40 il sonra nələr olacaq?

40 il sonra dünya necə olacaq? Budur, ABŞ-lı alimin proqnozları: qadınlar iqtidarda olacaq, Qərbə müsəlman köçü artacaq və ABŞ Çindən asılı hala düşəcək... SİA-nın məlumatına görə, ABŞ-ın məşhur alimlərindən Alvin Tofflerin təxminlərinə görə, gələcək 40 il ərzində qadınlar indiyə qədər olmadığı şəkildə iqtidarda olacaq, Qərbə müsəlman köçü artacaq və artıq "işə getmək" lazım olmayacaq. O, gələcəklə bağlı hazırladığı hesabatda qeyd edib ki, Cənubi Afrika Respublikası əhəmiyyətli bir iqtisadi inkişafa sahib olacaq, Orta Şərqdə dini və etnik hərəkətlərdən qaynaqlanan qarışıqlıqlar hakim olacaq.

 

ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən bir toplantıda təqdim olunan "Gələcək 40 il üçün 40 Təxmin" adlı hesabata görə, getdikcə daha çox insan istehsalçılardan daha az asılı olmaq üçün özü üçün məhsullar istehsal edəcək. Alim hesab edir ki, yüksək sürətli internet standart olacaq və videokonfrans sayəsində işləmək üçün daha büroya getməyə heç gərək qalmayacaq və insanlar dünyanın harasında olursa-olsun işlərini görə biləcəklər.

 

Hesabatda Şimali Koreya və İran kimi bir sıra ölkələrin yenə də "quldur dövlətlər" olacağı əksini tapıb. Bildirilir ki, dünyanın ən böyük iqtisadi gücü halına gələcək Çin, eyni zamanda enerji tələbatını ödəmək üçün Braziliya və Hindistan Venezuela və bəzi Afrika ölkələri ilə əməkdaşlıq edəcək.

 

"ABŞ Çindən asılı hala gələcək". Bu da Alvin Tofflerin proqnozudur. Qarşidakı 40 ilin təxmininə görə, ABŞ yenilənə bilən enerji sistemləri, radar və silah istehsal etmək üçün lazım olan yeni qiymətli metallar səbəbi ilə Çindən asılı olacaq. Alternativ enerji mənbələri inkişafı edəcəyindən Səudiyyə Ərəbistanı, İran, İraq və körfəz ölkələri ilə Rusiya və Venezuelanın ənənəvi yanacaqlar sonrası itirənlərin siyahısında olacağı qeyd edilən hesabatda xristianlığın cənub yarımkürəsi ölkələrində yayılacağı, daha çox müsəlmanın isə Qərb ölkələrinə köçəcəyi təxmin edilir.

 

Tofflerin proqnozlarına görə, iqlim dəyişikliyi qarşıdurmalara gətirib çıxaracaq, buzların əriməsi yeni neft və mineral yataqlarının kəşfini təmin edəcək. Dünya okeanı səviyyəsinin yüksəlməsi sahil boyunca yaşayan xalqın kütləvi şəkildə başqa yerlərə köç etməsinə gətirib çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə