ESSE haqqında bildiklərimiz və bilmədiklərimiz

Bu gün istər orta, orta ixtisas, istərsə də ali təhsil müəssisələrində təhsil alanlara esse haqqında məlumat verilir, esse yazmaq tapşırılır.

Uzun illərdən bəri isə yazıçılarımızın yaradıcılığında esselər də geniş yer tutur. Bu esse ilə bağlı bizim bildiklərimizdir. Lakin esse haqda bilmədiklərimiz də vardır. Məhz bu yazımızda esse ilə bağlı bilmədiklərimizə dair bir qədər ətraflı söhbət açacağıq.

“Esse” fransız sözü olub “Essai” sözündən götürülmüşdür. Fransızların söz leksikonunda, xüsusilə fransızlara məxsus ensiklopedik nəşrlərdə “essai” sözü “sınaq”, “təcrübə”, “oçerk” kimi açıqlanır.
Esse sərbəst kompozisiyalı nəsr əsəridir. Essenin yaradıcısı və ilk nümayəndəsi fransız yazıçısı və filosofu Moris Mente (1533-1592) hesab olunur. Görkəmli Slavyan pedaqoqu Yan Amos Komenski (1592-1670) “Böyük didaktika” əsərində şagirdlərin sərbəst düşüncə tərzini inkişaf etdirən sərbəst kompozisiyalı yazılar, yəni esselər yazmalarını tövsiyə etmişdir.

Sərbəst kompozisiyalı nəsr əsəri olmaqla essenin bir neçə üslubda yazılan növləri vardır:
ədəbi tənqidi üslubda yazılan esse;
tarixi-bioqrafıq üslubda yazılan esse;
publisistik üslubda yazılan esse;
Belletristik (balletristik) üslubda yazılan esse;
fəlsəfi-sosioloji üslubda yazılan esse;
pedaqoji-psixoloji üslubda yazılan esse;
didaktik məzmunda yazılan esselər.

Orta ixtisas və ali məktəblərdə yazılan esselər pedaqoji, psixoloji və didaktik esselərdir. Didaktik esselərdən daha geniş istifadə olunur. Belə esselər keçilmiş və yekunlaşmış hər hansı fənn ilə bağlı tələbənin elmi dünyagörüşünü, erudisiyasını, mühakimə yürütmək, sərbəst mülahizə söyləmək bacarığını, ümumiləşdirmə aparıb nəticə çıxarmaq qabiliyyətini yoxlamağa və ümumi səviyyəsini üzə çıxarmağa xidmət edir.
ABŞ-ın, xüsusilə Qərb ölkələrinin təhsil sistemində aparıcı mövqe tutan kolleclərində və universitetlərində kredit bal sisteminin tələblərinə uyğun olaraq tələbələr həm də müvafiq fənlər üzrə esse yazmaqla öz kreditlərindən birini ödəmiş olurlar. Bu zaman onlar müəyyən olunmuş qaydalara uyğun bal qazanırlar.
Humanitar fənlər üzrə yazılması nəzərdə tutulan esselər konkret mövzuya, gerçəkliyi özündə əks etdirən fakta, hadisəyə (tarixi, ictimai, sosial, pedaqoji-psixoloji və s.) şəxsiyyətə, elmi-bədii-publisistik əsərə, personaja həsr edilə bilər.

Bu şərtlə ki, seçilən mövzular sərbəst düşüncə tərzi əsasında, fərdi üslubda şərh olunsun. Bu zaman essenin sujeti düzgün qurulmalıdır. Esse mövzusunun sujeti həm qabaqcadan, həm də eksklyusiv şəkildə qurula bilər. Seçilmiş sərbəst mövzunun kompozisiyası əsasında qurulmuş süjet xətti üç əsas yanaşma və mərhələ ilə şərtlənir: 1. Uvertüra (yəni aydın, uğurlu girişin verilməsi ); 2. Kulminasiya (yəni mülahizə və mühakimələrlə essenin zirvəsinə çatma; mövzunu tam açıqlama); 3. Kodensiya (yəni başaçatdırma, ümumiləşdirmə aparmaqla yekunlaşdırma ). Esse qiymətləndirilən zaman məhz bu üç mərhələ və yanaşmanın səviyyəsi nəzərə alınmalıdır.

Söhbət üslubdan düşmüşkən demək lazımdır ki, esselərin daha çox fərdi üslubda yazılması müşahidə olunur. Yəni hər bir müəllifin özünəməxsus esse yazmaq üslubu var. Klassik yazarların hər birinin özlərinə məxsus üslublarının olmasını nəzərə alsaq, deməliyik ki, fərdi üslub hər bir şairin, yazıçının yazı üslubu onun fərdi üslubu hesab olunur. Azərbaycanın ilk şairi olan Dəvdəkin (VII əsr) noeriyasının yaşadığı dövrün yazı üslubuna uyğunluğu onun özünəməxsus üslubu kimi dəyərləndirilməlidir. Çünki bədii əsər hər hansı zaman və məkan şəraitində müvafiq metodoloji prinsiplərə uyğun olan fərdi üslubda yaradılır. Deməli fərdi üslub xüsusi səciyyə daşıyır və bədii yaradıcılıq nümunələrini ərsəyə gətirən müəlliflərə məxsus olur. Məhz ona görə klassik yazarların içərisində Dəvdək üslubu, Ömər Gənci üslubu, Qətran Təbrizi üslubu, Nizami Gəncəvi üslubu və Məhəmməd Füzuli üslubu kimi fərdi üslublar biri-birilərindən ciddi sürətdə fərqlənir. Hətta Füzulinin nəsr üslubu həm özündən əvvəl, həm də özündən sonrakı yazarların nəsr üslubları arasındakı ciddi fərqlər bu gün də seçilməkdədir. Əslində Füzulinin nəsri digərlərindən öz məntiqinə, fəlsəfi dərinliyinə, fikir aydınlığına, xüsusilə sinergetik məzmununa görə fərqlənir. Özü də “Hədiqətüs-süəda” (Füzuli bu əsəri əvvəlcə “Aləməfruzi səadət kitabı” adlandırmışdır. – F.S) əsərində həm esselər, həm də elegiyalar vardır. Başqa sözlə desək əsərdə ədəb-ərkan qaydalarını, əxlaqın saflaşdırılmasını, habelə tərbiyə ənənələrini özündə səciyyələndirən esselər və xaliqin möcüzələrinə, tarixi şəxsiyyətlərin faciəli həyatına həsr olunan elegiyalar vardır. Deməli fərdi üslub hər bir yazarın özünəməxsus səciyyə daşıyan üslubu hesab olunur. Hansı ki, esse də hər bir yazarın özünəməxsus səciyyə daşıyan fərdi üslubda yazdığı bədii yaradıcılıq nümunəsi hesab olunur. Lakin fərdi üslub anlayışına da məhdud səviyyədə yanaşmaq olmaz. Yəni fərdi üsluba məhdud mənada yanaşmaq düzgün sayıla bilməz. Çünki fərdi üslubun Azərbaycan ədəbi dilinin əsas üslublarından ayrı təsəvvür etmək düzgün deyil. Ona görə də fərdi üslubu bədii, elmi, publisitik, məişət, rəsmi-işgüzar üslublarla bir sırada təsnif etmək lazımdır. Bədii yaradıcılıq nümunələrini, o cümlədən esseni də məhz bu üslubların birində yazmaq, ərsəyə gətirib çap etdirmək daha düzgün sayılır. Bədii üslubda yazılan esselər digərlərindən bir sıra spesifik xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, bədii təfəkkürün ifadə vasitəsi olan nitqin obrazlılığı və emosionallığı esse üçün çox xarakterikdir. Məhz ona görə istər sifahi nitq vasitəsilə təqdim olunan essenin xarakterindən doğan ovrazlılıq, istərsə yazılı nitq vasitəsilə ifadəsini tapan obrazlılıq essenin mövzusunun mahiyyətinin oxucuya çatdırılmasına, məzmunun dərk olunmasına öz dinamik təsirini göstərmiş olur.

Elmi üslubda yazılan esselərin, ilk növbədə aktuallığını aydın, anlaşıqlı dillə oxuculara diqtə etmək lazım gəlir. Elmi üslubda yazılacaq esselərin yazılmasına elmilik, ardıcıllıq və sistemlilik prinsipləri əsasında yanaşılması tövsiyə olunur. Elmi üslubda yazılan esse hər hansı elmi mövzuya aid terminlərin işlədilməsində obrazlılığın olması essenin dəyərini, elmi və bədii səviyyəsini yüksəltmiş olur.

Publisistik üslubda yazılan esseləri jurnalistlərlə yanaşı, digər qələm sahibləri də yaza bilərlər. Əsasən qəzetlərdə, jurnallarda, radio və televiziya kanallarında çalışan jurnalistlər tərəfindən hazırlanaraq təqdim olunan esselərin publisistik üslubu oxucunu, dinləyicini və seyrçini özünə hər şeydən əvvəl emossionallığına və obrazlılığına görə cəlb etməlidir. Publisistik esselər daha çox bir şəxsə, sənətkara, görkəmli şəxsiyyətlərə, həyat hadisələrinə həsr olunur.

Belletristik (balletristik) esselər incə, zərif, gözəl, qəşəng bədii yaradıcılıq nümunəsi hesab olunur.
Belletristik sözü fransız sözüdür. Lüğəti mənası iki söz kökündən yaranan söz birləşməsinin mənası kimi izah edilir. Yəni fransızca “belles” “zərif”, “lettres” “ədəbi nümunə” mənalarını verir. Balletristik üslubda yazılan esselər əsasən nəsr janrında olmaqla qeyri-bədii, elmi, asan oxunan, kütləvi ədəbiyyat kimi növlərə bölünür. Balletristik üslubda esseləri daha çox ədəbiyyatşünaslar yazıblar. Məsələn, vaxtilə Rusiyada ən tanınmış ədəbiyyatşünaslardan Vissarion Belinski və Dmitri Pisarevin yazdıqları bu tipli esselər daha çox bəyənilmişdir.

Fəlsəfi-sosioloji üslubda yazılan esselər əsasən məntiqi mahiyyətinə görə digərlərindən fərqlənir. Yəni bu tip essedə daha çox fəlsəfi məqamlar, məntiqi yanaşmalar, idrak proseslərinin bədii təhlili qabarıq verilir. Belə esselərdə sosial mühitin iştirakçıları, insanların sosiallaşması, sosial qrupların aparıcı insanları, onların qeyri-adi həyat tərzi, ziddiyyətli məqamları, demokrafik vəziyyətləri həm bədii dillə, həm də obrazlı şəkildə təsvir olunur. Görkəmli sosioloq alimlər F.Vahidov, T.Ağayev yazırlar ki, sosial mühitdə sosial qruplar öz qeyri-adi sabitliyilə fərqlənirlər. Ona görə ki, sosial qruplara daxil olan belə insanlar arasında eyni fikirlilik, birlik, ünsiyyət münasibətləri demək olar ki, məhdud səviyyədə olur. Nəqliyyat dayanacağında avtobus gözləyən bir neçə nəfəri qrup hesab etmək olmaz. Lakin onlar söhbətə başladıqda, gözləmə ilə əlaqədar birlikdə qarşılıqlı fəaliyyətə keçdikdə müəyyən sosial qrup keyfiyyəti əldə edirlər. Lakin bu cür qruplar bilərəkdən deyil, təsadüf nəticəsində əmələ gəlirlər. Burada sabit maraqlar yoxdur, qarşılıqlı fəaliyyət isə birtərəfli olur. Belə öz-özünə əmələ gələn qeyri-sabit qruplar kvaziqruplar adlanır. “Kvaziqrup” latın dilində “sosial qrupa bənzəyən” mənasını ifadə edir və aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir: 1) öz-özünə əmələ gəlmə; 2) qarşılıqlı əlaqələrin qeyri-sabitliyi; 3) müştərək hərəkətlərin qısamüddətliliyi və sairə. Aqreqasiyalar kvaziqrupa, kvaziqruplar isə öz növbəsində sosial qrupa çevrilə bilər. Deməli, sosial-fəlsəfi esselərin qəhrəmanları əsasən sosial mühitdə təsadüfdən baş verən hadisələr hesabına tanış olanlar, bir sıra müqayisəli halların iştirakçısı olanlar, qarşılıqlı əlaqələr zamanı qeyri-adi sabitliyilə fərqlənənlər, müstərək hərəkətlərin, davranışların qisa müddətliyi ilə seçilənlər hesab edilirlər. Ona görə fəlsəfi-sosioloji üslubda esse yazmaq istəyənlər bunları nəzərə olmalıdırlar.

Pedaqoji-psixoloji üslubda esse yazmağın da əhəmiyyəti böyükdür. Ona görə ki, pedaqoji-psixoloji mövzuda esselər yazanların sayı çox azdır. Nəinki pedaqoji-psixoloji üslubda esse yazanların, hətta bu üslubda digər bədii yaradıcılıq nümunələrinin, xüsusilə hekayə, novella, povest və roman yazanlara rast gəlmək çətindir. Pedaqoji-psixoloji esseləri klassik pedaqoqlara, pedaqoji örnəklərə, müəllim həyatına, eləcə də pedaqoji-psixoloji mühitdəki qüsurlara, nöqsanlara, çatışmazlıqlara, ziddiyyətlərə, qeyri-adiliyilə seçilən hadisələrə həsr etmək olar. Məsələn, əgər esse müəllifi əsərini pedaqoji mühitdə sosial münasibətlərin pozulmasına həsr edirsə bu zaman yaranan konfliklərin bədii həllinə çalışmalıdır. Əgər esse müəllifi pedaqoji mühitdəki psixoloji anları bədii şəkildə təqdim etmək istəyirsə bu prosesdə özünü daha ciddi şəkildə göstərən konfliklərin pedaqoji-psixoloji əsaslarını ətraflı öyrənməlidir. Görkəmli psixoloq Əbdül Əlizadəyə görə konfliktlərin özünəməxsus inkişaf dinamikası var. Onun ilk işartıları diskomfort şəklində özünü göstərir: qrupun hər hansı bir üzvündə fizioloji səviyyədə olsa da, çox vaxt intuitiv ölçülərlə narahatlıq duyğusu əmələ gəlir. Tədricən onun ətrafdakı adamların hər hansı biri ilə münasibətlərində gərginlik yaranır: neqativ yönümlər və birtərəfli rəylər qaynaqlandıqca, partnyorun sözləri və hərəkətləri təhrif olunmuş şəkildə qavranılır. Öz-özünə anlaşılmazlıq şəraiti əmələ gəlir: mübahisə, deyişmə, sözləşmə, çəkişmə - bu şəraitin sosial-psixoloji xarakteristikası belədir. O, kiminləsə dalaşmağa, kiminləsə küsməyə başlayır:tərəflərin araları dəyir. Və ...onların münasibətlərində böhran əmələ gəlir: münasibətlər müvəqqəti və ya biryolluq kəsilir.

Deməli, pedaqoji-psixoloji üslubda esse yazanlar belə elmi-nəzəri məsələləri də diqqət mərkəzində saxlamalıdırlar.

Bütün bunlar deməyə əsas verir ki, esse yazmaq üçün müəlliflər onun mahiyyətini, məzmununu, məqsəd və vəzifələrini dərindən öyrənməli, hansı üslubda yazacaqlarını müəyyənləşdirməlidirlər. Məhz belə olduqda sərbəst kompozisiyalı əsər olan, başqa sözlə desək, bədii yaradıcılıq nümunələri sırasında nadir janrlardan biri kimi dəyərləndirilən esse yazmaq sahəsində uğur qazana bilərlər.

Fərahim SADIQOV,
Bakı Elm-Təhsil Mərkəzinin Prezidenti,
pedaqogika elmləri doktoru, professor,
Akademik Yusif Məmmədəliyev, Akademik Mehdi Mehdizadə,
Mikayıl Müşfiq mükafatları laureatı, Beynəlxalq Türk
Akademiyasının həqiqi üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə