Finlandiya alimləri: Pendir immun sistemini qocalmağa qoymur

Finlandiya alimləri: Pendir immun sistemini qocalmağa qoymur

Turku Universitetinin (Finlandiya) alimləri müəyyənləşdiriblər ki, tərkibində bakteriya-probiotiklər olan pendir ahıllarda immun sisteminin qocalması prosesini zəiflədir.

İnsan yaşa dolduqca onun orqanizmi əvvəlki kimi xərçəng hüceyrələrinin öhdəsindən gələ, infeksiyalara qarşı davamlı ola, vaksinlərə reaksiya göstərə bilmir. Hazırda yaşlı əhalinin sayının artması və bu qəbildən olan insanlar arasında onkoloji, infeksion və xroniki iltihab xəstəliklərinin yayılması belə bir fikir yürütməyə imkan verir ki, immun sisteminin “qocalması” kütləvi problemə çevrilməkdədir. Turku Universitetinin təmsilçisi doktor Fandi İbrahim müəyyən etmişdir ki, tərkibində probiotik bakteriyalar olan pendir immun sistemində yaşla bağlı yaranmış dəyişikliklərin öhdəsindən gələməyə kömək edir.

Qida ilə orqanizmimizə daxil olan bakteriyaların hüceyrələri üçün “əsas giriş qapısı” mədə-bağırsaq sistemidir. Bura həm də 70 faizədək mühüm immunoqlobulin hüceyrələrinin məskənidir. Mütəxəssislər sübut etmişlər ki, pendir faydalı bakteriyaları orqanizmimizə daxil edən ideal məhsuldur. Pendirin bu xüsusiyyəti immun “qocalığına” qarşı mübarizə və ahıl yaşlarda sağlamlıq durumunu yaxşılaşdırmaq üçün əla vasitədir.

Bütün xəbərlər Facebook səhifəmizdə