaşında Moskvanın Vaxtanqov adına Akademik Teatrında Fyodor Dostayevskinin “Əbləhlər” adlı əsərinə çox yüksək peşəkarlıqla quruluş verdi. Yüzdən çox rus aktyorları və aktrisaları 70 yaşdan- 95 yaşına kimi teatrlarda çox maraqlı rollar oynayıblar və bu gün də öz işlərində işləyirlər. Eləcə də müəllimlər, həkimlər və başqa peşə sahibləri də bu yaşlarına qədər Rusiyada və başqa xarici ölkələrdə öz işlərində yüksək peşəkarlıqla işləyirlər.

Roma senatoru Katon yalnız 80 yaşında yunan dilini öyrənib. Onu da vurğulayım ki, yunan dili çox çətin dillərdən biridir.
Dünya şöhrəıtli filosof Sokrat 70 yaşında bir neçə musiqi alətlərində çalmağı öyrənib və bu musiqi alətlərində yüksək peşəkarlıqla çalırmış.

Mikelanjelo özünün ən böyük əsərlərini 80 yaşında yaradıb. Höte məşhur “Faust” əsərini 80 yaşında tamamlayıb. Məşhur alman tarixçisi Leopald Ranke özünün məşhur “Dünya tarixi” əsərini 91 yaşında tamamlayıb. İsaak Nyuton 85 yaşında bütün günü özünün maraqlı işi ilə məşğul olurdu. Lev Tolstoy 82 yaşında nəinki yaradıcılıqla məşğul olurdu, o, həm də tarlada işləyirdi, dəryaz çalırdı. At çapırdı. Velosiped sürüdü. Bir ayağı üstündə 40 dəfə oturub-dururdu.

Amerika vətəndaşı, məşhur bəstəkar, dirijor İqor Stavinski 88 yaşına qədər yaradıcılıqla məşğul olub. Şair Beranje -77 yaşına qədər, Viktor Hüqo-88 yaşına qədər, akademik İvan Pavlov -87 yaşına qədər, qədim yunan dramaturqu Sofokl- 90 yaşına qədər, məşhur filosoflar Dioqen və Demokrit, rəssamlar Tissian və Mikeanjelo 80 yaşı keçənə qədər yaradıcılıqla məşğul olublar. Məşhur ingilis yazçısı, Nobel mükafatı laureatı Bernadr Şou 94 yaşına qədər yazıb-yaradıb.

Ümumiyyətlə, Nobel mükafatı alanların arasında 70 yaşından yuxarı olanlar daha çoxdur. Bizim təfəkkürümüzlə gərək onlara da “Yaş senzi” qoyulmalı idi və Nobel mükafatı verilməməliydi...

Maraqlı fakt da demək istəyirəm. Bir vaxtlar Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürk Milli Məclisdəki çıxışında belə bir fikir demişdi: “ Müəllimlər Milli Məclisdə olanlardan çox əmək haqqı almalıdı”. Elə həmin vaxtdan da onun bu fikri reallaşdı. Bu gün Türkiyədə müəllimlər, həkimlər, sənətçilər çox böyük məvacib alırlar. Məhz ona görə də Türkiyədə tibb sahəsi, təhsil və incəsənət belə yüksək səviyyədə inkişaf edib.

Başqa bir maraqlı fakt da deyim. Bu yaxınlarda Amerika alimiləri, Avropa alimlərilə birlikdə belə maraqlı bir kəşf ediblər. İnsan beyini biz fikirləşdiyimiz kimi 25-30 yaş arasında yox, 50 yaşında tam inkişaf edir. Həm də əgər insan yaradıclıqla, elmlə və sevdiyi işlə mütəmadi məşğul olursa, onun beyini heç vaxt qocalmır.

Deməli, buradan belə bir fikir ortaya çıxır. Qocalıq adlı xəstəlik yoxdur. Tənbəllik adlı xəstəlik var. Ola bilər ki, insanın 25-30 yaşı var, amma həmin adam tənbəldir və heç bir iş görməyə həvəsi yoxdur. Deməli, o, artıq qoca adamdır. İnsan nə qədər ki, yaşayır, o, əgər istəsə çox böyük yüksəkliklərə qalxa bilər. Ona heç vaxt yaş mane ola bilməz. Ona görə də insanlar arasında “Yaş senzi” qoymaq olmaz. Bu, sadəcə insanlara qarşı böyük düşmənçilikdir. Bu, insanlara qarşı inamsızlıqdır...

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə