Microsoft Windows 7 əməliyyat sistemi Azərbaycan dilinə tərcümə edilib
BakuTel sərgisi zamanı Azərbaycan üçün lokallaşdırılmış Microsoft Windows 7 əməliyyat sisteminin təqdimatı keçiriləcək. Lokallaşdırma layihəsi Microsoft korporasiyasının təşəbbüsüdür və şirkət tərəfindən maliyyələşdirilib.
SİA-nın məlumatına görə, Windows 7 əməliyyat sisteminin lokallaşdırılması nəticəsində Microsoft məhsullarında istifadə olunan əmr və sözlərdən ibarət Azərbaycan lügəti (Glossary) yaradılmış, interfeys Azərbaycan dilinə tərcümə edilmiş (Language interface pack), həmçinin Microsoft-un lokallaşdırılmış məhsullarında istifadəsi tövsiyə edilməyən söz və ifadələr siyahısı yaradılıb (Azeri Policheck).
Lokallaşdırma zamanı Azərbaycan dilinin bütün qaydalarına riayət edilib. Görülmüş işlər nəticəsində Microsoft korporasiyası xüsusi dil paketini - Language Interface Pack (LIP) – təqdim edir. Sözügedən paketin ingilis dilində olan əməliyyat sisteminin üstündən yüklənməsi Microsoft Windows 7-ni Azərbaycan interfeysilə istifadə etməyə imkan verir. Dil paketini Microsoft-un yerli nümayəndəliyinin saytından - www.microsoft.az yükləmək olar.
Microsft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov reallaşdırılmış layihənin həm Microsoft korporasiyası, həm də Azərbaycanın informasiya texnologiyaları sahəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. "Windows-un yeni versiyasının Azərbaycan dilinə lokallaşdırılması informasiya texnologiyalarının sistemli şəkildə inkişaf etdiyi ölkə kimi Azərbaycana olan marağı göstərir. Məqsədimiz bu məhsulu Azərbaycanın əhalisinin əksər hissəsi üçün əlçatan etməkdən ibarətdir. Microsoft korporasiyası gələcəkdə də öz məhsullarını Azərbaycan üçün lokallaşdırmağa davam edəcək", deyə Teymur Axundov qeyd etdi.
Microsoft Azərbaycan bazarında özünün əsas proqram məhsullarını Azərbaycan dilinə tərcümə etmiş yeganə beynəlxalq korporasiyadır. Xatırladaq ki, bundan əvvəl MS Windows XP və Vista əməliyyat sistemləri, həmçinin Microsoft Office 2003/2007 paketi lokallaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB