Almanlarin fəxri olan avtoban: tarixi və bu günü - MARAQLI

Almanlarin fəxri olan avtoban: tarixi və bu günü - MARAQLI

Avtoban almanların haqlı olaraq qürur yeridir. Bu əvəzsiz yollara təkcə postsovet ölkələrində qibtə edib əlçatmaz bir şey kimi baxmırlar. Hətta qalan Avropa ölkələri də alman avtobanına qibtə edir, paxıllıqla yanaşırlar. Yalnız bu yollarda "külək kimi" şütümək olar. Əgər yüksək sürət sevənsənsə Avtobanda elə də böyük risk etmədən həmin arzunu reallasdıra bilərsən. Fantastik dərəcədə rahat yol buna tam imkan verir. Heç bir qayda pozmadan 200 km/saat, hətta 250 km/saat (bu artıq təyyarəyə yerdən qalxmaq üçün kifayət edən sürətdir) sürətlə şütüyərək "ekstrim" həzz almaq olar. Məsələ burasındadır ki, Almaniya Avropanın yeganə ölkəsidir ki, burada avtobanın bəzi yerlərində bütün sürət qadağaları götürülüb və yol sənə avtomobilinin spidometrində yazılan son rəqəmi belə yığmağa imkan verir. Sürəti bir kənara qoysaq belə, Avtoban  bütün rahatlığı, gözəlliyi və keyfiyyəti ilə adamı valeh edir. Sürət sevməyən hər hansı insan belə bu yolların yaratdığı imkan sayəsində ölkənin bu başından o başına, yəni 1000 kilometrlik məsafəni 8 saatdan da az bir vaxta qət edə bilər.


 

LAYİHƏDƏN REALLIĞA

 

Avtobanın tarixi də maraqlıdır. Yaşlı almanlarla Avtoban haqqında danışanda mütləq qeyd edirlər: 1. Danıla bilməz ki, bu Hitlerin xidmətidir. 2. Bu yollar başlanğıcda hərbi məqsədlər üçün tikilib. 3. O zaman işsizliyi aradan qaldırmağa böyük təkan verib. 4. Avtoban xalq üçündur və ona xidmət edir. Amma bu sayılanlarda bəzi yanlışlıqlar da var. Növbə ilə nəzər salsaq öyrənərik ki: Əslində Avtobanın tarixi nasistlərin hakimiyyətindən əvvələ gedib çıxır. 1909-cu ilin yanvarında ilk dəfə istisnasız olaraq avtomobillər üçün yol layihəsi işıq üzü görüb. Tamamilə yeni planda və yeni standartlarda. Bu yolda heç bir piyada və ya velosiped keçidi olmamalı, digər yollarla kəsişmə yığışdırılmalı və bu məsələ körpülər vasitəsilə həllini tapmalı, qarşı tərəfdən gələn yol ayrılmalı, döngələrdə sürəti azaltmamaq üçün bucaq artırılmalı və həmin hissədə yola maillik verilməli idi. 

 

1912-ci ildə ilk belə yolun tikintisinə başlanıldı. Berlin ətrafında olan və cəmi 10 km.-lik bu yol yalnız 1921-ci ildə istifadəyə verildi. İnsafən demək lazımdır ki, bu illərdə İtaliyada da sürətli avtoyollar layihələri gündəmdə idi və onlar bu yolların çəkilməsinə lazım olacaq xərci həmin yollara pullu giriş sayəsində əldə etməyi planlaşdırırdılar. Almaniyada isə 30-cu illərdə yüzlərlə yol layihəsi kağız üzərində hazır idi. Amma o illərdə ölkədə maşınların sayının az olması bu layihələrin reallaşdırılması ehtiyacını ləngidirdi.

Məsələn, növbəti yeni tipli, 20 kilometrlik yol (Köln – Bonn arasında) yalnız 1932-ci ilin avqustunda isitifadəyə verildi. Avtobanların Hitlerlə bağlılığı isə onda idi ki,  bu yolların total tikintisinə məhz diktatorun zamanında başlanılıb. 1933-cü ilin əvvəlində hakimiyyətə gələn nasistlər artıq may ayında  nəhəng avtomobil yollarının tikintisi barədə qərar qəbul edirlər. Ölkədə 15 iri tikinti idarəsi yaradılır. Eyni vaxtda bir neçə yerdə yol tikintisinə başlanılır və bu sənayeyə 113 min adam cəlb edilir. Məhz bu rəqəm əsas verir deyilsin ki, avtoban tikintisi 30-cu illərdə tüğyan edən işsizliyin  aradan qaldırılmasında mühüm rol oynayıb. Amma bu əsasda da müəyyən yanlışlıq var.

Hitlerin işsizliyi aradan qaldırmaq üçün özünəməxsus həll yolları var idi. Həmkarlar ittifaqını ləğv etmək, nümayişlərə qadağa qoymaq, maaşları son həddə qədər azaltmaq və hamını ümumi məcburi işə cəlb etmək.  Tezlklə isə daha ucuz işçi qüvvələri tapıldı. Nasistlərin hakimiyyəti dövründə yaradılmış böyük düşərgələrdəki dustaqlar "əmək tərbiyəsi" adı altında yol tikintisinə cəlb edildi.  Artıq 40-cı ildən sonra isə bu işi hərbi dustaqlar və məcburi surətdə almaniyaya gətirilmiş digər ölkələrin vətəndaşları görməyə başladı.  Beləliklə avtoban tikintisi görünməmiş sürətində davam edirdi. 

Məsələn,  1935-ci ildə cəmi 108 kilometr yol istifadəyə verilmişdisə, növbəti il bu rəqəm 9 dəfədən çox, yəni 979 kilometr idi. Amma tikilmiş yollardan çox az istifadə olunurdu. O zaman yük maşınları tamamilə hərbi işlərə cəlb edilmişdi. Minik maşınları isə az istehsal olunurdu. Hətta geniş reklam olunan və "xalq maşını"  adlanan Volkswagen bir neçe yüz minik avtomobilindən sonra yaralıları daşımaq üçün xüsusi transportyor istehsalına başladı. Üstəlik dəhşətli benzin qıtlığı da  avtobanlarda qələbəliyə mane olurdu. Hərbi məqsədlər üçün isə dəmiryol nəqliyyatı daha sərfəli idi. Tezliklə amansız xərc aparan müharibə iqtisadiyyata öz ağır zərbəsini vurdu. Tikintinin sürəti kəskin zəiflədi. Əsas material olan polad armatur və sement hərbin daha vacib sahələrinə yönəldildi. 1943-cü ildə isə avtoban tikintisi tamamilə dayandırıldı. Bu vaxta qədər isə 3 896 km. Sürətli yol istifadəyə verilmişdi.

 

 

MÜASIR GÜNÜN MÜASIR YOLLARI

 

 

Almanların qürur yeri olan avtoban tikintisi bir də 10 ildən sonra, 1953-cü ildə bərpa olundu və bu gün ölkəni tam olaraq öz şəbəkəsinə almış bu gözəl yollar həqiqətən də xalqa xidmət edir. Bir çox Avropa ölkələrindən fərqli olaraq Almaniyada avtobanlarda hərəkət tamamilə pulsuzdur. Yolların kənarını minlərlə  avtopark və istirahət yerləri bəzəyir. Bu yerlər də rahatlığına, genişliyinə görə avtobanın adına tam layiqdir. Səliqə-sahman göz oxşayır. Ölkənin bu başından o başına maşın sürəndən sonra "yol gəlmişəm, yorulmuşam" deməyə adamın nə dili gəlir, nə də əhvalı bundan xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə