Yaponiya vətəndaşı olan dünyanın ən yaşlı kişisi vəfat edib

Yaponiyanın Niiqata prefekturasının 112 yaşlı sakini Titetsu Vatanabe vəfat edib. O, bu ayın əvvəlində Ginnesin Rekordlar kitabına əsasən, rəsmən Yer üzündə ən yaşlı kişi hesab olunmuşdu. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, məlumatda yapon uzunömürlünün fevralın 23-də öldüyü bildirilir. Planetin daha əvvəlki qoca kişisi də Yaponiya sakini idi. 113 yaşlı Masadzo Nonaka keçən il yanvarın 20-də vəfat edib.

Yaponlar dünyanın uzunömürlüləri sırasında ənənəvi olaraq yuxarı sıraları tuturlar. Ölkənin ən yaşlı qadını – Fukuoka prefekturasının 117 yaşlı sakini Kane Tanaka Ginnesin Rekordlar kitabına görə planetin ən yaşlı insanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə