Günəş şüasının orqanizmə xeyri və zərərləri

Günəş şüasının orqanizmə xeyri və zərərləri

Bütün canlıların həyatı üçün lazımlı olan günəş şüalarının insan sağlamlığına faydalı olmaqla yanaşı, zərərli təsirləri də var. Önəmli olan - insanın günəşdən düzgün yararlanması, səhhətinə diqqət yetirməsidir. Günəş döş və bağırsaq xərçənginə yaxalanma riskini azaldır

Günəşin isbat olunmuş bir sıra faydaları var ki, bunlar insan orqanizmi üçün çox önəmlidir. Belə ki, günəş işığı insanlarda depressiyanı aradan qaldırır. Eləcə də sümüklərin güclənməsinə xidmət edir. Günəş şüaları dəridəki qan damarlarını genişləndirərək hərarəti artırır, nəticədə tərləmə baş verir. Tərləmə bədənin toksinlərdən təmizlənməsində çox önəmlidir. Beynin hormonal funksiyasının normal fəaliyyətini təmin edir.

Gündə 10-15 dəqiqə günəş şüalarından yararlanmaq olar. Ən önəmli amillərdən biri odur ki, günəş döş və yoğun bağırsaq xərçənginə yaxalanma riskini azaldır. Günorta saatlarında günəş altında qısa bir müddət yeriməklə bu xəstəliyə yaxalanma riskini azaltmaq olar. Dəriyə birbaşa təmas edən günəş işığı dəridə D vitaminini artırır və bu da döş xərçənginin qarşısını alır. Qış aylarında günəşsizliklə bağlı orqanizmdə serotonin ifrazı azalır ki, bu zaman insanların çox yemək yeməsi artıq çəkiyə rəvac verir. Yayda isə əksinə, gündə yarım saat günəş qəbul etmək iştahanı nəzarətdə saxlamağa imkan verir.

Günəş şüalarının təsiri nəticəsində yaranan xəstəliklərdən olan rozase üz dərisində kiçik damarların çatlaması zamanı yaranır. Burun ətrafı, yanaqlarda, iltihablı və iltihabsız qırmızılıqla özünü göstərən rozase yay aylarında əsasən 40 yaşdan yuxarı qadın və kişilərdə müşahidə edilən bir dəri xəstəliyidir. Qadınlarda kişilərə nisbətən daha tez özünü göstərir. "Gülləmə" də adlandırılan bu xəstəlik zamanı bəzi xəstələrdə gözlərdə qızartı, yanma və miqrenə oxşar baş ağrıları ola bilər. Xəstə çox vaxt üzünün həddindən artıq yanaraq qıpqırmızı olmasından şikayətlənir. İsti duş qəbul etmək, günəş vannası xəstəliyi pisləşdirir. Belə xəstələr xüsusilə yay aylarında və günorta saatlarında günəşə çıxmamalıdırlar. Əgər buna məcburdurlarsa, xüsusi kremlərlə dərini günəşdən qorumalı, göz ətrafını qorumaq üçün də tünd rəngli və geniş şüşəli günəş eynəklərindən istifadə etməlidirlər.

Bəzi yeməklər də bədəni günəşdən qoruyur

Alimlərin fikrincə, kölgədə dayanmaq belə, insanı günəşin zərərlərindən tam olaraq qorumur. Ultrabənövşəyi şüalar hətta suda 2 metr dərinliyə qədər təsirli olur. Bu baxımdan suyun içərisində olduqda da günəş yanığı riski var. Buludlu havalarda ultrabənövşəyi şüaların 80 %-i yerə çataraq insanlara təsir edir.

İnsan bədənini günəşdən yalnız geyim, qoruyucu kremlər deyil, yeməklər də qoruyur. Belə ki, yeməklərin tərkibindəki antioksidant komponentlər qoruma funksiyasını yerinə yetirir. Bitkilər öz hüceyrələrini istilik, işıq, hava və nəm kimi xarici təsirlərdən qorumaq üçün toxumaların içərisinə antioksidant buraxırlar. Bu antioksidantları insanlar qəbul etdikdə onlar dəri hüceyrələri də daxil olmaqla, bədənin hüceyrələrinin qorunmasını təmin edirlər. Bu məhsullara əsasən rəngli bibərlər, balqabaq, pomidor, qarpız, yaşıl çay, kakao kimi məhsullar daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə