"Putin 11 sentyabr terroru barədə Buşu xəbərdar etmişdi"

2001-ci ildə Vladimir Putin prezident Corc Buşa ABŞ-da terror aktlarının hazırlana biləcəyi barədə məlumat verib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Corc Bibi yazıb.

Bibi özünün "Rus tələsi: Rusiya ilə kölgə savaşımız nüvə fəlakətinə necə çevrilə bilər" kitabında yazır ki, Putin 11 sentyabrdan iki gün əvvəl amerikalı həmkarına zəng edərək, "Rusiya kəşfiyyatı uzun müddət əvvəldən hazırlıq işləri aparılan və Əfqanıstandan gəlməsi gözlənilən terror kampaniyasının əlamətlərini aşkar edib", - deyə bildirib. Keçmiş analitik xatırladıb ki, 11 sentyabr hücumlarından sonra ABŞ-a dəstək nümayiş etdirmək üçün Buşa zəng edən ilk xarici dövlət başçısı da Putin olub. Bibinin kitabı bu həftə Amerikada nəşr olunub. Onun müəllifi əvvəllər Rusiya ilə əlaqəli MKİ-nin analitik şöbəsinə rəhbərlik etmiş və hazırda Vaşinqton ekspert mərkəzinin milli maraqlar üzrə vitse-prezidenti vəzifəsində çalışır.

Qeyd edək ki, Kremlin internet saytındakı xəbər arxivində V.Putinlə C.Buş arasında telefon danışığı haqqında 10 sentyabr 2001-ci il tarixli bir məlumat var. Zəngin ABŞ-ın təşəbbüsü ilə reallaşdığı və danışıq zamanı Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinə, eləcə də ən yüksək səviyyədə Rusiya-Amerika danışıqlarına hazırlıq işlərinin müzakirə olunduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə