“Gözəgörünməz” klaviatura hazırlanıb

“Gözəgörünməz” klaviatura hazırlanıb
İsrailin Snap Keys şirkəti portativ qurğular üçün "gözəgörünməz" klaviatura hazırlayıb. SİA-nın xəbərinə görə, yeni işləmə 4K adlandırılıb. Bu texnologiya özündə sensor ekranda yerləşdirilmiş bir neçə düyməni əks etdirir. Düymələrə basdıqda ekranda adi klaviaturada olduğu kimi simvollar təsvir olunacaq. 4K-nın fərqli xüsusiyyəti ondan ibarətdir ki, hərflərin daxil edilməsi üçün ekranın sağ və sol hissələrində yerləşdirilmiş dörd düymədən istifadə olunacaq. Mətnin daxil edilməsi zamanı dəqiqlik səviyyəsi yeni texnologiyada 92 faiz təmin olunacaq. Bu zaman sistem həmçinin T9 lüğətində olduğu kimi sözlərin intuitiv tanınması texnologiyası ilə də təchiz olunacaq. 4K-nın ingilisdilli versiyasında 100 mindən artıq söz mövcuddur.

Snap Keys artıq texnologiyanın yayılmasına dair Philips Electronics şirkəti ilə tərəfdaş müqaviləsi bağlayıb. Şirkətlər aparıcı mobil telefon istehsalçılarına modellərin 4K klaviaturası ilə təchiz olunmasına dair təkliflə müraciət ediblər. Tərtibatçılar ümid edirlər ki, onların yeni texnologiyaları bir neçə ay ərzində artıq bazarda təmsil olunacaq. 4K texnologiyasının işlənib hazırlanması 10 ilə başa gəlib. Bu zaman Snap Keys layihəyə 4 milyon ABŞ dolları məbləğində özəl investisiyalar cəlb edə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə