Alimlər qozu ən faydalı qida hesab edir

Alimlər qozu ən faydalı qida hesab edir
Tədqiqatlara əsasən, qoz tərkibindəki ən yüksək antioksidantlara görə digər qida məhsullarından fərqlənir. SİA-nın xəbərinə görə, antioksidantlar insan orqanizmində turşuluq nəticəsində hüceyrələri parçalayan zəncirvari reaksiyanın qarşısını alır. Alimlər hesab edirlər ki, fındıq, araxis, badam və püstə ilə müqayisədə qoz daha xeyirlidir. Skrenton Universitetinin əməkdaşı Co Vinsonun hesablamalarına görə, qozun tərkibində antioksidant digərlərinə nisbətən iki dəfə çoxdur. Qozdakı antioksidantın bioloji fəallığı başqaları ilə müqayisədə yüksəkdir. Tədqiqatların nəticəsinə görə, qozun tərkibindəki antioksidantlar E vitamininə nisbətən 15 dəfə çox güclü təsirə malikdir. Nəzərə almaq lazımdır ki, E vitamini insan orqanizmindəki hüceyrələrin təbii kimyəvi vasitələrlə zədələnməsi nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən qoruyur. Qozun tərkibində yüksək keyfiyyətli zülal, çoxlu vitamin və minerallar var. Bununla yanaşı, allergiya yaradan kleykovinalar yoxdur. İndiyə qədər aparılmış tədqiqatlar göstərir ki, az miqdarda qoz yemək ürək xəstəlikləri, xərçəng, diabetin hər iki növündə riski azaldır. Tədqiqatçı Co Vinson deyir ki, qoz yüksək temperaturda qovrulduqda antioksidantların keyfiyyəti aşağı düşür. Məsələ bundadır ki, tərkibindəki antioksidantların səmərəliyini saxlamaq üçün insanlar qozu çiy şəkildə və lazım olan qədər yeyə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə