Xarici ölkədə sənədlərini itirən azərbaycanlı nə etməlidir?

Xarici ölkədə sənədlərini itirən azərbaycanlı nə etməlidir?

Başqa ölkəyə gedən azərbaycanlı turistlərin qarşılqşdığı problemlərdən biri də, həmin ölkədə xarici pasportun itməsi və yaxud zədələnməsidir. Heç kəs bu hallarından sığortalanmayıb.

Bəs, bu problemlə qarşılaşan şəxs nə etməlidir? Həmin şəxsin şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadıqda, o, vətənə necə qayıda bilər?

"Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış, zədələnmiş və ya müddəti başa çatmış şəxsin vətənə qayıtması müvafiq şəhadətnamə əsasında həyata keçirilir".

Bunu açıqlamasında Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin şəhadətnaməni Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluq verir: "Diplomatik nümayəndəliyə müraciət edərkən müvafiq formada ərizə-anket doldurulur və ona qeyd edilənlər sənədlər və məlumatlar əlavə edilir :

- əgər passport yararsız hala düşübsə - pasportun özünü;

- 2 ədəd rəngli fotoşəkil (3x4);

- üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;

- Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

Əlavə sənədlərin tələb edilməsi qanunla qadağan edilir".

Bəs şəxsin üzərində onun şəxsiyyətini təsdiq edən sənəd olmadıqda məsələ necə həll edilir?

"Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir: "Azərbaycanın aidiyyatı orqanı sorğu verilən şəxs barədə məlumatları aydınlaşdırıb, ən geci 3 iş günü ərzində məlumat verir. Nəzərə almaq lazımdır ki, həmin ərizə-anket təqdim edildikdən sonra, 3 gün ərzində vətənə qayıtmağa əsas verən şəhadətnamə təqdim edilir. Bu şəhadətnamə əsasında vətənə qayıtmı şəxs, onu 20 gün ərzində onu müvafiq dövlət qurumuna təhvil verməlidir" – deyə vəkil qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə