Dünyanın ən yüksək nöqtəsində internet rabitəsi yaradılıb

Dünyanın ən yüksək nöqtəsində internet rabitəsi yaradılıb

Nepalın Ncell operatoru Yer Kürəsinin ən yüksək nöqtəsi olan Everest dağında üçüncü nəsil mobil rabitənin (3G) təmin olunması üçün müvafiq avadanlıq quraşdırdığını bildirib.

SİA-nın məlumatına görə, cümə axşamından etibarən dağda doqquz baza mobil şəbəkə stansiyası işə salınıb. Onlardan ən aşağıda olanı Lukla aeroportu yaxınlığında dəniz səviyyəsindən 2870 metr hündürlükdə yerləşdirilib. 3G şəbəkəsi üçün əsas baza stansiyası isə dəniz səviyyəsindən 5200 metr hündürlükdə Qorakşep kəndi yaxınlığında quraşdırılıb.

Sözügedən 3G-qoşulmaların sürəti saniyədə 3,6 meqabayt olacaq, lakin bu göstəricini 7,2 meqabaytadək artırmaq imkanı da mövcuddur. Zirvədə istifadəyə verilmiş servis çərçivəsində hələ ki cəmi 50 abunəçi eyni zamanda işləyə bilər. Bununla belə şəbəkənin keçirtmə qabiliyyəti də gələcəkdə artırıla bilər.

Həmçinin cümə axşamı test işləri çərçivəsində, alpinistlərin Everstin fəth edilməsi zamanı dayandıqları sonuncu baza olan 5300 metrlik ən yüksək hündürlükdən video-zəng həyata keçirilib. Şəbəkənin dünyanın ən hündür zirvəsini əhatə edə bilib-bilmədiyi yoxlanılmasa da, şirkətin mütəxəssislərinin sözlərinə görə, nəzəri cəhətdən burada mobil rabitə yaratmaq mümkündür.

İl ərzində Everest zirvəsini yüzlərlə alpinist fəth etməyə çalışır. Bu isə iqtisadi baxımdan yüksək dağlıq ərazidə 3G şəbəkəsinin tikilməsi üçün elə də əlverişli göstərici deyil. Lakin idmançılardan savayı Nepalın dağlıq rayonlarına on minlərlə turist səyahət edir. 3G şəbəkəsi turistlərə internetə fasiləsiz çıxış, irihəcmli məlumat mübadiləsi, eləcə də peyk rabitəsinin təqdim etdiyi qiymətlərdən daha ucuz tariflərlə zəng etmək imkanı verəcək.

"3G internet turistlərlə eyni zamanda Khumbu vadisində yaşayan insanları da sürətli və əlçatan telekommunikasiya xidmətləri ilə təmin edəcək", Ncell şirkətinin 80 faizinə nəzarət edən Skandinaviyanın TeliaSonera korporasiyasının rəhbəri Lars Niberq bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə