Dünya tarixi bu meydanlarda dəyişdi. Qiyamlar, etirazlar, qanlı basqınlar, azadlıq şüarları bu meydanlarda dilə gətirildi. Ölkələrinin simvolu oldular. İndi onlara daha biri əlavə olundu. Misirdəki Təhrir meydanı. Meydan 24 yanvarda başlayan xalq qiyamının mərkəzi oldu. 30 ildir Misiri təkbaşına idarə edən Hüsnü Mübarəkdən bezən Misir xalqı Təhrir meydanında (Azadlıq meydanı) günlərdir ki, demokratik bir Misir üçün nümayiş təşkil edib. Misirin bundan sonrakı tarixi də bu meydandakı etirazların hansı şəkil alması ilə bağlı olacaq.
Dünya tarixini dəyişdirən digər meydanlar da az deyil. Bəzilərində inqilablar reallaşdı, bəzilərində isə azadlıq şüarları nəticə vermədi.
Pekin: Tiananmen meydanı
1417-ci ildə tikilən meydan iki dəfə yanğına məruz qalıb. "Xalqın qapısı" olaraq tanınan meydan 1989-cu ildə baş verən hadisələrdən sonra dünyada məşhur oldu. 15 aprel-4 iyun tarixlərində tələbələr, ziyalılar və fəhlələr meydanda nümayiş etdi. May ayının 10-dan Pekinin Tiananmen meydanında toplaşan yüz minlərlə tələbənin aksiyası iyulun 4-də zorla dağıdıldı. Çinin kommunist rəhbərliyi dinc tələbələrə qarşı əsgərlərdən və tanklardan istifadə etdi. Minlərlə insan aclıq tətilinə başladı. Hökumətin çağırışlarına baxmayaraq etirazçılar meydandan getmək istəmədi. Buna görə də 20 mayda hərbi vəziyyət elan edildi və 3 iyundan 4 iyuna keçən gecə tanklar insanların üzərinə yeridi. Ölü sayı rəsmi mənbələrə görə, 200–300, Çin Qızıl Xaç Cəmiyyətinə görə isə 2–3 min arasında idi.
Tehran: Azadi meydanı
Azadi meydanı İran cəmiyyətini tamamilə dəyişdirən 1979-cu il İran İslam İnqilabına şahidlik edən meydandır. İnqilabdan əvvəl İranda Məhəmməd Rza Şah iqtidarda idi. Xalq şaha müxalif olan və Parisdə yaşayan şiə din adamı Ayətullah Xomeyni ətrafında toplandı. 1979-cu ilin yanvarında şah Tehrandan qaçdı. Fevralın birində isə Ayətullah Xomeyni xalq tərəfindən böyük sevgi ilə qarşılandı. Xomeyninin qarşılanma mərasimi dümağ kəfənə bürünmüş bir milyon adamın olduğu Azadi meydanında təşkil olundu. Baş nazir Bəxtiyar istefa verdi. İki ay sonra Ayətullah Xomeyni milli referendumda böyük qələbə qazandı və İran İslam Respublikası quruldu.
Bakı : Azadlıq meydanı
Keçmiş adı Lenin meydanı idi. Azərbaycanın 1991-ci ildə müstəqilliq qazanandan sonra adı Azadlıq meydanı olaraq dəyişdirildi. Meydandakı ilk böyük nümayiş 1988-ci ilin dekabr ayında oldu. Qarabağda baş verən hadisələrə etiraz edən xalq burada 14 gün ərzində mitinq təşkil etdi. Ancaq meydan tarixə 20 Yanvar faciəsi ilə keçdi. Qanlı Yanvar olaraq tarixə düşən o gün 30 min nəfərlik Sovet Ordusu Bakının Azadlıq meydanını əhatə etdi.
Rusiya: Qırmızı meydan
Kremlin yaxınlığındakı Qırmızı meydan 15-ci əsrdə qurulub. Meydanın həm Rusiya, həm də keçmiş SSSR-nin ictimai və siyasi tarixində əhəmiyyətli bir yeri vardır. Təxminən 73 min kvadrat metrlik sahəsi olan meydan tarix boyu bir çox edamlara, nümayişlərə və paradlara şahidlik edib. II Dünya müharibəsində almanlara qarşı böyük qələbələr qazanan Sovet Ordusu paradları bu meydanda keçirib. 1987-ci ilin 28 may tarixində Matias Rust adlı həvəskar alman pilotu "Cessna" markalı təyyarəsiylə meydana enib. Rust Almaniyadan qalxaraq İslandiyaya keçmiş, sonra isə Norveç və Finlandiya üzərindən Moskvaya gələrək radarlardan yan keçə bilmişdi. O, bu hərəkəti ilə dünyada sülhə dəstək vermək istədiyini desə də, bu onu Moskvada 437 gün həbsdə saxlamaqdan saxlaya bilməmişdi. Qırmızı meydan Kreml ilə birlikdə 1990-cı ildə YUNESKO tərəfindən Dünya Mirası siyahısına salındı.
Buenos-Ayresdə: Plaza da Mayo (May meydanı)
Bu meydan ölkənin müstəqilliyinin elan edildiyi (25 May 1810) və Argentina xuntasının (1976) 8 illik hakimiyyətinin başladığı meydandır. 1976-cı ildə baş verən çevrilişdən sonra 1983-cü ilə qədər ölkədə 30 minə yaxın insan öldürülüb. Öldürülən insanların anaları həmin tarixdən bu meydanda nümayiş təşkil etməyə başladı. İlk nümayiş çevrilişdən sonra itən 14 adamın anaları tərəfindən 30 aprel 1977-ci ildə keçirildi. Ölkədə 1983-cü ildə normal rejim yaradılandan sonra aparılan araşdırmalar itkinlərin çoxdan öldüyünü və cəsədlərinin yox edildiyini ortaya çıxardı.
Bağdad: Firdovs meydanı
İraqın paytaxtındakı Firdovs meydanı 2003-cü ildə böyük bir hadisəyə şahidlik etdi. Ölkəni işğal edən ABŞ-lı əsgərlər bu meydandakı Səddam Hüseynin heykəlini yıxdı. Hadisə 9 aprel 2003-cü ildə baş verdi. Firdovs meydanındakı Səddamın nəhəng heykələ əvvəlcə bir qrup iraqlı hücum etdi. Səddam rejiminin çöküşünü göstərici olan heykəlin yıxılması ilə bağlı dünya mətbuatında geniş şərhlər verildi.
Kiyev: Müstəqillik meydanı
Ukraynada 2004–2005-ci illərin hadisələri zamanı etirazların mərkəzi Müstəqillik meydanında idi. 21 noyabr 2004-cü ildə keçirilən president seçkilsində Viktor Yuşçenko və Viktor Yanukoviç arasında idi. Yuşçenkonun 46,69 səsinə qarşı Yanukoviçin 49,42 faiz səs qazandığı elan edildi. Yuşçenko seçkinin saxtalaşdırıldığını iddia etdi. Etirazlar ilk olaraq Kiyevdəki Müstəqillik meydanında və Ukrayna Radasının qarşısında başladı. Etirazların artması ilə 26 dekabr 2004-cü ildə yenidən seçki keçirildi. Bu dəfə Yuşşenko 51,99 faiz səslə qalib gəldi.
Sankt-Peterburq: Dekabristlər meydanı
Çar Rusiyası 1812-ci ildə Fransanı məğlub etdi. Ancaq xalq dözülməz şəraitdə yaşayırdı. I Aleksandr öldükdən sonra I Nikolayın taxta keçəcəyi gün (14 dekabr 1825) Rusiya tarixində çara qarşı təşkil edilmiş ilk silahlı qiyam olacaqdı. Bu qiyam Sankt-Peterburqda reallaşdı. Qiyamın öncülləri sayı 3 minə qədər olan zabit və əsgər idi. Qiyam uğursuzluğa düçar oldu. Qiyamın liderləri olan 5 zabit edam edildi. Qalanları isə Sibirə sürgünə göndərildi. Həyat yoldaşları da onlarla birlikdə getdi. Qadınların hərbçi həyat yoldaşlarına bağlılığı rus mədəniyyətində əhəmiyyətli yer tutdu və bundan sonra "dekabristin arvadı" anlayışı ortaya çıxdı. Qiyamın baş verdiyi meydanın adı 300 il sonra, 1925-ci ildə Dekabristlər meydanı olaraq dəyişdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB