Hamburq Hafen - dünyada ən böyük liman bayramı - FOTOSLAYD

Hamburq Hafen - dünyada ən böyük liman bayramı - FOTOSLAYD

Artıq 3-cü gündür ki, Almaniyanın Hamburq şəhərində limanın ad günü qeyd olunur. SİA-nın Almaniyadakı xüsusi müxbirinin məlumatına görə, ümumiyyətlə Hamburq limanı bu şəhərin ən çox turist cəlb edən yerlərindəndir. Bu günlərdə isə limanda milyondan çox insan tamaşaya toplaşıb.

Hamburq limanı özünün 822-ci ildönümünü qeyd edir. Hamburqlular fəxrlə deyirlər ki, bu dünyada ən böyük liman tamaşasıdır. Təsadüfi deyil ki, bayram şənliyinə tamaşa etmək üçün dünyanın hər bir yerindən Hamburqa turistlər axışır. Təkcə bu il bayram ərəfəsində şəhər bir milyon turist qəbul edib. Öz şəhərindən qürur duyan, onu çox sevən yerli sakinləri də bura əlavə etsək, bayram günlərindəki qələbəliyi təsəvvür eləmək olar. Elba boyu kilometrlərlə uzanan insan izdihamı təqdim olunan bayram proqramına tamaşa edir. Proqram isə çox rəngarəngdir.

Gəmilərin paradı, atəşfəşanlıq, saysız kəpənəklərə bənzəyən yelkənli qayıqlar. Ən maraqlı şoulardan biri isə gəmi-qoşquların baletidir. Dünyada yeganə olan gəmilərin balet-tamaşasına yüz minlərlə insan toplaşır. Supermanevr imkanlarına malik gəmilər isə heyrətləndirməkdə davam edir. Yohan Ştraussun "Vena" valsı altında sözün əsl mənasında rəqs edən gəmilər sahilə o qədər yaxınlaşırlar ki, insanlar "bu dəqiqə qəza olacaq" deyə qorxub geri çəkilirlər. Amma yerli sakinlərin ən cəsarətliləri məmnuniyyətlə lap yaxında dayanaraq gəmilərin sahilə sıçratdığı su damcıları altında islanırlar.

Yeri gəlmişkən, bayram günlərində gəmilər məmnuniyyətlə arzu edənləri öz göyərtələrinə qəbul edirlər. Arzu edənlərsə o qədər çoxdur ki, hamıya yer tapılmır. Bayram günlərində muzeylər də insanlarla dolu olur. Xüsusən gəmi-muzeylər çox maraqlıdır. Hamburq limanı 830 il bundan əvvəl balaca bir sahil dayanacağı kimi mövcud olub. 1188-ci ildə isə əslən Lübek şəhərindən (Hamburqdan 50 km. aralı) olan fon Şauenburq qraf ailəsi "yeni şəhərin" əsasını qoyurlar. Qraf fon Şauenburq başqa ölkələrlə ticarət əlaqəsini genişləndirmək planına uyğun olaraq Şimal dənizinə çıxan yer axtarır. Alsterin Elbaya daxil olduğu yer ona çox uyğun görünür və köhnə şəhərin yaxınlığında yeni liman inşasına başlayır.

Limanın inkişafı daha çox Qraf Adolf III fon Şauenberqlə bağlıdır. Məhz o limanın sakinlərinə çoxlu güzəştlərlə yaşam şəraiti yaradıb, ticarət üçün gələnlərə azad ticarət imkanı verib. Onun hamburqlulara ən böyük hədiyyəsi isə çevik diplomatiyası sayəsində Hamburqa azad zona statusu almasıdır. O vaxtdan bu günəcən Hamburq Elba boyu Şimal dənizinəcən azad ticarət imkanına malikdir və Almaniyanın müstəqil torpaq statuslu 3 şəhərindən biridir. Bu 1189-cu il mayın 7-də Karol Fridrix Barbarosun imazaladığı sənəd sayəsində reallaşıb və elə həmin gün də Limanın ad günü kimi qeyd olunur. Amma geniş masştablı bayram tədbirləri 1977-ci ildən keçirilir. Və hər il daha geniş vüsət alır.

İnsafən demək lazımdır ki, Hamburq limanı belə möhtəşəm diqqətə tam layiqdir. Avropanın 3-cü ən böyük limanı (1-ci Rotterdam, 2-ci Antverpen) özündən ildə 140 milyon tondan çox yük keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə