Səudiyyə Ərəbistanında qamçılama cəza növü azadlıqdan məhrumetmə ilə əvəzlənəcək

Səudiyyə Ərəbistanında Kral Salman bin Əbdüləziz və vəliəhd-şahzadə Məhəmməd bin Salmanın həyata keçirdikləri hüquqi islahatlar çərçivəsində daha bir mühüm tarixi addım atılıb.

SİA xəbər verir ki, bundan sonra Krallıqda məhkəmələr cinayət törədənlər barəsində qamçılama hökmü çıxarmayacaq. Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu cəza növü azadlıqdan məhrumetmə ilə əvəzlənəcək.

Səudiyyə Ərəbistanı İnsan Haqları Komissiyası öz bəyanatında bu addımı yüksək qiymətləndirib. Komissiyanın sədri Əvvad bin Saleh qeyd edib ki, yeni dəyişiklik ölkədə insan haqları və azadlıqları sahəsində son beş ildə qəbul edilən 70 qərardan ən mühümüdür. O əlavə edib ki, Krallıqda qadınların, uşaqların və ahıl insanların hüquqlarının qorunması və onlar üçün daha yaxşı həyat şəraitinin təmin edilməsi istiqamətində islahatlar davam edir.

Şuranın üzvü İbrahim Əl-Nəhhas isə jurnalistlərə müsahibəsində qeyd edib ki, ölkə ictimaiyyəti hüquq islahatlarını alqışlayır və gələcəkdə edam cəzasının ləğv edilməsi də gündəmə gələ bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə