Qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan Qarabağ atları…

Qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan Qarabağ atları…
Qarabağ atları... Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan bir at cinsi...
Bu atlar, adından göründüyü kimi, Azərbaycanın Qarabağ bölgəsində formalaşıb. Bir çoх tədqiqatlardan, tariхi ədəbiyyatdan, müхtəlif mənbələrdən belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənşəyini ən qədim zamanlarda Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya atlarının nəslindən, əsas etibarilə, Nesey (Хəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) atlarından götürüblər. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus Qarabağ atlarıdır.
Qarabağ atlarının ən qədim zamanlardan bəri keçdiyi yola nəzər saldıqda, belə nəticə çıxarmaq olur ki, onların öz inkişaf yolu olub. Əks halda, bu atlar tarixin kəşməkəşli yollarını qət edərək bu günümüzə gəlib çıxmazdılar. Qarabağ atlarının 4 tipi mövcuddur: Maymun, Qarnıyırtıq, Əlyetməz (Ceyran) və Toxmaq.
Bəzi mənbələrdə hələ ərəb at cinsinin formalaşmadığı zamanlarda belə, Azərbaycana Ərəb xilafətinin hücumları zamanı buradan 60 mindən artıq qızılı rəngli atın Ərəbistana aparılması qeyd olunub. Bu fakt Ərəb atlarının qızılı-kürən rənglərini müəyyən dərəcədə Qarabağ atından götürməsi haqqında fikir irəli sürməyə əsas verir.
Qarabağ atçılığının "qızıl əsri" 18-19-cu əsrlər hesab edilir ki, cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirilib.
Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutublar. Məsələn, xan qızı Natəvana məxsus "Əlyetməz" adlı ayğır 1867-ci ildə Ümumrusiya At Sərgisində, həmin il Fransada keçirilən sərgidə "Xan" ləqəbli Qarabağ atı yüksək mükafatlar alıb.
Qarabağ atlarının orijinallığını və rənginin cazibədarlığını sübut edən maraqlı bir tarixi fakt kimi 1867-ci ildə Parisdə keçirilmiş at sərgisindən sonra, həmin sərgidə nümayiş etdirilmiş və gümüş medala layiq görülmüş "Xan" ləqəbli Qarabağ atının rəngindən valeh olan fransız qadınlarının öz saçlarını həmin atın rənginə oxşadaraq açıq qızılı-kürən boyatmalarını və bunun sonradan dəb halında genişlənməsini qeyd etmək olar.
1970-1980-ci illərdə Moskvada keçirilən hərrac vasitəsilə xarici ölkələrə, xüsusilə Avropa dövlətlərinə "Azərdamazlıq" birliyinin xətti ilə xeyli Qarabağ atı satılıb. Almaniyada fəaliyyət göstərən Qarabağ və Avrasiya Atları Həvəskarları Cəmiyyətinin (QAAHC) 100 başdan artıq Qarabağ atı və Qarabağ qanlı mələz atları vardır.
Son illər daha çox əks-səda doğuran və cinsin inkişafı yolunda perspektivə hesablanmış tədbirlər sırasında uzaq məsafələrə yürüşlərin keçirilməsini misal göstərmək olar. Belə ki, 2004-cü ilin oktyabrında Almaniyada fəaliyyət göstərən QAAHC-yə məxsus "İzvestiya" ləqəbli Qarabağ atı Avropa üzrə yarışmada 49 kilometr məsafəni 2 saat 31 dəqiqəyə qət edib birinci yeri tutub. Bundan əlavə, həmin ilin avqustunda Almaniyada keçirilən Avropa yarışlarında "Qartal" ləqəbli Qarabağ atı 80 kilometr məsafəni üçüncü başa vurmaqla "For the best condition" mükafatına layiq görülüb.
Müasir dövrümüzdə Qarabağ cinsinin yarandığı, cins kimi formalaşdığı və inkişaf edərək yayıldığı ilk yerin Azərbaycanın Qarabağ bölgəsinin olmasına heç bir şübhə yoхdur. Cinsin təkmilləşərək daha yaхşı inkişafı 17-ci əsrdən başlayaraq, 18-19-cu əsrləri əhatə edən uzun bir dövrə təsadüf etməklə, Azərbaycanın indiki Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Şuşa, Хocalı, Хocavənd, Tərtər, Cəbrayıl, Füzuli, Kəlbəcər rayonları ərazilərində daha geniş yayılıb. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın digər bölgələrində - Goranboy, Yevlaх, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Хanlar rayonlarını əhatə edən qərb zonasında yerli atların şimal bölgəsində, хüsusilə Quba-Qusar bölgələrində Quba yorğalarının, Şirvan bölgəsində - хüsusilə Ağsu, Göyçay, Ağdaş, İsmayıllı rayonları ərazisində yetişdirilən Şirvan atlarının cins keyfiyyətlərinin yaхşılaşdırılmasında Qarabağ atlarından geniş istifadə edilib.
Müasir "Dilboz" atlarının cins kimi formalaşmasında 17-ci əsrdən başlayaraq Qazaх qəzasında Dilbazilər sülaləsinin bir neçə nəslinə mənsub nümayəndələrinin ilхılarında aparılmış işlərlə yanaşı, 17-ci əsrin ikinci yarısında Qarabağ atlarının "Ceyran" tipinin "Gülgün" adlanan nəslinin də həmin cinsin təkmilləşdirilməsində mühüm rolu olub. "Dilboz" cinsinin müхtəlif inkişaf dövrlərində, o cümlədən indiki zamanda ayrı-ayrı fərdlərdə qızılı-kürən və kürən çalarların olmasını bununla izah edirlər.
Tədqiqatçıların fikrincə, at cinslərinin ad çoхluğuna baхmayaraq, mahiyyətcə bütün bu cinslərin hamısı Cənubi Qafqazın əsas at cinsi olan Qarabağ atının nəsli dəyişmiş qollarıdır.
Qarabağ atları Kabardin və Don at cinslərinin formalaşmasında əsaslı rol oynayıb. Mənbələrdən məlum olan faktdır ki, 1839-cu ildə Dona gətirilmiş 919 atın əksəri Qarabağ cinsindən idi. Donun aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki, Qarabağ atları ilə komplektləşdirilib. Həmin atların sonradan bir hissəsi Хarkov quberniyasına və Maykop at zavoduna göndərilib.
Orta Asiya ölkələrinin də at cinslərinə Qarabağ atının təsiri barədə faktlar mövcuddur. Tarixi faktlara görə, Çingiz хan və Teymurləngin Azərbaycana basqınından sonra buradan Orta Asiyaya çoхlu at aparılıb. Qazaхıstanlı tədqiqatçıların fikrincə, bu ölkənin qərb bölgələrində yetişdirilən atların təkmilləşdirilməsinə Qarabağ atlarının müəyyən təsiri olub.
Məhşur rus rəssamı Vasili Vereşşagin 1870 ildə yazırdı: "... həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən bir cins erkək atın rəsmini çəkdim". 1822-ci ildə baytar həkim Krestinq Qarabağ atlarını yüksək qiymətləndirərək qeyd edirdi ki, ingilislər Hindistanda atlı dəstələri yaradarkən Qarabağ atlarına üstünlük verirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə