Dünyanın ən təmiz çayı

Temza çayı ekoloji təmizliyinə görə ən mötəbər mükafatlardan birinə - "Tiss" beynəlxalq çay mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, mükafat hər il Avstraliyada təqdim olunur. Onun maliyyə hissəsi 350 min dollardır. Britaniya mətbuatı yazır ki, təbiəti mühafizə təşkilatlarının könüllülərinin Böyük Britaniyanın bu mühüm su arteriyasının təmizlənməsi ilə bağlı səyləri belə qiymətləndirilib.

Temza 1950-ci ildə ekspertlər tərəfindən bioloji cəhətdən ölü çay elan edilib. Hazırda isə çayda 125 növ balıq, o cümlədən alabalıq, xanı balığı və s. yaşayır.

Milli Ekologiya Agentliyinin rəsmi nümayəndəsi bildirib ki, Temza sahillərində 13 milyon insan yaşayır, xeyli sayda sənaye müəssisəsi vardır. İngiltərənin əsas su hövzəsi Amazon çayından çox sənaye təsirinə məruz qalır. Temza mükafat uğrunda mübarizədə dünyanın 100 çayını geridə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə