Bir sıra xəstəliklərin müalicəsində zəlinin yeri əvəzsizdir. SİA-nın Cənub bürosunun məlumatına görə, bir vaxtlar cənub zonasında bu xeyirli həşəratdan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunub. Təəssüf ki, indi bu sahə durğunluq dövrünü yaşayır. Nə əvvəlki qədər zəli var, nə də zəli tədarükü ilə bağlı mərkəzləşdirilmiş bir sistem. Lakin Masallı rayonunun Mollaoba kəndində yüzillərdir zəliçiliklə məşğul olan Məmmədovlar nəsli bu sənəti hələ də yaşatmağa çalışır. Elə cənub bölgəsində ilk zəli tədarükü məntəqəsini quranlardan biri də bu nəslin nümayəndəsi hazırda 92 yaşı olan Əlihüseyn Məmmədov olub. Onun dediyinə görə, sovetlər dönəmində zəliyetişdirmə kombinatı da olub. Lakin SSRİ dağıldıqdan sonra bu kombinat, eləcə də zəlinin hektarlarla ərazidə — iri göllərdə kütləvi çoxaldılması da dayanıb. Vaxtilə Sovet dövlətinin rəhbər işçiləri üçün zəli göndərən, il ərzində ayrı-ayrı dövlətlərə yüzminlərlə zəli ixrac edən ölkədə indi bu sahə yaddan çıxıb. Bu da həm zəli çoxaldılmasının tamamilə zəifləməsinə, həm də bu sahəyə tibbi cəhətdən vahid nəzarətin olmamasına gətirib çıxarıb. Təbii ki, burada ekoloji amillər də öz mənfi təsirini göstərib. Xüsusən də, vaxtilə Lənkəranda, Astarada mövcud bataqlıqlar, sucaq yerlər qurudulduğu üçün zəlilərin kəskin surətdə azalmasına gətirib çıxarıb.
.png)
Zəlinin faydalarına gəldikdə isə, zəli artıran Əlihüseyn Məmmədov deyir ki, yaşı 40-ı ötmüş insanlar üçün zəlidən istifadə xüsusilə vacib sayılır.Ürək-damar xəstəlikləri, varikoz genişlənmə, böyrək xəstəliklərində zəlidən istifadə məsləhət görülür. İlk növbədə hirudoterapiya (zəli ilə müalicə) yalnız həkim tərəfindən təyin olunmalıdır. Məsələ burasındadır ki, bəzi xəstəliklər zamanı zəli ilə müalicə əks göstəriş sayılır. İlk növbədə söhbət bəzi qan (hemofiliya, ağır anemiyalar və s.) xəstəliklərindən və həmçinin allergik və onkoloji xəstəliklərindən gedir. Hipotoniyadan (qan təzyigin daim normadan aşağı olması) əziyyət çəkən insanlar üçün da bu müalicə üsulu uyğun gəlmir.
Zəlidən istifadə edin, sağlam olun!
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB