Siqaret çəkməyənlərə əlavə tətil İMKANI

Siqaret çəkməyənlərə əlavə tətil İMKANI

Yaponiyanın paytaxtı Tokiada marketinq şirkəti olan Piala Incorporated sentyabr ayında siqaret çəkməyən şəxslərə 6 gün əlavə tətil haqqı verib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, şirkətdə çalışanlar siqaret çəkmək üçün hər dəfə 29 mərtəbə aşağı enməli olurlar ki, bu da siqaret fasiləsinin ümumilikdə 15 dəqiqəyə başa gəlməsinə səbəb olur.

Şirkətin sözçüsü məsələ ilə bağlı açıqlamasında söyləyib ki, siqaretdən istifadə etməyən işçilər sentyabr ayının əvvəlində arzu və istək qutularına siqaret fasilələrinin müxtəlif problemlərə yol açması ilə bağlı şikayətlərini bildiriblər. Şikayətləri görən şirkətin idarə heyətinin rəhbəri siqaretdən istifadə etməyən işçilərin haqqını ödəmək üçün onlara 6 gün əlavə tətilin verilməsi ilə bağlı qərar qəbul edib.

Bu günə qədər siqaret çəkməyən 120 işçidən 30-u yeni qaydadan istifadə etməyə başlayıb. Tütündən istifadə edən 4 nəfər isə bu vərdişini tərgidib. Şirkətin idarə heyətinin rəhbəri isə açıqlamasında "belə bir cəza ilə şirkət işçilərini siqaret çəkməkdən imtina etməyə təşviq etməyə çalışıram"- deyə, qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yaponiyada yaşayanların 21,7 faizi siqaretdən istifadə edir. Piala Incorporated sistemindən sonra, bəzi şirkətlər də siqaretdən istifadəni azaltmaq üçün buna bənzər yollardan istifadə etməyə başlayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə