Bir çoxları şəhərdə gəzərkən qulaqlıq taxıb musiqi dinləməyi çox sevirlər. Bu, yolu qısaltmağa kömək edir, yaxud sadəcə olaraq, gəzinti zamanı yaxşı əhval-ruhiyyə yaradır. Lakin bu yaxınlaradək müasir insanın ən yaxın dostu hesab edilən pleyerin təhlükəli olduğunu çox az adam düşünürdü.
Baltimor Universitetinin tədqiqatçıları son yeddi ildə piyadaların zərər çəkdiyi bədbəxt hadisələr barədə xəbərləri və polisin məlumat bazalarını öyrəniblər. Piyadalarla bağlı 116 hadisədə günahkar məhz qulaqlıqlar olub. Zərərçəkənlər,əsasən 30 yaşınadək gənclər olmuşdur. Həlak olmuş və ya ağır zədə almış insanların 68 faizini gənclər təşkil edib. Onların hər on nəfərindən birinin təxminən 18 yaşı olub.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, qulaqlıqların sürücülər üçün təhlükəli olduğundan çox yazıblar və kifayət qədər sübut toplanıb. Amma gedə-gedə musiqi dinləyən piyadalar üçün onların nə qədər təhlükəli olduğunu deyənlər tək-tükdür. Bu günlərdə Injury Prevention onlayn-nəşrində dərc olunmuş yazıda deyilir: “Bu məsələ çox az öyrənilmişdir”. Müəlliflərin fikrincə, bu problem indi, pleyerlərin belə geniş yayıldığı bir vaxtda xüsusilə aktualdır. Tədqiqatın məlumatları da bunu təsdiq edir: zərərçəkənlərin sayı durmadan artır.
Bu gün pleyerlər xüsusilə geniş yayılmışdır. Onlar bir çox istehsalçılar tərəfindən külli miqdarda buraxılır, demək olar ki, hər bir mobil telefonun musiqi dinləmə funksiyası vardır. Adamların çoxu musiqinin müşayiəti ilə hərəkət etməyə adət etmişdir. İnsanlar qulaqlıqları taxaraq sanki ətraf aləmə göz yumur və ətrafda baş verənləri çətinliklə qavrayırlar. Amerika tədqiqatçıları bu fikirdədirlər: “Bədbəxt hadisələrin əsasını iki faktor təşkil edir: diqqətin yayınması və qavramanın pisləşməsi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB