Səfalətdən zirvəyə: Cənubi Koreya

Səfalətdən zirvəyə: Cənubi Koreya

1960-cı illərdə dünyanın ən kasıb ölkələrindən biri olan, bu gün isə adambaşına milli gəlirini 20 min dollardan yuxarı qaldıra bilən Cənubi Koreya gerçəyinin təməlində nələr var? 1910-cu ildə Yaponiya tərəfindən işğal edilən və müstəmləkələşdirilən Koreya bu vəziyyətdən II Dünya Müharibəsində Yaponiyanın məğlub olması ilə çıxıb. 1945-ci ildə müstəmləkə dövrü sona çatsa da, daxili xaos dövrü başlayır. Ölkə II Dünya Müharibəsindən sonra şimal və cənub olaraq iki yerə bölünüb. II Dünya Müharibəsindən sonra başlayan "soyuq müharibə"də Şimali Koreya keçmiş SSRİ-yə, Cənubi Koreya isə Qərb blokuna yaxınlaşır. 1950-ci ildə isə Şimali Koreya Cənubi Koreyaya hücum edib. 3 il davam edən müharibə Koreya Respublikasını iqtisadi bir fəlakətə sürükləyib.

 

Müharibə başa çatdıqda isə Cənubi Koreya iqtisadiyyatı sıfır nöqtəsində və yardımlara möhtac vəziyyətdə olan bir ölkə vəziyyətində idi. Koreya üçün 1961-ci ilə qədər keçən 8 il özünə gəlmə dövrüdür. 1961-ci ilə qədər Koreyada Şərqi Asiya tipli inkişaf modelinin tətbiq olunması o qədər də uğurlu olmayıb. Vyetnam müharibəsində ABŞ ordusuna verilən dəstəyin qarşılığı olaraq alınan yardımlar və Yaponiyadan alınan müharibə təzminatları bu dövrün Koreyasına sərmayə qoyuluşunun təməl qaynaqları olub.

 

Bu dövrün xarakterik xüsusiyyətlərindən biri ölkənin çökən infrastrukturunun yenidən qurulmasıdır. Xarici maliyyə mənbələri əhəmiyyətli dərəcədə infrastruktur investisiyalarında istifadə edilib. Nəticədə 1953-61-ci illərdə müharibənin təsiri ilə tamamilə tənəzzülə uğrayan iqtisadiyyat və infrastruktur özünə gəlməyə başlayıb. 1961-ci ildə Koreyada hərbi çevriliş baş verir və general Park Çung Hi dövlət başçısı olur. Gözlənilənlərin əksinə olaraq general Park Koreyanın iqtisadi inkişafına xüsusi diqqət yetirir. 1962-66-cı illəri əhatə edən "birinci 5 illik inkişaf planı" onun hakimiyyəti döründə tətbiq olunmağa başlayıb. Hərbi çevrilişdən sonra bankları milliləşdirən general Park bu banklar vasitəsi ilə böyük şirkətlərə verilən kreditləri genişləndirir. Bu tədbirlər ilk baxışda avtoritar rəhbərliyin nişanəsi kimi görünsə də nəticədə investisiya mühiti ciddi şəkildə yaxşılaşır. İlk beşillik inkişaf planının təməl hədəfi yoxsulluğu ləğv etmək olub. Planın təməl parametri ixracat mərkəzli sürətli inkişaf olaraq təyin olunub. İqtisadiyyatda ciddi struktur islahatlar da bu dövrdə reallaşdırılır. İkinci beşillik planda bu islahatların nəticəsi özünü göstərməyə başlayır. Ölkənin əsl inkişafı 1972-76-cı illəri əhatə edən 3-cü beşillik inkişaf planı dövründə qeydə alınır. Koreya hökuməti bu dövrdə ağır sənaye və kimya sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət verir.

 

Ağır sənaye investisiyalarına ilk və ən əhəmiyyətli nümunə 1968-ci ildə qurulan "Posco" polad şirkətidir. Tae Jon Park tərəfindən sərmayə, texnologiya və təcrübənin demək olar ki, olmadığı bir dövrdə, yalnız 34 işçi ilə qurulan "Posco" bu gün dünyanın polad nəhəngləri arasındadır. "Posco" şirkətinin hal-hazırda 37 milyard dollarlıq var-dövləti var. Dünyada 36 istehsal müəssisəsi olan "Posko"da 17 min 600 adam çalışır. Şirkətin 22 ölkədə ümumilikdə 42 polad xidmət mərkəzi fəaliyyət göstərir.

 

Koreyanın keçdiyi inkişaf yolunu araşdıran Seul Milli Universitetinin professoru Qyun Park o dövr yüksək texnologiyaya söykənən istehsalı təşkil etmək üçün Koreyanın imkanlarının yetərincə olmadığını və bütün texnologiyanı yaponlardan götürüldüyünü bildirib. Ölkənin sürətli inkişaf üçün yaponlarla əməkdaşlıq etməsinin şərt olduğunu vurğulayan professor belə davam edir: "Texnologiyanı Yaponiyadan aldıq, amma bir müddət sonra Koreya firmaları öz üslubunu ortaya qoymağa başlayıb. Texnologiyanı götürdüyümüz yapon şirkətləri bizim şirkətlərlə rəqabətə başlayıb. Uzun illərdir ki, öz texnologiyamızın məhsullarını istehsal edirik, amma Koreyadakı inkişafında yaponların köməyi inkar edilə bilməz. Məsələn, "Hyundai" ilk avtomobili istehsak etdiyində mühərrikini yaponlardan aldıq".

 

Müharibədən sonrakı dövrdən başlayaraq, 1990-cı illərə qədər hər dövr üçün ayrı bir inkişaf strategiyasınından yararlanan Cənubi Koreyada ağır sənaye və kimya sənayesindən sonra 70-ci illərin gündəmində avtomobil sektoru vardır. Avtomobil deyilən zaman Koreyanın lider şirkəti şübhəsiz ki, "Hyundai" yada düşür. Hələ də ətrafında 45-ə qədər şirkəti saxlayan və təxminən 180 min adamı çalışdıran "Hyundai" eyni zamanda inşaat, gəmi istehsalı, polad, neftkimya, maşın, elektronik, maliyyə və pərakəndə kimi sahələrdə fəaliyyət göstərir. Şirkətin keçmişi Çung Ju Yungun 1940-sı ildə açdığı kiçik bir təmir atelyesinə söykənir. 1980-ci illərdən sonra isə gündəmə yüksək texnologiyalı istehsal və elektronik məhsullara gəlir. "Samsung" və "LG" kimi şirkətlərin qlobal ölçüdə yüksəlməsi bu dövrdə reallaşır. Koreyada 1985-ci ilə qədər dövlət böyük sənaye investisiyalarına ciddi dəstək verir. Xüsusi sektor sanki dövlətin qanadları altında fəaliyyət göstərir. Hal-hazırda "Chebol" kimi tanınan qlobal Koreya markalarının hamısının inkişafında dövlətin böyük dəstəri var. Bu kimi şirkətlərə dövlətin dəstəyi isə 1985-ci ildə sona çatır.

 

Ölkənin qlobal markaları 1990-cı illərdən etibarən sürətlə xarici ölkələrə yayılır. Koreyadakı istehsala xarici bazarlardakı istehsal da əlavə olunur. Bu prosesin qarşısını isə 1997-ci ildəki Asiya maliyyə böhranı kəsir. 1997-ci ildə baş verən və Asiya pələngləri kimi tanınan Yaponiya, Sinqapur, Malaziya, Tailand kimi ölkələri sarsıdan böhran Koreya iqtisadiyyatını da mənfi təsir göstərib. Buna baxmayaraq, dinamik bir iqtisadiyyata sahib Koreya böhranın təsirlərindən qısa müddətdə çıxmağı bacarır. Bu müddətdə Beynəlxalq Valyuta Fondundan kredit alan Koreya bununla həm böhrandan çıxır, həm də borclarını qısa müddətdə geri qaytarır.

 

İqtisadi göstəricilər və qlobal markalar bir tərəfə, 50 ildə milli gəliri 200 dəfə artmasının başqa bir səbəbi də var. Xarici köməyə möhtac bir ölkə vəziyyətindən digər ölkələrə texnologiya transferi edən bir ölkə vəziyyətinə gəlməyin təməli bəşəri sərmayədir. İnkişaf strategiyaları nə qədər yaxşı olursa-olsun, son məqamda layihələri tətbiq edəcək bir insana ehtiyac var. Koreyanın fərqi də buradadır. Koreyalı ailələrin təhsilə verdikləri fövqəladə əhəmiyyət, uşaqların ən yaxşı təhsili almaları üçün göstərilən fədakarlıqlar, elm və texnologiyadakı inkişafın əsasıdır. Koreyada lisey məzunlarının 84 faizi universitetə qəbul olunur. 50 milyon əhalisi olan ölkədə universitetlərin sayı 408-dir. Koreya universitetə daxilolma nisbətlərinə görə ABŞ, Yaponiya, Fransa və Almaniya kimi ölkələrlə müqayisə oluna bilər. Universitet məzunlarının 40 faizi elm sahəsində çalışır. Ölkədə Ümumi Daxili Məhsulun 3,7 faizi elmi araşdırmalara ayrılır.

 

1980-ci illərdən etibarən ölkədə informasiya texnologiyaları (İT) inqilabı yaşanır. İT sektorunun iqtisadiyyata köməyi isə 40 faizə çatıb. Koreyanın bir xüsusiyyəti də dünyada ən çox optik kabelin olduğu ölkə olmasıdır. Professor Lee Kanq koreyalıların təhsilə bu qədər əhəmiyyət verməsinin əsl səbəbinin Koreya müharibəsinin olduğunu deyir: "Müharibə olmasaydı Koreya hələ də əkinçiliyin kök saldığı bir ölkə olaraq qalardı. Müharibədə yaşanan faciələr, aclıq və səfalət insanları motivasiya etdi. Təhsilə və müvəffəqiyyətə diqqət ayırmasına səbəb oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə