Stresdən azad olmağın yolları Bunlardır

Stress orqanizmdə əsəb sisteminin normal vəziyyətdən kənara çıxması prosesidir. Stressin o qədər çox formaları var ki, buna tərif vermək çox çətindir. Hər bir insan stressi müxtəlif formada qəbul edir. Vəziyyətə görə stress həm faydalı, həm də zərərli ola bilər. Performansımız üçün bizi motivasiya edirsə və həyatımızda müsbət dəyişikliklərə gətirib çıxarırsa, bu stress faydalıdır. Stress olmasaydı, həyat darıxdırıcı, sıxıcı olar və heç bir şəkildə biz rahat yaşaya bilməzdik. SİA-nın verdiyi məlumata görə, psixoloq Fidan Məmmədzadənin sözlərinə görə, stress yuxu rejimini tarazlayan serotonin və melatonin hormonlarına təsir edir və bunun nəticəsində yuxusuzluq problemi yaranır. Yuxusuz qalmaq isə baş ağrısı, təzyiq balanssızlığı, həzm problemləri və immunitet sisteminin zəifləməsi kimi simptomlarla sosial həyatda problemlər yaradır.

"Stressi ümumiyyətlə iki kateqoriyaya ayıra bilərik - xəbərdar edən və ya reaksiya. Başımızdan keçən bir vəziyyət və ya hadisə nəticəsində stress bizi xəbərdar edə bilər. Bu hadisə avtomobil qəzası, iş yerində mübahisə, işini itirmə və ya sevdiyiniz bir adamın ölməsi kimi, fiziki və ruhi bir vəziyyət ola bilər. Stress eyni zamanda bizim bu hadisəyə qarşı ruhi və ya fiziki reaksiyamız da ola bilər".

Psixoloq bildirir ki, stress özünü sabit fikirlər, narahatlıq, qorxu, kədər, əsəbilik, hirslilik, davamlı unutqanlıq, təklik, diqqət əskikliyi, qərarsızlıq, ümidsizlik, yuxusuzluq, kabus görmə, depressiya və son olaraq intiharla büruzə verir. Stressə düşmüş şəxslərdə əzələ gərginliyi, əzələ spazmı, baş ağrısı, miqren, diş qıcatma, yorğunluq, halsızlıq, qəbizlik, ishal, həzmsizlik, xora, titrəmə, astma, yüksək təzyiq, təngənəfəslik baş verir.

Müsahibimizin dediyinə görə, stress ürək xəstəliklərinin, xərçəngin, tənəffüs yolları xəstəliklərinin, oynaq iltahablarının, mədə-bağırsaq pozuntularının, yuxusuzluğun, psixoloji narahatlıqların (depressiya, intihar), psixomatik narahatlıqların, dəri xəstəliklərinin, xroniki ağrı və sancıların başlıca səbəblərindən biridir. Bütün bu xəstəliklərin tək səbəbini stressə bağlaya bilmərik. Ancaq stressin bu xəstəliklərin meydana gəlməsindəki əhəmiyyətli rolunu da unutmaq olmaz.

Bir çox ölkədə stress ürək xəstəliklərinin öndə gedən səbəblərindən biridir. Narahatlıq, qorxu və hirs insanı ürək xəstəliklərinə daha tez yaxalayır. İsveçrədə aparılan bir araşdırma zamanı infarkta səbəb olan damar sərtləşməsinin əsas səbəbinin stress oduğu məlum olub. Belə ki, stress testləri edilən xəstələrin damarları daralıb, qan axını azalıb, təzyiqləri artıb və ürək atış ritmi yüksəlib. Kiçik diametrdə yaşanan gündəlik streslər insanı pessimizmə, əsəbiliyə və yorğunluğa gətirib çıxarır. Stress xronikiləşməyə başladığı zaman, stress hormonları depressiya, həyacan kimi davranış pozuntularına, hətta yaddaş itkisinə səbəb ola bilər.

"Stresdən uzaq olmaq üçün yatmadan əvvəl bitki çayları içmək lazımdır. Saat 19.00-dan sonra yemək yeməyin. Qəhvə və kola kimi kafein tərkibli, xəbərdarlıqçı xüsusiyyəti olan içkilər içməyin. Stress anında bədənimiz, daha az adrenalin ifraz edir. Bu əskiklik xüsusilə baş ağrısı və miqren mövzusunda həssas olanlara təsir edər. Stressin verdiyi adrenalin əskikliyini ödəmək üçün idman etmək məsləhətdir. Nizamlı məşq beyin damarlarına gedən oksigeni tənzimləyir və stress anında meydana gələn baş ağrısı riskini azaldır".

Stresli mühitlər immunitet sistemini yavaşlatdığı üçün xəstəlik və mikroblara qarşı mübarizə gücünü də azaldır. Bunun nəticəsində insan özünü davamlı halsız və yorğun hiss edir. Bol tərəvəz və kivi, portağal, C vitamin ilə zəngin meyvələr stressin qarşısını alır. Stress zamanı adrenalinin azalması həzm sisteminin də yavaşlamasına səbəb olur. Yediyimiz yeməklərin yavaş həzm edilməsi mədə sancıları, qaz və bulanma şikayətlərini artırır. Bunun qarşısını almaq üçün isə lifli qidalar və prebiotik tərkibli yeməklərə üstünlük vermək məsləhətdir.

Psixoloq deyir ki, stressə düşmüş insanlar çox zaman bu vəziyyətdən çıxa bilmədikıəri üçün ruhi vəziyyətləri pozulur və intihara əl atırlar. İntihar çox zaman stressə düşmüş insanların son çarəsi olur. F.Məmmədzadənin sözlərinə görə, belə hadisələr ən çox qış aylarında baş verir. Günəş şüalarının yetərli olmaması orqanizmi gücdən salır və sonradan baş verən hər hansı hadisə stressə yol açır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə