Brilliant və zümrüd daşlarla bəzədilən tac rekord qiymətə satılıb

Brilliant və zümrüd daşlarla bəzədilən tac rekord qiymətə satılıb

"Sotheby\'s" hərrac evində brilliant və zümrüd daşlarla bəzədilən tac rekord qiymətə-12,7 milyon dollara satılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə "Sotheby\'s" hərrac evindən məlumat verilib.

Tac 1900-cı ildə prussiyalı qraf Qvido Henkel fon Donnersmarkın sifarişi ilə öz xanımı hersoginya Katarina Henkel fon Donnersmark( Sleptsova) üçün hazırlanıb. Bu bəzək əşyası 500 karat ölçüsündə olan 11 armud şəkilli zümrüd daşlardan ibarətdir. Lotun ilkin qiyməti 10 milyon dollar olub. Bu cür nadir tac 30 ildən çoxdur ki, satışa çıxarılmayıb.

10,99 karat ölçüsündə üzüyə salınan nadir çəhrayı brilliant "Leviev" zərgər şirkəti tərəfindən 10,8 milyon dollara satılıb. İlkin qiyməti 9-16 milyon dollar arasında olub. Beləliklə, bu daş ən bahalı çəhrayı brilliantlar arasında üçüncü, ümumilikdə isə ən qiymətli brilliantlar siyahısında doqquzuncu olub.

Hərracda həmçinin ABŞ-ın strateji araşdırmalar idarəsinin əməkdaşı Mari-Alin Qriffitə məxsus olan bəzək əşyaları da satılıb. Həmin bəzək əşyaları ABŞ-da yığılaraq, 1943-cü ildə İspaniyaya göndərilib. Sonra kəşfiyyatçı qadın ispan aristokratı ilə ailə quraraq qrafinya de Romanones titulunu alıb. Onun sırğa, üzük, qolbağ, iki boyunbağı və brilliantlarla bəzədilən çantasına alıcılar 900 min dollar veriblər.

Ümumiyyətlə, hərracda 89,1 milyon dollarlıq qiymətli daş satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə