Yaşıl çay dəri xərçənginin müalicəsində faydalıdır

Yaşıl çay dəri xərçənginin müalicəsində faydalıdır

Yaşıl çayın faydaları haqqında indiyədək bir çox məlumatlar əldə olunub. Tibbi mətbuatda yaşıl çayın çoxlu yeni faydalı xassələri haqqında müntəzəm yazılar dərc olunur. Məlumdur ki, yaşıl çayın tərkibində böyük miqdarda antioksidantlar mövcuddur. Bu birləşmə xəstəliklərin inkişafına yol açan hüceyrə zədələnmələrindən müdafiə etməyə qadirdir. Habelə yaşıl çay xolesterinin ümumi göstəricilərini və “pis xolesteri”nin səviyyəsini başqa vasitələrlə müqayisədə 5-6 vahid azaldır.

Alimlər yaşıl çayın daha bir faydalı xassəsini aşkar ediblər. Belə ki, bu çayın tərkibindəki kimyəvi maddədən dəri xərçənginin iki növünün müalicəsində istifadə oluna bilər.

Əgər çay sadəcə içki kimi içilərsə, bu zaman maddənin dozasının çox az olması səbəbindən müalicənin effekti hiss edilmir. Ancaq laboratoriya şəraitində onun xərçəng hüceyrələrinə çəkilməsi üsulu ilə hüceyrələrin üçdə ikisi azalır və ya yox olur.

Stratklayd və Qlazqo universitetlərinin alimləri yaşıl çayın tərkibindəki epiqallokathin qallat maddəsinin başqa hüceyrələrə mənfi təsir görtərmədiyini və əlavə təsirə malik olmadığını müəyyənləşdiriblər. Sınaqlar karsinoma və melanoma xərçəng hüceyrələri üzərində aparılıb.

Stratklayd Universitetinin professoru Kristina Dufesin sözlərinə görə, əldə olunan nəticələr çox ümidvericidir. Aparılan tədqiqatlar bir çox ölkələrdə son dərəcə ölümcül xəstəliklərdən birinin yeni müalicə metodları üçün böyük addım ola bilər. Çünki bu metoddan istifadə zamanı xərçəng hüceyrələri nəzərəçarpacaq dərəcədə azalır və ya tamamilə məhv olur.

Bütün xəbərlər Facebook səhifəmizdə