Diqqət: Pəhrizlər osteoporoz əmələ gətirir

Diqqət: Pəhrizlər osteoporoz əmələ gətirir

Böyük Britaniya həkimləri hesab edirlər ki, rasiondan bir çox məhsulların çıxarılmasını nəzərdə tutan ciddi pəhrizlər qadınlarda osteoporozun inkişafı riskini artırır. Süd və taxıl məhsullarından imtina edən cavan qadınların sümükləri yaşa dolduqca kövrəlir.

Qidalanma vərdişləri mövzusunda 4,5 min britaniyalı qadının iştirakı ilə keçirilən sorğunun nəticələri göstərmişdir ki, onların 30 faizindən çoxu yay mövsümündə arıqlamaq üçün tarazlı rasiondan imtina edir.

Arıqlayan qadınların üçdəiki hissəsi pendirdən, 11 faizi isə süd məhsullarından imtina etmişdir. Qadınların 40 faizi çörək yemir, halbuki Britaniya qanunlarına görə una kalsium qatılır. Rəyi soruşulanların dörddəüç hissəsi məhsul seçərkən onun kalori və yağlılığını öyrənir, digər bəsləyici maddələrə isə məhəl qoymur.

Alimlərin fikrincə, 35 yaşında qadınlarda sümüklərin kövrəlməsi ahıl yaşlarda osteoporoz riskini xeyli artırır. Üstəlik, osteoporoz mil-bilək, bud və onurğa sümüklərini zədələyir, il ərzində təkcə Britaniyada 230 min sınma faktı qeydə alınır.

Tədqiqatın nəticələri tanınmış aktrisa Qvinet Peltrounun osteoporozun ilkin mərhələsinə - osteopeniyaya tutulması barədə bəyanatından cəmi bir həftə sonra açıqlanmışdır. Sən demə, 37 yaşlı aktrisa tərkibindən süd məhsulları çıxarılmış ciddi vegetarian pəhrizinə əməl edirmiş.

Britaniya həkimləri hər gün müxtəlif qida mənbələrindən azı 700 milliqram kalsium almağı tövsiyə edirlər. Süd məhsulları ilə yanaşı, brokkoli kələmi, baş kələm, tofu pendiri, qoz-fındıq və balıq da kalsiumla zəngindir. Həm də çəki yığmaq baxımından təhlükəsiz sayılan yağsız süd məhsulları yağlılara nisbətən kalsiumla daha zəngindir.

Bütün xəbərlər Facebook səhifəmizdə