Kakao yaşlı insanlarda yaddaşı yaxşı vəziyyətdə saxlayır

Kakao yaşlı insanlarda yaddaşı yaxşı vəziyyətdə saxlayır

Kakaodan gündəlik istifadə 70 və yaşlı insanlarda yaddaşın yaxşı vəziyyətdə qalmasına kömək edə bilər. ABŞ və İtaliya alimləri apardıqları tədqiqatlar zamanı bu nəticəyə gəlmişlər.

Hər il 70 və ondan çox yaşı olan insanların 6 faizi zehni iş qabiliyyətinin pisləşməsindən əziyyət çəkir. Yaddaşın zəifləməsi isə kəmağıllığı və Alçqeymer xəstəliyini gücləndirə bilər.

Kakaonun tərkibindəki təbii fenol birləşmələri olan flavonollar qocalıqda yaddaşın zəifləməsinin inkişafı təhlükəsini azaldır. Bu birləşmələr çayda, üzümdə, qırmızı çaxırda və almada da vardır. Onlar neyronları zədədən qoruyaraq, metabolizmi və onların yaddaşa cavabdeh molekulyar quruluşla qarşılıqlı təsirini yaxşılaşdırmaqla beynin quruluşuna və funksiyalarına birbaşa təsir göstərir.

Alimlər tədqiqatlarında zehni xəstəliyin orta göstəricisindən əziyyət çəkən yaşlı 90 nəfərin xəstəlik tarixçəsinə nəzər yetirmişlər. Kakaodan istifadəyə görə bütün iştirakçılar 3 qrupa bölünmüşdür: gündə 990, 520 və 45 milliqram qəbul edənlər. Təcrübə 8 həftə davam etmişdir. İştirakçılara flavonolla zəngin digər məhsullar qəbul etmək qadağan edilmişdir.

Nəticədə mütəxəssislər aşkarlamışlar ki, kakaonu yüksək və orta həddə qəbul edənlər daha yaxşı göstəriciyə sahib olmuşlar. Onların yaddaşlarında yaxşılaşma müşahidə edilmişdir. Könüllülərdə qan təzyiqi aşağı düşmüş, insulin asılılığı isə azalmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə