“Alkoqoldan asılı insanlar depressiyaya meyilli olurlar” - MÜNASİBƏT BİLDİRİLDİ

“Spirtli içkilər zərərli vərdişlər sırasında xüsusi yer tutur və insan sağlamlığına çoxşaxəli mənfi təsirlər göstərir. İlk növbədə, spirt mərkəzi sinir sisteminin fəaliyyətini zəiflədir. Xüsusilə 20–25 yaşadək gənclərdə bu təsir daha qabarıq şəkildə özünü göstərir və gələcəkdə yaddaş pozuntuları, Alzheymer xəstəliyi, eləcə də müxtəlif psixoloji problemlərə yol aça bilir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, uzunmüddətli spirt istifadəsi qaraciyər xəstəlikləri, o cümlədən sirroz və hepatit kimi ağır diaqnozlarla nəticələnə bilər: “Bununla yanaşı, alkoqol qan dövranını sürətləndirərək ürək-damar sistemində pozuntular yaradır, hipertoniya və digər kardioloji problemlərin meydana çıxmasına səbəb olur.

Spirtli içkinin müntəzəm qəbulu həzm orqanlarının fəaliyyətinə də mənfi təsir göstərir, mədə-bağırsaq sistemində xroniki xəstəliklər yaradır. Sinir sistemində balanssızlığa gətirib çıxardığı üçün alkoqoldan asılı insanlar depressiyaya, aqressiv davranışlara və psixoloji gərginliyə daha çox meylli olurlar. Belə şəxslərdə normal həyat fəaliyyətinin zəifləməsi, əmək məhsuldarlığının aşağı düşməsi və ictimai mühitdə münasibətlərin korlanması müşahidə edilir. Qadınlarda isə alkoqoldan istifadənin daha təhlükəli nəticələri var: hamiləlik dövründə dölün inkişaf qüsurlarına, uşaq ölümlərinə və xəstəliklərlə dünyaya gəlməsinə səbəb ola bilər.
Digər ciddi problem saxta spirtli içkilərin satışıdır. Saxta məhsullar dad, qoxu və keyfiyyət göstəricilərinə görə orijinaldan fərqlənir və orqanizm üçün yüksək dərəcədə təhlükəlidir. Onların qablaşdırma, etiket və qiymət fərqləri də diqqətə alınmalıdır. Çox vaxt saxta içkilər keyfiyyətli məhsulların üz qabığını kopyalamaqla satışa çıxarılır. Belə hallarda zəhərlənmələr, görmə qabiliyyətinin itirilməsi, hətta ölümlə nəticələnən faciələr baş verə bilər.
Bu səbəbdən spirtli içkilərin yalnız rəsmi satış məntəqələrindən, lisenziyası olan mağazalardan alınması tövsiyə olunur. Etiket üzərində istehsalçı şirkət, istehsal tarixi, son istifadə müddəti və tərkib barədə məlumatlar aydın şəkildə göstərilməlidir. Əgər məhsul real bazar qiymətindən xeyli ucuz satılırsa, bu, onun saxta olmasının əsas göstəricisidir.
Nəticə etibarilə, spirtli içkilərdən uzaq durmaq həm sağlamlığın qorunması, həm də cəmiyyətin sosial təhlükəsizliyi baxımından mühüm şərtdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə