İnsan güləndə 80-dək əzələ hərəkət edir

İnsan güləndə 80-dək əzələ hərəkət edir

Alimlərin son tədqiqatları göstərir ki, insan güləndə 80-dək əzələ hərəkət edir. Deməli, gülüş bir növ bədən üçün masaj vasitəsidir. Bu masajın üstünlüyü bundadır ki, insan, məsələn, qaçış zamanı olduğu kimi əldən düşmür, əksinə, onun əhval-ruhiyyəsi dərhal düzəlir. Əslində, tez-tez ürəkdən gülən adam orqanizmini məşq etdirir. Məlumdur ki, hər bir məşq faydalıdır, çünki infeksiya və xəstəliklərə davamlılığı artırır.

Gülən zaman xoşbəxtlik hormonu əmələ gəlir. Bu hormon insanın immun sistemini möhkəmləndirir və onun çətinliklərə və uğursuzluqlara daha səbirlə yanaşmasına kömək edir.

Bütün xəstəliklərimizin əsəbdən törəməsi artıq çoxdan təsdiq edilmiş bir faktdır. İstənilən böhran və qeyri-sabitlikdən sonra əhali arasında xəstəlik halları artır. Gülüşdən sonra isə insanın dünyagörüşü daha pozitiv olur.

Əsəbi və qaşqabaqlı adam xoşagəlməz hadisələri öz həyatına cəlb edir. Əlbəttə, problemlər, xəstəliklər, xoşagəlməz hadisələr içində itib-batanda şənlənmək çox çətindir, lakin mümkündür. Əhval-ruhiyyəni yaxşılığa doğru dəyişməyin bir neçə üsulu vardır. Psixoterapevtə müraciət etmək olar. O, öz gücünüzə güvənib çıxış yolu tapmaqda sizə kömək edər. Özünütəhlillə məşğul olmaq olar. Bunun üçün problemlərinizin kökünü və bundan qurtulmaq yollarını tapmalısınız.

Gülüş də əla üsuldur və sizi hər şeyin yaxşılığa doğru olduğuna inandırır, komplekslərdən qurtulmağınıza kömək edir. Bu yerdə özünə tənqidi münasibət, dostlarla birlikdə eyiblərinə gülmək bacarığı köməyə gəlir. Gülüş terapiyası tələbələrin dərmanıdır. İmtahan təlaşı keçirməyən tələbələr sınaqlardan daha yaxşı çıxırlar. Əlbəttə, hər şeyi hərfən qəbul etmək də düzgün olmaz, lakin başa düşmək lazımdır ki, ifrat təlaşlanmaq və ümidsizliyə qapılmaq xeyir gətirmir. Gülərüz adamla ünsiyyətdə olmaq, bədbinlə ünsiyyət qurmaqdan daha xoşdur. Gülüş yeni tanışlıqlara meydan açır, karyera yüksəlişinə kömək edir. Axı, rəis də mehriban, gülərüz, o cümlədən öz səhvlərinə gülməyi bacaran əməkdaşlarla işləməyi sevir. Valideynləri şən olan uşaq həyata asanlıqla uyğunlaşır.

Odur ki, hamıya təbəssüm bəxş edin, ürəkdən gülün. Onda səadət açarı özü gəlib sizi tapacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə